Məhkəmə qərarları › İş №2-1(114)-1978/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1978/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1978/2023 12.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: X1 (bundan sonra mətndə - iddiaçı) X2 ilə nikahları haqqında xx.xx.1991-ci il tarixdə 17 nömrə ilə akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. X2 xx.xx.1992-ci il tarixdə Aranzəmin uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş, bu barədə Ağdam rayonu, Çəmənli ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 12 nömrə ilə qeyd aparılmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarının tətbiqinə dair ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, R15757 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azerbaycan Əmək və Əhalinin Sosial Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi tərəfindən bildirilən rəy və təkliflərə əsasən, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə uyğun olaraq Qanunlar, Fərmanlar və Azərbaycan Respudikasının Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tətbiqinə dair bildirilir ki, həmin maddənin Vİl hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi təsbit olunur. Qeyd olunanları nəzərə alaraq bildiriilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 374 №-li Qərarının tətbiqinə dair mübahisəli məsələlər ilə bağlı müvafiq qaydada məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab olunur. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxış iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli, 39-VQD nömrəli Qanunu ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nə dəyişiklik edilərək 16 saylı "Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. Bu dəyişikliyə qədər isə həmin maliyyə yardımının göstərilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır. "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uуğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən edib və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. "Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydası və məbləği" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarın 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Həmin Qərarın 5-ci hissəsinə əsasən, müəyyən edilmişdir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli, 374 nömrəli qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçulara (təqribi 13000 (on üç minə) yaxın şəxsə) şamil edilib-edilməməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Xidmət tərəfindən göndərilən məktuba baxıb münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 12 may 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə gəldikdə isə bildirmişdilər ki, həmin maddənin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətini deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 13 may 2022-ci il tarixli məktubla və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 may 2022-ci il tarixli məktubla bildirmişdilər ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Hər üç nazirlik yuxarıda adıçəkilən maliyyə yardımının ödənilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin, 3000 manat maliyyə yardımı sırf yas mərasimlərinin təşkili üçün nəzərdə tutulduğunu, 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçuların dövlət səviyyəsində dəfn mərasimlərin keçirildiyini, habelə yuxarıda adıçəkilən qərarın 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə mindiyini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2022-ci il tarixli, R15757 nömrəli imtinası, İV-ЖГ seriyalı 403741 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2018-ci il tarixli, 453- 05\69 nömrəli akt qeydindən çıxarışın surəti, cavabdehin xx.xx.2023-cü il tarixli etirazı əlavə edilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş və 01 yanvar 1995-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin: 333.Hərbi qulluqçuların dəfn mərasimi üçün təyin edilmiş qoşunlar fəxri mühafizə dəstəsi adlanır. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular adətən onların axırıncı xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı əsgəri (mülki) vəzifələrini yerinə yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən vəfat etmiş hərbi qulluqçuların cənazəsi başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə müstəsna hallarda müdafiə nazirinin qərarı ilə dövlət hesabına aparılır.

334. Fəxri mühafizə dəstəsi həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgərlərin, çavuşların, gizirlərin (miçmanların) və ehtiyatda olan zabitlərin, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni üçün təyin edilir. 18 dekabr 2015-ci il tarixdə yuxarıda qeyd olunan normalara dəyişiklər edilərək aşağıdakı redaksiyası qüvvəyə minmişdir:

333. Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir:

334. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə 16 nömrəli Əlavənin 1.6. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. 1.7. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 727 nömrəli Fərmanının 1.1.4-cü bəndi: -həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən etsməkvə bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının həyat yoldaşı Aranzəmin uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş, onun xx.xx.1992-ci il tarixdə vəfat etməsi barədə xx.xx.1994-cü il tarixdə ölüm akt qeydi tərtib edilmişdir. Həmin zaman qüvvədə olan qanunvericilik normalarında maliyyə yardımının göstərilməsi müəyyən edilməmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarı ilə yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu barədə ona imtina cavabı verildikdən sonra hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının dəfn mərasimi artıq keçirilmiş və iddiaçının tələb etdiyi 3000 manat maliyyə yardımı isə məhz yas mərasimlərinin təşkili üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən də, həmin vəsaitin təyin edilməsi ilə bağlı normativ hüquqi aktlar 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə minmişdir. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar