Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1969/2021 01.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 14.07.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun əvvəlki “İsmayılov” soyadına və “İlqar” adına qayıtması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(114)-1173/2021 nömrəli 05.08.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, soyadı “İsmayılov”, adı “İlqar” və ata adı “Səlim” olmuşdur. İddiaçı 2017-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək soyadının “Kərimov” və adının “Ruslan” yazılmasını xahiş etmiş, xahişi təmin edilərək doğum akt qeydində soyadı “Kərimov” və adı “Ruslan” yazılaraq ona 31.01.2017-ci il tarixdə AZ-İ 018164 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında 01.02.2017-ci il tarixli, AZ-İİİ 899043 nömrəli doğum haqqında şəhadətnamə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Lakin hazırda problemlərlə üzləşmiş, ailə və peşə həyatında, həyat tərzində ciddi maneələr yaranmışdır. Hazırda əvvəlki ad və soyadına qayıtmaq arzusundadır. Odur ki, ad və soyadının müvafiq olaraq dəyişdirilməsi üçün Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı qardaşıdır, babası “Kərim”in adını özünə soyad götürmüşdür, “Ruslan” adından isə xoşu gəldiyi üçün adını dəyişmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 31.01.2017-ci il tarixdə AZ-İ 018164 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamədən görünür ki, X1 və adını İddiaçı olaraq dəyişdirmiş və bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin yanvar ayının 31-ci günündə 13 nömrə ilə qeyd edilmişdir. -Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 01.07.2021-ci il tarixli, 05Q/76-612/40 nömrəli məktubundan görünür ki, iddiaçının adına və soyadına növbəti dəfə dəyişiklik edilməsinin mümkün olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -surəti işə əlavə edilmiş 01.02.2017-ci il tarixli, AZ-İİİ 899043 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1663-cü ilin aprel ayının 19-cu günündə 69 nömrə ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə “İlqar” adını hazırki “Ruslan” adına dəyişdirmiş və yenidən “Ruslan” adının “İlqar” adına, “Kərimov” soyadının isə “İsmayılov” soyadına keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə əsasən bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladları ərizəsi təlb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan Qaydalardan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən ad və soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1969/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1969/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver