Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1980/2021 05.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxs Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı övladlarının soyad sonluqlarının dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 30.08.2021-ci il tarixli 05/Q- 1864/15 nömrəli məktubu ilə İddiaçı1 övladlarının soyad sonluqlarının növbəti dəfə dəyişdirilməsi ilə əlaqədar müraciətindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən hər bir Azərbaycan Respublikası vətəndaşının arzusu ilə “-ov” , “-ev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “-lı”, “li”, “-lu”, “lü”, “-zadə”, “-oğlu”, “-qızı” “soy”, “gil” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli 79 saylı qərarının 5 bəndinə əsasən soyad sonluğuna dəyişiklik edilməsi qeydə alınır. Həmin qaydanın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Odur ki, X7 və X3 sonluğununa növbəti dəfə dəyişiklik etmək imkanları xaricindədir. İmtinanı əsassız hesab edən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladları – 06.04.2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, X5 Gəncə şəhəri “Nikah Evindən” 05 may 2005-ci tarixli, 95 nömrə ilə qeyd edilmiş AZ-İ 552832 nömrəli doğum haqqında şəhadətnamədə “li” sonluğunun “ov” sonluğuna bərpa edilməsini və 05.10.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X7 Cavabdehndən 19 oktyabr 2009-cu tarixli, 1206 nömrə ilə qeyd edilmiş AZ-İ 350098 nömrəli doğum haqqında şəhadətnamədə soyadının “li” sonluğunun “ov” sonluğu ilə yazılmasını Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yusifov İddiaçı2 Lalə Tariyel qızı ilə ailə qurmuş və Gəncə şəhəri, Kəpəz rayon VVAD qeydiyyat şöbəsində 03.07.2002-ci il tarixli 238 saylı qeydlə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından - 06.04.2005-ci il tarixdə oğulları X4 şəhərində anadan olmuş, Gəncə şəhəri “Nikah Evindən” 05 may 2005-ci tarixli, 95 nömrə ilə qeyd edilmiş AZ-İ 552832 nömrəli doğum haqqında şəhadətnamə də almışlar. İkinci oğulları X12 05.10.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Cavabdehndən 19 oktyabr 2009-cu tarixli, 1206 nömrə ilə qeyd edilmiş AZ-İ 350098 nömrəli doğum haqqında şəhadətnamə almışlar. Gəncə şəhəri “Nikah Evindən” 05 may 2005-ci tarixli, 95 nömrə ilə qeyd edilmiş AZ-İ 552832 nömrəli doğum haqqında şəhadətnamədə 06.04.2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X10 qeyd edilmişdir. Lakin, onlar 30.09.2015-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət etdiklərindən, 06.04.2005-ci il tarixdə doğulmuş X6 doğum haqqında şəhadətnaməsində, ’’Yusifov” soyadının “ov” sonluğu “li” sonluğu ilə əvəz edilmişdir. Bundan başqa, 05.10.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X7 doğum haqqında şəhadətnaməsində soyadının sonluğuna “li” qeyd etdirməklə “Yusifli” soyadı qəbul olunmuşdur. Lakin, onların soyadlarının sonluğu “ov” olduğundan və hər iki yetkinlik yaşına çatmayan övladlarının istəyini nəzərə alaraq 06.04.2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, X1 “li” sonluğunu “ov” sonluğuna bərpa edilməsi və 05.10.2009cu il tarixdə Gəncə şəhərində anadan olmuş X2 “li” sonluğunun “ov” sonluğu ilə dəyişdirilməsi barədə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsələr də, bundan imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. İş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZE seriyalı ******** nömrəli İddiaçı2 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZ-İ 052310 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surəti; - AZ-İV 552832 nömrəli X8 aid “Doğum haqqında şəhadətnamə”nin surəti; - AZ-İV 350098 nömrəli X9 aid “Doğum haqqında şəhadətnamə”nin surəti; - AA2863652 nömrəli X8 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AA2863585 nömrəli X9 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 30.08.2021-ci il tarixli 05/Q- 1864/15 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçıların izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçılar İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışlar. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçılar müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişlər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 ilə İddiaçı1 birgə nikahından 06.04.2005-ci il tarixdə X11 və 05.10.2009-cu il tarixdə X12 doğulmuşlar. X5 adına 05.05.2005-ci il tarixli, AZ-İ 552832 nömrəli (16.11.2005-ci il tarixdə düzəliş edilənə qədər soyad Yusifov kimi qeyd edilmişdir), X7 adına 19.10.2009-cu il tarixli, AZ-İİ 350098 nömrəli “Doğum haqqında şəhadətnamə”lər tərtib edilmişdir. İddiaçı1 Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, övladlarının soyadının sonluğunun “-ov” kimi qeyd edilməsini xahiş etmiş, şöbə tərəfindən isə 30.08.2021-ci il tarixli 05/Q-1864/15 nömrəli məktubla uşaqların soyadlarının sonluqlarının dəyişdirilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. - 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; - 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; - 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; - 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; - 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləjə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192-ci maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 189-cu maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Qanunun bu norması “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Bununla bağlı məhkəmə bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır və həmin Qərarda isə “-ov”, “yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir. Göründüyü kimi Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuş və “-ov”, “-yev” sonluqlu soyadın başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin, hesab edir ki, soyadın yenidən dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır və iddiaçıların inzibati orqanın imtinasının onun hüquq və azadlıqlarının pozulmasını qeyd etməsi formal xarakterlidir. Bundan başqa, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıların müraciəti əsasında Çingiz adlı övladlarının soyadı Gəncə şəhər “Nikah evi”ndə “Yusifli” kimi dəyişdirilmiş, Elgiz adlı övladlarının soyadı isə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində birbaşa olaraq “Yusifli” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçılar iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı imtinada iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmadığından hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1980/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1980/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver