Məhkəmə qərarları › İş №2-1(114)-1974/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1974/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1974/2021 02.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon İcra Hakimiyyətinə qarşı Samux rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2019-cu il tarixli 107 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Samux rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2019-cu il tarixli 107 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 2019-cu il tarixli, 107 saylı sərəncamı ilə Samux rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2011-ci il tarixli 273 saylı Sərəncamında dəyişiklik edilərək Samux rayonu «Boz dağ» massivinin qış otlaq sahəsindən ona icarəyə verilmiş 400 hektar qış otlaq sahəsinin 340 hektarı güya o, könüllü imtina etdiyi üçün geri alınmış və 120 baş tutumu olan 60 hektar torpaq sahəsi yenidən 15 il müddətinə icarəsində saxlanılmış və 26 avqust 2011-ci il tarixli, 273 saylı Sərəncamın qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Samux rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 2019-cu il tarixli, 107 saylı sərəncamını yaxın vaxtlarda almış, Sərəncamla tanış olarkən onun istifadəsinə verilmiş torpaq sahəsini onu aldadaraq əlindən almaq istədikləri ona məlum olmuşdur. Sərəncamda güya onun könüllü olaraq torpaq sahəsindən imtina etdiyi göstərilsədə həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Torpaq sahəsində böyük taxılçılıq birliyi tarlaları yaradılacağı deyilsədə əslində belə bir şey yoxdur və torpaq sahəsinin təyinatıda dəyişdirilməmişdir. Şifahi məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı özü könüllü olaraq ərizə verərək həmin torpaq sahəsindən imtina etmiş, öz razılığı ilə imtina etdiyi torpaq sahəsi dövlət tərəfindən taxılçılıq məqsədi ilə ayrılmış 2000 ha torpaq sahəsinə əlavə edilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabineti həmin torpaq sahələri ilə bağlı qərar qəbul edənədək həmin torpaq sahələri vətəndaşların öz istifadələrində saxlanılmışdır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Samux rayon İcra Hakimiyyəti başçısının 20.12.2019-cu il tarixli 107 nömrəli sərəncamı və eyni tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 10.12.2019-cu il tarixli ərizə, 18.11.2013-cü il tarixli qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə və cavabdehin 04.10.2021-ci il tarixli 1187 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.5-ci maddəsinin ikinci yarımcümləsinə (inzibati aktın etibarsız sayılmasına dair iddialar) görə müəyyən etmə və ya tanınma haqqında iddiadır. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddia İPM-nin 36-cı maddəsində öz əksini tapmışdır. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.1-ci maddə). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsinə kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (İPM-nin 36.3-cü maddəsi). İddia tələbi cavabdehin qərarının etibarsızlığının tanınması barədə olan iddiadır və qanunun qeyd edilən müddəalarına əsasən iddianın mümkün sayılmaması üçün əsaslar yoxdur. İddia tələbinin hüquqi əsasını təşkil edən “İnzibati icraat haqqında” Qanunun 65-ci müddəsində inzibati aktın etibarsız sayılmasının əsasları konkret olaraq müəyyən edilmişdir. Etibarsız sayılmalı olan aktlara aid edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Baxılan iş üzrə bu cür əsaslar müəyyən olunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti başçısının 20.12.2019-cu il tarixli 107 saylı sərəncamından görünür ki, Samux rayonu «Boz dağ» massivinin qış otlaq sahələrindən Gədəbəy rayonu Əmiraslanlı kənd sakini İddiaçı icarəyə verilmiş 400 ha qış otlaq sahəsinin 340 hektarından könüllü imtina etdiyi üçün geri alınması və 120 baş tutumu olan 60 hektar sahəsinin yenidən 15 il müddətinə icarəsində saxlanılması barədə qərar qəbul edilmişdir. 20.12.2019-cu il tarixli 10 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Samux rayon İcra Hakimiyyətinin başçısı X4 ilə İddiaçı arasında 15 il müddətinə qoyunçuluqla məşğul olmaq üçün hər il 65 manat icarə haqqı ödəməklə 60 hektar qış otlaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair 18.11.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı (İcarəyə verən) ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən illik 1200 manat ödənilməklə Samux rayonu, Fizulik, Bozdağ massivindən 80 kv.m toraq sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş 10.12.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə ərizə ilə müraciət edərək, Samux rayonu «Boz dağ» massivində yerləşən qış otlaq sahəsindən onun icarəsinə verilmiş 400 ha toraq sahəsinin müəyyən hissəsinin, yəni yeni yaradılmış iri taxılçılıq sahəsinə düşdüyünü nəzərə alaraq həmin torpaq sahəsinin onun icarəsindən geri alınmasına və yerdə qalan hissəsinin yenidən onun istifadəsinə verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-X2 və Proqnozlaşdırılması şöbəsinin 04.10.2021-ci il tarixli 1187 nömrəli məktubundan görünür ki, Samux rayon İcra Hakimiyyəti ilə Gədəbəy rayonu Əmiraslanlı kənd sakini İddiaçı arasında 26.08.2011-ci il tarixli 19 nömrəli müqavilə imzalanaraq ona 400 ha qış otlaq sahəsi icarəyə verilmiş, 2019-cu ildə isə İddiaçı özü ərizə ilə müraciət edərək icarəsində olan torpaq sahəsinin bir qisminin ehtiyacı olmadığı üçün geri alınaraq onunla yeni icarə müqaviləsi bağlanılmasını xahiş etmiş, bunun əsasında vətəndaş ilə yeni müqavilə bağlanaraq 60 ha toraq sahəsi onun istifadəsində saxlanılmışdır. İddiaçı Samux rayon İcra Hakimiyyətinin razılığı olmadan "xxxx" MMC ilə ona icarəyə verilmiş ərazidə Bakcell şirkətinə məxsus ötürücü stansiya inşa olunması ilə bağlı müqavilə bağlayaraq icarə müqaviləsi şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 712-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən istifadəyə versin. İddiaçı icarə müqaviləsi şərtlərini pozmuş, "xxxx" MMC ilə müqavilə bağlamış və dövlət büdcəsinə ödənilməli olan icarə haqqını mənimsəmiş, bunun nəticəsində dövlət büdcəsi gəlirlərdən məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən mübahisələndirilən Samux rayon İcra Hakimiyyəti başçısının 20.12.2019-cu il tarixli 107 nömrəli sərəncamının qüvvədə olan qanunvericiliyə əsasən etibarsız sayılması üçün heç bir hüquqi və qanuni əsas yoxdur. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Samux Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız sayılmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Samux rayon İcra Hakimiyyətinə qarşı Samux rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2019-cu il tarixli 107 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar