Məhkəmə qərarları › İş №2-1(114)-1977/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1977/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1977/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad Qənnadı fabrikində, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X3 zavodunda işləmişdir. xx.xx.1988-ci il tarixdən iş yeri eksperimental sex olmuşdur. Zavod tamamilə bağlanana kimi həmin sexdə işləmişdir. Bu o deməkdir ki, onun əmək stajı 28 il 8 ay 25 gün təşkil edir. Çini Qablar zavodu 1995-ci ildən sonra eksperimental sex istisna olmaqla istehsalın bütün sahələrini dayandırmışdır. Ona əmək pensiyası düşdüyü halda cavabdeh şöbə ona pensiya təyin etməkdən imtina etmiş, imtinanın hüquqi əsası kimi onu göstərmişdir ki, guya 1995-ci ildən sonra sosial fonda ödəniş olmamışdır. Çini Qablar zavodunun minimum xx.xx.2003-cü il tarixə kimi işləməsi, onun isə eksperimental sexdə xx.xx.1988-ci il tarixdən işləməsi ən azı dövlətin ona verdiyi əmək kitabçası ilə təsdiq olunur. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əvvəldə hazırkı tələblə məhkəməyə müraciət etdiyini, lakin iddia tələbinin mümkünsüz sayıldığını, həmin qərardaddan səhhəti ilə əlaqədar olaraq vaxtında şikayət verə bilmədiyini və eyni tələblə yenidən müraciət etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək “Qənnadı” fabrikində qablaşdırıcı və xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X5 zavodunda işlədiyi müddətlər tərəflərindən qəbul edilir. Bundan sonrakı dövr xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan illər sosial sığorta stajına daxil edilə bilməz. Belə ki, X5 zavodu 1995-ci il tarixdən fəaliyyəti dayandırıb əmək haqları isə ödənilməyib. Vətəndaşın təqdim etdiyi əmək haqlarından görünür ki, sonuncu əmək haqları vətəndaşa 1995-ci ildən sonra ödənilməyib. Həmçinin, eyni iddiaya dair müraciətə xx.xx.2019-cu il tarixdə hakim Kənan Vəliyevin sədrliyi ilə baxılmış və 2-1(83)-1152/2019 nömrəli qərardadla mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(083)-1152/2019 nömrəli qərardadından məlum olur ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad Qənnadı fabrikində, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X3 zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə iddia tələbi mümkün sayılmamış və qeyd olunan qərardad qanuni qüvvəsini almışdır. Adıçəkilən qərardadla müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 1974-2003-cü illərin onun sosial sığorta stajına daxil edilməsini tələb edir. İş materiallarından İddiaçı2 işlədiyini iddia etdiyi X5 zavodunun 1995-ci ildən fəaliyyət göstərmədiyi və yeni zamanda işçilərə əmək haqqı verilmədiyi müəyyən olunmuşdur. İddiaçının xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək «Qənnadı fabrikində, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X3 zavodunda işlədiyi illər cavabdeh orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınsa da, qanunla pensiya hüququnun realizə üçün lazım olacaq minimum sosial sığorta stajı olan 25 il müddət tamamlanmır. Ona görə də hazırkı iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Belə ki, yuxarıda qeyd edilən məhkəmə qərardadından və hazırkı təqdim edilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı qərardadla hüquqi qiymət verilən «xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad Qənnadı fabrikində, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X3 zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi» tələb üzrə hüquqi və faktiki halları dəyişmədən yenidən məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar