Məhkəmə qərarları › İş №2-1(114)-1971/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1971/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1971/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 09.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu Kəngərli Bələdiyyəsinin 13.10.2009-cu il tarixli 10 saylı qərarı ilə verilmiş, qanuni istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 111 kv.m olan birmərtəbəli, kürsülü fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Kəngərli Bələdiyyəsi 13.10.2009cu il tarixli 10 saylı qərarı əsasında iddiaçının adına 0,12 ha torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 111 kv.m olan birmərtəbəli, kürsülü fərdi yaşayış evi tikmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ilkin torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən tələbin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Tərtər rayonu Kəngərli bələdiyyəsinin 13.10.2009-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Kəngərli bələdiyyəsinin kəndin perespektiv inkişaf fondunda olan sahədən 0,12 ha torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı həyətyanı məqsədi üçün DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər və müvafiq qrumların rəyi nəzərə alınmaqla satılması qərar alınmışdır. - DT və XK-nin Tərtər rayon şöbəsinin rəyindən görünür ki, ərazi Kəngərli bələdiyyəsinin mülkiyyətində olan kəndin perespektiv inkişaf fondunda olan torpaq sahəsinə aiddir. Müsabiqə və hərraca çıxarılmadan satılması 0,12 ha torpaq sahəsinin banitet balı 100 olmaqla birinci keyfiyyət qrupuna aid yaşayış məntəqəsi torpağıdır. Göstərilən məqsəd üçün hərrac və müsabiqəyə çıxarılmadan satıla bilər. 0,12 ha torpaq sahəsinin normativ qiyməti 260 manatdır. 0,12 ha torpaq sahəsinin torpaq hərracı və müsabiqəsinə çıxarılmadan satılmasına etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılmasını məqsədəmüvafiq hesab edilir. - Torpaqların alqı-satqısına dair 10.12.2009-cu il tarixli 49 nömrəli Aktdan görünür ki, İddiaçı 0,12 ha torpaq sahəsi satılmış, alıcı tərəfindən 260 manat haqq ödənilmişdir. - Tərtər rayon İcra Hakimiyyətinin 28.08.2011-ci il tarixli 52 saylı qərarından görünür ki, Tərtər rayonu Kəngərli kənd sakini İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsində torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə rayon icra hakimiyyətinə təqdim olunan eskiz layihəsinə uyğun ümumi tikinti sahəsi 110,00 kv.m olan birmərtəbəli, kürsülü fərdi yaşayış evinin və digər yardımçı binaların tikintisinin aparılmasına icazə verilməsi və yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi qərar alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Tərtər rayonu Kəngərli bələdiyyəsinin 13.10.2009-cü il tarixli 10 saylı iclas protokolu ilə 0,12 ha torpaq sahəsinin İddiaçı satılması qərar alınmışdır. Tərtər rayon İcra Hakimiyyəti tərəfindən 28.08.2011-ci il tarixli 52 saylı qərarla ümumi tikinti sahəsi 110,00 kv.m olan birmərtəbəli, kürsülü fərdi yaşayış evinin və digər yardımçı binaların tikintisinin aparılmasına icazə verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş üzrə iddiaçı tikilməsini iddia etdiyi fərdi yaşayış evinin texniki göstəricilərini, plancizgisi, mövcud ölçülərin həcmi barədə sübut təqdim etməmişdir. Odur ki, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə vahid əmlak şəklində çıxarışın verilməsini tələb etsə də, yuxarıda qeyd olunan məlumatları təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən iddia əsaslı sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar