Məhkəmə qərarları › İş №2-1(114)-1968/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1968/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1968/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh)), cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş ünvan 1 ünvanda yerləşən mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin tam mülkiyyət hüququ anası X3 məxsus olmuşdur. Anası özünə məxsus mənzili nəvəsi X4 bağışlmışdır. Nəvəsi ona qulluq etmədiyindən anası məcbur qalıb bağışlama müqaviləsinin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İş məhkəmədə baxılan zaman anası vəfat etmişdir. O və bacısı Könül Abbasova analarının hüquqi varisi kimi cəlb edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2044/2021 saylı qətnaməsi ilə anasının iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-552/2022 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2044/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3539/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-552/2022 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra o, cavabdeh orqana müraciət edərək üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş ünvan 1 ünvanda yerləşən mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 20 iyun 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(043)-2044/2021 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh X4 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. - işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 552/2022 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2044/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3539/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-552/2022 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi ev 146, mənzil 32 üzərində X2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 50 saylı məktubundan müəyyən olunur ki, Gəncə şəhər 5 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 4Ə-595 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilmiş və bu barədə arxiv sənədlərində qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-00xx-xx/2023 nömrəli məktubunda əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən çıxarışın ləğv olunması ilə bağlı yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(043)-2044/2021 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh X4 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-552/2022 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2044/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3539/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 552/2022 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi ev 146, mənzil 32 üzərində X2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 50 saylı məktubundan müəyyən olunur ki, Gəncə şəhər 5 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 4Ə-595 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilmiş və bu barədə arxiv sənədlərində qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi ev 146, mənzil 32 üzərində X2 Qeydin aparılması üçün əsas xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi olmuş,qeyd edilən müqavilə məhkəmə qərarı ilə ləğv edilmiş və halhazırda məhkəmənin qərarı icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi ev 146, mənzil 32 üzərində X2 adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi ev 146, mənzil 32 üzərində X2 adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar