Məhkəmə qərarları › İş №2-1(114)-1981/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1981/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1981/2023 28.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən o xx.xx.1974cü il tarixli 85 №-li əmrlə xx.xx.1974-cü il tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna 8 №-li briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli 66 №-li əmrlə ordu sıralarına getdiyi üçün həmin tarixdən işdən azad edilmiş (2 il 2 ay 3 gün), xx.xx.1979-cu il tarixli 3 №-li əmrlə həmin tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna 4-cü dərəcə ilə çilingər qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 88 №-li əmrlə həmin tarixdən 5-ci dərəcə yem bişirmə sexinə çilingər keçirilmiş, xx.xx.1988-ci il tarixli 77 №-li əmrlə xx.xx.1988-ci il tarixdən C/3 partiya komitəsinə katib seçildiyi üçün işdən azad edilmiş (9 il 9 ay 1 gün), xx.xx.1988-ci il tarixli protokol ilə xx.xx.1988-ci il tarixdən Azərbaycan Kommunist Partiyasının Xanlar rayon komitəsinə katib seçilmiş, xx.xx.1989-cu il tarixli 23 №-li protokol ilə xx.xx.1989-cu ildən tutduğu vəzifədən azad edilmiş (1 il 1 ay 22 gün), xx.xx.1989-cu il tarixli 97 №-li əmrlə xx.xx.1989-cu il tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna yanğına qarşı mühafizə inspektoru qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 65 №-li əmrlə həmin tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş (2 il 9 ay), xx.xx.1992-ci il tarixli 44 №-li əmrlə həmin tarixdən 16 №-li Texniki Peşə Məktəbinə çağırışa qədər hazırlıq üzrə rəhbər vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdən (işdən azad edilmə barədə əmrin tarixi və nömrəsi qeyd edilməmişdir) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilmişdir (8 il).

3. İddiaçıya məxsus ВУ № 073526 nömrəli hərbi biletə əsasən o xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olmuşdur.

4. 1 №-li X7 xx.xx.2000-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, lisey tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 105 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 755 №-li əmrinə əsasən X7 Samux filialı xx.xx.2000-ci il tarixdən ləğv edildiyi bildirilərək, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifənin ixtisar olunması barədə 2 ay əvvəl xəbərdarlıq edilmişdir.

5. 16 saylı Texniki Peşə Məktəbinin xx.xx.1992-ci il tarixli 44 saylı əmrinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən etibarən məktəbə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışına və məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 67 nömrəli cavab məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 105 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 755 №-li əmrinə əsasən X7 Samux filialı xx.xx.2000-ci il tarixdən ləğv edildiyinə görə sənədlər 1 №-li X8 təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 №-li qərarına və Azərbaycan Respublikası Təhsil nazirinin 18 dekabr 2020-ci il tarili F-546 nömrəli əmrinə əsasən 1 №-li X11 və 3 №-li Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında Cavabdeh yaradıldığından arxiv həmin mərkəzə təhvil verilmişdir.

7. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışına əsasən İddiaçı Nizami adına üzümçülük sovxozunda işlədiyi müddətdə 1990-cı ilin 12 ayı, 1991-ci ilin 12 ayı və 1992-ci ilin ilk 9 ayı əmək haqqı almışdır.

8. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 331 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixli 44 saylı əmrlə xx.xx.1992-ci il tarixdən etibarən 16 saylı Texniki Peşə Məktəbinə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir. 16 saylı Texniki Peşə Məktəbinin 2000-ci il tarixli əmr və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.

9. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 332 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışına əsasən İddiaçı Samux rayon Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ilin sentyabr və noyabr ayları, 1993-cü ilin noyabr ayı, 1995-ci ilin 12 ayı, 1996-cı ilin 12 ayı, 1997-ci ilin 12 ayı, 1998-ci ilin 12 ayı, 1999-cu ilin ilk 6 ayı əmək haqqı almışdır. Samux rayon Peşə Məktəbinin 2000-ci illərin əmək haqqı kitabları mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.

10. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 10 ay 13 gün təşkil edir. Həmçinin, xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınıın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılmasına zərurət yaranmışdır. Təqdim etdiyi arxiv arayışına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay ona əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

11. Cavabdeh orqanın əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq, təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbləri onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlər əsasında faktiki iş stajı 16 il 2 ay 5 gün müəyyən edildi. xx.xx.1992xx.xx.2000-ci illərin iş stajı əmək kitabçasının doldurulma qaydasına riayət edilmədiyi (işdən azad olunması ilə bağlı əmrin olmaması səbəbindən) üçün nəzərə alınmadı. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır.

12. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Məhkəməyə göndərilən məktubda xx.xx.2000-ci il tarixi mexaniki səhv olaraq xx.xx.2000ci il kimi yazılmışdır. II. Məhkəmədə icraat

13. İddiaçı maraqlı şəxs Sənaye və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinə qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi əhəmiyyəti olan faktın - xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı X9 məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair ərizəsini təmin edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Samux rayonunun Sərkar kəndində anadan olmuş, 1974-cü ildə orta təhsilə yiyələnmişdir. 1974- 76-cı illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildə Azərbaycan Texnologiya Universitetinin Yeyinti ixtisasının axşam şöbəsini bitirmişdir. 01 sentyabr 1992-ci il tarixindən 09 sentyabr 2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. 01 sentyabr 1992ci ilədək müddətdə isə müxtəlif təşikatlarda, idarə və nüəssisələrdə, istehsalat sahələrində işləmişdir. Qüvvədə olan pensiya qanunvericiliyinin tələbini nəzərə alaraq məhkəməyə bəyan edir ki, xx.xx.1957-ci ildə anadan olduğuna görə xx.xx.2022-ci il tarixdə 65 yaşı, yəni pensiya yaşı tamam olub. O, bu səbəbdən də yaşa görə əmək pensiyasına çıxmağı üçün müvafiq hüquqverici sənədləri toplayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmişdir. Mərkəzi filialın bununla bağlı ona ünvanladığı 22 dekabr 2022-ci il tarixli **********6 nömrəli məktubu ilə müraciətindən imtina edilmişdir. Halbuki, pensiya kapitalının qeydə alınmadığı dövrdən əvvəl o 16 nömrəli Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. Peşə məktəbi sonrakı mərhələdə Gəncə regional Peşə Liseyinin filialına çevrilib və 2000-ci ilin 01 sentyabrında fəaliyyəti dayandırılıb. 2000ci ilədək müddətdə, yəni texniki-peşə məktəbi fəaliyyətini dayandıranadək bu təlim-tərbiyə ocağında çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Filialın ləğvi barədə əmək kitabçasında da kadrlar şöbəsi rəisinin qeydləri mövcuddur. Orada göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli, 405 nömrəli qərarına və Azərbaycan Respublikasının Təhsil Nazirinin 18 dekabr 2020-ci il tarixli F- 546 nömrəli əmrinə əsasən 1 nömrəli X11, 2 nömrəli X11 və 3 nömrəli Səncə Peşə məktəbi birləşdirilərək onların bazasında "Sənaye və Texnologiyalar üzrə X12 Təhsili Mərkəzi" publik hüquqi şəxs yaradıldığından arxiv Mərkəzə verilmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq hüquqi yardım barədə sərəncam göndərilmiş və bundan sonra iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, cavabdeh Azərbayccan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

25. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaya qarşı yazılı etiraz təqdim etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 16 il 2 ay 5 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 2 ay 5 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək kitabçasında işdən azad olunması barədə əmr olmadığı üçün həmin illər pensiya təyinatına imkan verməyən mübahisəli illərdir. Bununla yanaşı, 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay iddiaçıya əmək haqqı hesablanmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün olmamışdır.

28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.

30. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda onun stajının 22 il 10 ay 13 gün kimi, iddiaya qarşı yazılı etirazda isə stajının 16 il 2 ay 5 gün olmaqla göstərilməsinin səbəbi o olmuşdur ki, iddiaçının ilkin müraciəti zamanı onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddətdə əmək haqqı aldığı dövrlər sosial sığorta stajı kimi qəbul edilmiş, əmək haqqı almadığı dövrlər isə qəbul edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının sosial sığorta stajının yenidən araşdırılması və müəyyən edilməsi üçün Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial tərəfindən xidməti məktubla Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edilmiş və həmin məktub əsasında iddiaçının sosial sığorta stajının hesablanması məsələsinə yenidən baxılmış və onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddət bütövlükdə onun sığorta stajı kimi qəbul edilməmişdir. Buna səbəb isə iddiaçının əmək kitabçasında işdən azad olma əmrinin olmaması olmuşdur. Bu barədə cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir (həmin qərarı məhkəməyə təqdim edir). VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi; - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası; - İddiaçıya məxsus ВУ № 073526 nömrəli hərbi bilet; - 1 №-li X7 xx.xx.2000-ci il tarixli xəbərdarlıq məktubu; - 16 saylı Texniki Peşə Məktəbinin xx.xx.1992-ci il tarixli 44 saylı əmri; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin və məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 67 nömrəli cavab məktubu; - Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışı; - Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 331 nömrəli arayışı; - Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 332 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışı; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubu; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərarı; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubu. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 16 saylı Texniki Peşə Məktəbində işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az - (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 10 ay 13 gün təşkil etdiyi qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2022-ci il tarixli imtina məktubu göndərmişdir.

34. Həmin məktubda cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 16 saylı Texniki Peşə Məktəbində işlədiyi işlədiyi müddətdə 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay əmək haqqı hesablanmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır.

35. Lakin cavabdeh orqan tərəfindən hazırlıq iclası zamanı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda iddiaçının sığorta stajının 16 il 2 ay 5 gün olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik olmadığı göstərilmişdir.

36. Məhkəmə tərəfindən imtina məktubunda və iddiaya yazılı etirazda cavabdeh tərəfindən iddiaçının qəbul edilən (mübahisələndirilən) sosial sığorta stajlarının müddətlərində olan ziddiyyət araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin müraciəti zamanı onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddətdə əmək haqqı aldığı dövrlər sosial sığorta stajı kimi qəbul edilmiş, əmək haqqı almadığı dövrlər isə qəbul edilməmişdir. Sonradan isə məhkəmə araşdırması zamanı iddiaçının sosial sığorta stajının yenidən araşdırılması və müəyyən edilməsi üçün Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial tərəfindən xidməti məktubla Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edildikdən sonra onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddət iddiaçının əmək kitabçasında işdən azad olma əmrinin olmaması səbəbindən bütövlükdə onun sığorta stajı kimi qəbul edilməmişdir.

37. Yəni, cavabdehin iddiaçının sosial sığorta stajında mübahisələndirdiyi dövr onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddəti əhatə edir, imtina məktubunda həmin dövrün iddiaçının əmək haqı aldığı dövr sosial sığorta stajına daxil edilmiş, əmək haqqı almadığı dövr nəzərə alınmamış, sonradan isə həmin müddət bütövlükdə (yəni, tamamilə) sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

38. Məhkəmə cavabdeh orqanın hazırkı vəziyyətdə iddiaya qarşı etiraz əsaslarının (əmək kitabçasının doldurulma qaydalarının pozulması – işdən azad edilmə əmrinin qeyd edilməməsi) imtina məktubundakı imtina əsaslarından (əmək haqqı alınmayan dövrün sosial sığorta stajına hesablanmaması) fərqlənməsini nəzərə alaraq, cavabdehin hər iki dəlilinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.

39. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

41. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

42. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

43. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

45. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

46. İddiaçının xx.xx.1957-cu il tarixdə doğulması, xx.xx.2022-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

47. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması da iş materialları ilə öz təsdiqini tapır.

48. Belə ki, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 2 ay 3 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (9 il 9 ay 1 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Kommunist Partiyasının Xanlar rayon komitəsində (1 il 1 ay 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 9 ay), xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №-li Texniki Peşə Məktəbində (8 il) işləməsi qeyd edilmişdir. Həmin dövr 23 il 9 ay 26 gün təşkil edir.

49. Cavabdeh inzibati orqan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №li Texniki Peşə Məktəbində işlədiyi müddəti – əvvəlcə iddiaçının bəzi illərdə əmək haqqı almaması əsası ilə (əmək haqqı aldığı aylar nəzərə alınmışdır), daha sonra əmək kitabçasında işdən azad edilmə əmrinin qeyd edilməməsi əsası ilə mübahisələndirmişdir.

50. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1992ci il tarixli 44 №-li əmrlə həmin tarixdən 16 №-li Texniki Peşə Məktəbinə çağırışa qədər hazırlıq üzrə rəhbər vəzifəsinə təyin edilməsi, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.

52. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

53. Göründüyü kimi, istinad olunan Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1992-2000-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edir.

54. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

55. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

56. İddiaçının işdən azad edilmə barədə əmrin tarixi və nömrəsinin qeyd edilməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması və məlumatın qeyd edilməsi (edilməməsi) işəgötürənin məsuliyyət sferasına aiddir.

57. Məhkəmə tərəfindən sorğular verilsə də, Samux rayon Peşə Məktəbinin 2000-ci illərin əmək haqqı kitabları mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilmədiyindən iddiaçının işdən azad edilmə əmrini əldə etmək mümkün olmamışdır.

58. Bununla yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı həmin arayışı cavabdeh orqana təqdim etsə də, həmin arayış da nəzərə alınmamışdır.

59. Məhkəmə onu da qeyd edir ki,Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə X10 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışında və məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 67 nömrəli cavab məktubunda İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi qeyd edilmiş, daha sonra həmin Mərkəzin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Məhkəməyə göndərilən məktubda xx.xx.2000-ci il tarixi mexaniki səhv olaraq xx.xx.2000-ci il kimi yazılmışdır.

60. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 8 il (xx.xx.1992-xx.xx.2000) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.

61. Bundan əlavə, iddiaçıya məxsus ВУ № 073526 nömrəli hərbi biletlə onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olduğu qeyd edilmiş, həmin müddət cavabdeh orqanın özü tərəfindən mübahisələndirilməmiş və iddiaçının sosial sığorta stajına daxil edilmişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndiriləməyən əmək fəaliyyəti dövrü (15 il 9 ay 26 gün - bu qərarın 48-ci bəndi), mübahisələndirilən əmək fəaliyyəti dövrü (8 il), eləcə də hərbi xidmətdə olduğu dövr (2 il 7 gün) – cəmi 25 il 10 ay 3 gün təşkil etməsi nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.

63. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

64. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

65. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 16 saylı Texniki Peşə Məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar