Məhkəmə qərarları › İş №2-1(114)-1987/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1987/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1987/2021 27.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı 08.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03 nömrəli 04.03.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının 03 nömrəli 04.03.2021-ci il tarixli qərarı ilə 11.03.2017-ci il tarixdən 30.06.2019-cu il tarixədək 12323,50 manat məbləğində artıq ödənilmiş əmək pensiyasının iddiaçıdan tutularaq DSMF-nin 5 saylı regional ərazi filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərarı əsassız, qeyri-obyektiv hesab edir. Belə ki, o, 01.03.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi almış, bunun əsasında DSMF-nin Bərdə rayon şöbəsində pensiya təyin edən komissiya tərəfindən ona 30.06.2019-ci il tarixədək əmək pensiyası hesabına cəmi 12323,50 manat pensiya ödənilmişdir. Tibbi sosial ekspertiza və reabilitasiya alt sistemi tərəfindən aparılmış araşdırma nəticədə ona təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Səhhətində olan problemlərlə bağlı tibbi sosial ekspertiza komissiyasına tərəfindən ərizə ilə müraciət edilmiş, komissiyadan keçmiş, DSMF-nin Bərdə rayon şöbəsinin pensiya təyin edən komissiyası 01.03.2017-ci il tarixli qərar qəbul edərək ona İİ qrup əlillik dərəcəsi təyin etmişdir. DSMF-nin 5 saylı regional ərazi filialının 03 nömrəli 04.03.2021-ci il tarixli qərarı artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasından bəhs edir. Qərarın özündən də görünür ki, söhbət artıq ödənilmiş əmək pensiyasından gedir. Ona artıq əmək pensiyası ödənilməmişdir, xəstəliyinə görə 01.03.2017-ci il tarixdə əmək pensiyası təyin edilmiş, 30.06.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Əmək pensiyası müvafiq komissiyasının qərarı ilə onun müraciəti əsasında təqdim olunan müvafiq rəsmi sənədlərə əsasən araşdırılıb təyin edilmiş, sonradan isə müayinəyə dair təyin edilmiş dərəcə tibbi sosial ekspert komissiyası tərəfindən ləğv edilmişdir. Onun təqdim etdiyi sənədlər rəsmi dövlət orqanları tərəfindən verilmiş, həmin sənədlərdə hər hansı çatışmazlıq komissiya tərəfindən pensiya təyin edərkən aşkar edilməmişdir. Belə görünür ki, ona əmək pensiyası qanunamüvafiq olaraq verilmiş, onun hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının pensiya təyinatı həqiqi olmayan və əsassız sənədlərə əsasən aparılmışdır, ona görə də sonradan etibarsız sayıldığından aldığı pensiya məbləği geri qaytarılmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 01.03.2017-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03 nömrəli 04.03.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı (01.03.2017-ci il tarixdən 30.06.2019-cu il tarixədək 12323,50 manat məbləğində artıq ödənilmiş) cəmi 12323,50 manat məbləğində əmək pensiyası tələb edilərək 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional ərazi filialının hesabına ödənilməsinə qərar verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.05.2019-cu il tarixli 20/19-4330 nömrəli məktubundan görünür ki, siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin (61-ci sıra-İddiaçı) adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupunun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsistemindən çıxarışdan görünür ki, İddiaçı əlillik dərəcəsi 06.06.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27.09.2021-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı 01.03.2017-ci il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAJD4 nömrəli göndərişi əsasında “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə (01.03.2022-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir, daha sonra aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında aparılmış əlillik təyinatı 04.06.2019-cu il tarixdə “Əlillik altsistemi”ndə etibarsız hesab edilmiş, sonrakı müddətdə onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Əlillik altsistemi”nə göndəriş daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.03.2017-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə (01.03.2022-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra əlillik təyinatı 04.06.2019-cu il tarixdə etibarsız hesab edildiyindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının 03 nömrəli 04.03.2021-ci il tarixli qərarına əsasən ödənilmiş 12323,50 manat pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya 01.03.2017-ci il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə (01.03.2017-ci il tarixdən 01.03.2022-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Buna baxmayaraq növbəti müayinə müddəti gözlənilmədən, eyni zamanda əlillik vəziyyəti əyani olaraq qiymətləndirilmədən aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı 04.06.2019-cu il tarixdə “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03 nömrəli 04.03.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03 nömrəli 04.03.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar