Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-198/2020 25.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-1988, 1988-1990 və 1996-cı illərdə işlədiyi və 1981-1984-cü illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1978-1988, 1988-1990 və 1996-cı illərdə “M.F.Axundov” adına kolxozda işləmiş və 1981-1984-cü illərdə X5 Texnikumunda “pambıq əyiriciliyi istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil almışdır. Həmin müddətin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və bu barədə ona imtina məktubu da verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: xx.xx.1984-cü il tarixli, 028106 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X1 1981-1984-cü illərdə X5 Texnikumunda “pambıq əyiriciliyi istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil almışdır. xx.xx.1992-ci il tarixli, 469622 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki ki, X4 ilə X2 arasında nikah bağlanmış, ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-1980, 1986-1988-ci illərdə “M.F.Axundov” adına kolxozda işləmişdir. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 97 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixli, 21 nömrəli əmrlə analıq məzuniyyəti başa çatdığı üçün kadrlar şöbəsi vəzifəsinə qaytarılmışdır. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışından görünür ki, X1 xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixli, 224 saylı əmrlə Mirbəşir Pambıqtəmizləmə zavodunda işə qəbul edilmiş və xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixli, 342/k saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubundan görünür ki, əmək pensiyasının yenidən hesablanması üçün təqdim etdiyi sənədlərdə təhsil müddəti nəzərə alınmadığı, həmçinin işlədiyi illər əmək kitabçasında olmadığı üçün imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin 1-ci və 3-cü hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə ərizə ilə müraciət edərək onun 1978-1988, 1988-1990 və 1996-cı illərdə işlədiyi və 1981-1984-cü illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun işlədiyi və təhsil aldığı illərin əmək kitabçasına qeyd edilmədiyini əsas gətirərək tələbi təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normasını müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı 1981-1984-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, orta ixtisas məktəblərini, sənət məktəblərini, başqa məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə məhkəmə qeyd edir ki, “əmək stajı” və “pensiya hüququ” bir –birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericilik ilə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışı olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. İddiaçı 1981-1984-cü illərdə X5 Texnikumunda “pambıq əyiriciliyi istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil alması xx.xx.1984-cü il tarixli, 028106 nömrəli diplomla da təsdiq olunur. Məhkəmə, xx.xx.1984-cü il tarixli, 028106 nömrəli diplomu iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddiaçının 1978-1988, 1988-1990 və 1996-cı illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı 1980, 1986-1988-ci illərdə “M.F.Axundov” adına kolxozda adam günü normalarına uyğun olaraq 02 il 06 ay işləməsi Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışı ilə, 1988-1990-cı illərdə X3 Zavodunda 02 il 04 ay işləməsi isə “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışı ilə təsdiq olunur. Məhkəmə, qeyd olunan arayışları mötəbər sübut kimi qəbul edir. “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Tərtər rayon şöbəsi iddiaçının diplomuna əsasən təhsil aldığı və arxiv arayışına, həmçinin arayışa əsasən işlədiyi müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi qismıən təmin olunmalı, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışında və “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1980, 1986-1988 və 1988-1990-cı illərə dair müddətlərin, yəni minimum əmək günü və adam günü normalarına uyğun olaraq 2 il 6 ay “M.F.Axundov” adına kolxozlarda və 2 il 4 ayMirbəşir Pambıqtəmizləmə zavodunda, həmçinin 1981-1984-cü illərdə X5 Texnikumunda “pambıq əyiriciliyi istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil aldığı müddətin, yəni 2 il 6 ay 30 gün, cəmi 07 il 06 ay 30 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışında və “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1980, 1986-1988 və 1988-1990-cı illərə dair müddətlərin, yəni minimum əmək günü və adam günü normalarına uyğun olaraq 2 il 6 ay “M.F.Axundov” adına kolxozlarda və 2 il 4 ayMirbəşir Pambıqtəmizləmə zavodunda, həmçinin 1981-1984-cü illərdə X5 Texnikumunda “pambıq əyiriciliyi istehsalatı”ixtisası üzrə əyani şöbədə təhsil aldığı müddətin, yəni 2 il 6 ay 30 gün, cəmi 07 il 06 ay 30 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-198/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-198/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver