Məhkəmə qərarları › İş №2-1(114)-1978/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1978/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1978/2020 24.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Gəncə şəhəri Nizami rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Gəncə şəhəri Nizami rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1999-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborantı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işləmişdir. O, yaşa görə əmək pensiyasına çıxması ilə bağlı zəruri sənədləri, eyni zamanda işlədiyi illəri özündə əks etdirən Sumqayıt «Alüminium» İstehsalat sahəsinin xx.xx.2019-cu il tarixli 01-244 nömrəli və «xxxx» ASC-nin xx.xx.2020ci il tarixli 03 nömrəli arayışlarını təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin illərin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının xx.xx.1990-xx.xx.1999-cu illərə aid iş dövründən (9 il 1 ay 10 gün) 23 ay əmək haqqı ödənilməyən dövrü (1 il 11 ay) əmək pensiyasının təyin edilməsi üçün sığorta stajına daxil edilməsi imkan xaricindədir. xx.xx.2006-cı ilədək ümumi sığorta stajı 23 il 2 ay təşik edir və qüvvədə olan qanunvericiliyə əsasən onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə, onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan minimum stajı ödəmir. İş materiallarında olan xxxx ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər Gəncə «Gil- Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işləmiş, işçinin şəxsi ərizəsinə əsasən xx.xx.1995-ci ildən – xx.xx.1995-ci ilə qədər, xx.xx.1996-cı ildən – xx.xx.1996-cı ilə qədər, xx.xx.1997-ci ildən – xx.xx.1997-ci ilə qədər, xx.xx.1998-ci ildən – xx.xx.1999-cu illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Məzuniyyətlər haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddəti əmək stajına daxil edilmir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə (62 yaş) pensiya yaşına çatmışdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya təyin olunması üçün azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının sentyabr 1973-cü ildən xx.xx.1976-cı ilədək olan orta texniki peşə məktəbində kimyəvi analiz üzrə laborant peşəsində əyani təhsil aldığı illərin və əmək kitabçasında qeyd edilmiş, qarşılıqlı yoxlaması mümkün olan işlədiyi müddəti cəmi 23 il 02 ay təşkil edir, bu isə 25 ildən azdır. Deməli, tələb olunan müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Gəncə şəhəri Nizami rayon filialına qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X1 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar