Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1977/2021 18.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 01.11.1990-cı il tarixdən 03.05.1994-cü il tarixədək «Aynur» Kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və bu barədə məlumatın Türkiyə Cumhuriyyəti Sosial Güvənlik Kurucu Başkanlığı X3 X1 və Emeklilik Daire Başkanlığına verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.1990-cı il tarixdən 03.05.1994-cü il tarixədək «Aynur» Kooperativində işlədiyi illərin ona əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini, 01.11.1990-cı il tarixdən 03.05.1994-cü il tarixədək “Aynur” Kooperativində işlədiyi illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və bu barədə məlumatın Türkiyə Cumhuriyyəti Sosial Güvənlik Kurucu Başkanlığı X3 X1 və Emeklilik Daire Başkanlığına verilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 26.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.11.1990-cı il tarixdən 03.05.1994-cü il tarixədək ünvan 1 ünvanında yerləşən «Aynur» Kooperativində ayaqqabı tikən işləmiş, hazırda Türkiyə Respublikasının vətəndaşıdır və orada yaşayır. Orada pensiya almaq üçün Sosial Güvənlik Kurumu Başkanlığına müraciət etmiş, Azərbaycan Respublikasında işlədiyi illəri təsdiq edən arxiv arayışı olmadığına görə imtina edilərək, Türkiyə Respublikasından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasında işlədiyi müəssisələrin sənədləri dövlət arxivinə təqdim olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı iş stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət X6, Gəncə şəhər Statistika İdarəsinə, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Fondun 18 saylı regional ərazi filialına müvafiq sorğular göndərilmiş, Azərbaycan Respublikası Dövlət X4 19 oktyabr 2021-ci il tarixli 1147(333)/3 nömrəli cavab məktubunda iddiaçının işlədiyini iddia etdiyi «Aynur» kooperativinin sənədlərinin Dövlət X6 təhvil verilmədiyi, Gəncə səhər Statistika İdarəsinin 15 oktyabr 2021-ci il tarixli 257 nömrəli cavab məktubuna əsasən «Aynur» kooperativi Gəncə səhəri üzrə statistik vahidlərin Dövlət reyestrində mövcud olmadığı, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 oktyabr 2021-ci il tarixli **********918000 nömrəli cavab məktubunda elektron-uçot məlumat bazasına əsasən «Aynur» kooperativinin həmin İdarədə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə hər hansı bir məlumat aşkar edilmədiyi və Fondun 18 saylı regional ərazi filialının 29 sentyabr 2021-ci il tarixli **********6 nömrəli xidməti məktubunda isə «Aynur» kooperativinin DSMF Kəpəz rayon şöbəsində Qeydiyyata durmadığı üçün həmin kooperativ haqqında məlumat verməyin mümkünsüzlüyü qeyd edilmişdir. İddiaçının həqiqətən «Aynur» kooperativində işləməsi və ümumilikdə «Aynur» kooperativinin özünün mövcud olması ilə bağlı məlumat əldə edilə bilmədiyi üçün İddiaçı iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini «Aynur» kooperativi üzvlərinin 06.11.1990-cı il tarixli 16 və 04.12.1992-ci il tarixli 24 nömrəli iclas protokolları, «Aynur» kooperativində 1991-1994-cü illər ərzində ayaqqabı tikən işləyən Musayev İsfəndinin aylıq maaş cədvəli, 06.11.1990-cı il tarixli НТ-N=0357838 nömrəli əmək kitabçası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 21.11.2018-ci il tarixli **********5 nömrəli məktubu və ona əlavə edilmiş akt, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.10.2021-ci il tarixli **********896500 nömrəli məktubu, Gəncə səhər Statistik İdarəsinin 15.10.2021-ci il tarixli 258 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət X4 19 oktyabr 2021-ci il tarixli 1147(333)/3 nömrəli məktubu, cavabdehin iddiaçıya ünvanlandığı 15.07.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu və cavabdehin 11.11.2021-ci il tarixli **********9 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İddiaçı sosial sığorta stajı ilə bağlı 01.11.1990-cı ildən 03.02.1994-cü ilədək əmək fəaliyyəti ilə bağlı 06.11.1990-cı il tarixli НТ-N=0357838 nömrəli əmək kitabçası təqdim etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 01.01.2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26.09.2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alnır. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nm 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X9) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, hər bir zaman sübut kimi qəbul edilə bilməz. Çünki orada olan məlumatların həqiqiliyi tam təsdiq edilməlidir. Hazırki vəziyyətdə məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasında olan müəyyən qeydləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 19.10.2021-ci il tarixli, 1147(333)3 nömrəli məktubundan görünür ki, «Aynur» kooperativinin sənədləri Dövlət X6 təhvil verilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsində göstərilmişdir ki, sığortaolunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.10.2021-ci il tarixli **********896500 nömrəli məktubundan görünür ki, elektron-poçt məlumat bazasına əsasən «Aynur» kooperativinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan əlavə Gəncə şəhər Statistik İdarəsinin 15.10.2021-ci il tarixli 258 nömrəli məktubu ilə müəyyən olunur ki, «Aynur» kooperativi Gəncə şəhər üzrə statistika vahidlərin Dövlət reyestrində mövcud deyildir. Göründüyü kimi «Aynur» Kooperativi 1990-1994-cü illərdə dövlət qeydiyyatına alınmamış və həmin kooperativ qeyd edilən illərdə sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır. Yəni, həmin İdarənin qeyd edilən illərdə fəaliyyət göstərməsi sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Ona görə də məhkəmə əmək kitabçasında olan qeyd olunan müəssisədə iddiaçının işləməsinə dair məlumatların düzgünlüyünə şübhə ilə yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübutlar sübut kimi qəbul edilməlidir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onu məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında qeyd edilən iş illəri arxiv və digər sənədlərlə öz təsdiqin tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarmm öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 01.11.1990-cı il tarixdən 03.05.1994-cü il tarixədək «Aynur» Kooperativində işlədiyi illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və bu barədə məlumatın Türkiyə Cumhuriyyəti Sosial Güvənlik Kurucu Başkanlığı X3 X1 və Emeklilik Daire Başkanlığına verilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1977/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1977/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver