Məhkəmə qərarları › İş №2-1(114)-1973/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1973/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1973/2023 18.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinə qarşı qeydiyyatın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ona doğum haqında şəhadətnamənin verilməsi barədə Cavabdehnə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixli 05/15-617/76 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, onun barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Cavabdeh arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə təsdiq edilmiş doğum haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımıdır. Qeyd edilən sənədlər təqdim edilməyi üçün Cavabdeh tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydasının 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

2. İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər (Vardanes) rayonunun Çaxırlı kəndində doğulmuş, hal-hazırda Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatda olmaqla yaşayır. Doğum haqqında şəhadətnaməsi nəməlum şəraitdə itdiyindən Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Ona doğum haqqında şəhadətnaməsnin verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etmiş, lakin imtina cavabı verilmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

6. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, onun doğum haqqında şəhadətnaməsi itdiyindən ona yenidən həmin şəhadətnamə verilməlidir. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi.

8. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, onun Cavabdehnə müraciəti ona təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı olmuşdur.

9. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. İş materialları ilə, o cümlədən iddiaçınn izahatı ilə müəyyən olunur ki, İddiaçı doğum haqında şəhadətnaməsini itirdiyinə görə ona təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin onun doğum haqqında akt qeydi aşkar olunmadığına görə müraciəti təmin edilməmişdir.

13. Məhkəmə tərəfindən iddiaçının doğum haqqında akt qeydinin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verilmiş və Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu haqqında akt qeydinə dair məlumatın aşkar edilmədiyi bildirilmişdir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bənd 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bənd 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

16. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydalarına görə, doğum haqqında akt qeydi itirilmişsə, həmin qeydin bərpası qeydin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda isə doğum qeydə alınma faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əsasında bərpa edilir.

17. Yuxarıda adıçəkilən Əsas Müddəalara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2022-ci il tarixli 269 nömrəli qərarı ilə yeni məzmunda əlavə edilmiş 16- 1-ci bəndində isə xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda həmin akt qeydini qeydiyyat şöbəsinin bərpa edərək, müvafiq şəhadətnamə verməsi təsbit edilmişdir.

18. Hazırkı işdə iddiaçı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olduğuna görə onun barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadığı halda, həmin akt qeydini qeydiyyat şöbəsi bərpa edərək, müvafiq şəhadətnamə verməlidir.

19. Lakin hazırkı halda iddiaçı cavabdeh orqana müraciəti doğum akt qeydinin bərpası ilə bağlı olmamış, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.

20. İddiaçının hazırkı iddiası öhdəliyin icrası növündə olmaqla, həmin növ iddia baxımdan, həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

22. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar