Məhkəmə qərarları › İş №2-1(114)-1988/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1988/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1988/2021 20.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 15.08.2019-cu il tarixli ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi barədə müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətsizliyinin qanunsuz sayılması, cavabdehin üzərinə 1997-2005-ci illər üçün istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(103)-3099/2019 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə 1997-2003-cü illər üçün istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildən 2008-ci ilədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin nəzdində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektlərinin Yanğından Mühafizə İdarəsinin Xüsusi Təyinatlı Dəniz dəstəsində gəmi komandiri kimi zabit vəzifəsində xidmət etmişdir. Xidmət dövründə o, növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Dəfələrlə xidmət dövründə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etsə də, cavab almamış, 11.01.2018-ci il tarixdə müraciətinə cavabdehin X1 Xidməti tərəfindən müraciətinə müvafiq qaydada baxılacağı bildirilsə də, cavab olmadığından, sonuncu dəfə 01.02.2019-cu il tarixdə yenidən bununla bağlı müraciət etmişdir. Lakin, hazıradək ona heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdehin müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyi qanunsuz sayılmaqla, onun üzərinə istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensiyasının ödənilməsi vəzifəsi qoyulmalıdır. O, əvvəllər hərbçi kimi digər silahlı qüvvələrdə xidmət etmiş və həmin qurumlardan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləğlərini tam almışdır. 1997-ci ilin yanvar ayından 2008-ci ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Xidmətində zabit kimi xidmət aparmışdır. Xidmət apardığı illərdə 1997, 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü illər üçün məzuniyyətə buraxılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində əsaslandırıcı norma olaraq həbi qulluqçulara şamil edilən normativ sənədlərə istinad edilir. Halbuki, iddiaçı FHN-də xidmət etdiyi dövrdə hərbi qulluqçu statusunda olmamışdır. O, DİN-nin, daha sonra isə 2005-ci ildən etibarən FHN-nin xüsusi rütbəli əməkdaşı olmuşdur və bu şəxslərin əmək münasibətləri ilə əlaqədar məsələlər hərbi qulluqçulara dair sənədlərlə deyil, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. İddiaçının tələbinin mahiyyətini təşkil edən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində isə qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının 2008-ci ildə xidmətdən azad edildiyini və işdən çıxma ilə bağlı son haqq-hesabını da həmin dövrdə almış olduğunu nəzərə alsaq, o, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda, iddiaçının işdən çıxdığı 2008-ci ildən etibarən qeyd olunan məsələ ilə bağlı DYMX-nə bir neçə dəfə müraciət etdiyini, habelə ona yazılan cavab məktublarının qeydiyyat tarixini nəzərə alsaq, o, məhkəməyə müraciət hüququnu çoxdan itirmişdir. İddiaçının xidmət etdiyi şöbə tərəfindən verilən məlumata əsasən İddiaçı 2004 və 2005-ci illərin məzuniyyətindən istifadə etmiş, digər illərə görə məzuniyyətdən isə yazılı qaydada müraciət etməklə könüllü olaraq özü imtina etmişdir. İddiaçı FHN-nin yaradılması tarixini də nəzərə almamışdır. Belə ki, FHN Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli Sərəncamı əsasında yaradılmışdır və əvvəlki dövrlərə dair pul tələblərinin FHN tərəfindən ödənilməsi mümkün deyildir. Cavabdehin etirazına əlavə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən müəssisə, idarə və təşkilatların işçilərinə növbədə olduqları hər gün uçün əlavə pul vəsaiti verilirdi. ”Vixr” tipli Yanğınsöndürmə gəmilərinin əməkdaşları məzuniyyətə gedən zaman bu vəsaiti ala bilmədikləri üçün təqrir yazaraq məzuniyyətdən könüllü surətdə imtina edirdilər. Sabiq əməkdaş İddiaçı 1997-ci ildən 2003-cü ilədək təqrir yazaraq könüllü olaraq məzuniyyətdən imtina etmiş, 2004 və 2005-ci ilin hesabına məzuniyyətlərindən istifadə etmişdir. Onun göstərilən illər üzrə məzuniyyətdən imtina təqrirlərinın təqdim etməmələrinin səbəbi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 934 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnamənin 498-cı maddəsi, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı ıl tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısını rəhbər tutaraq, məzuniyyət təqrirlərinin saxlanma müddəti 3 il olduğundan onun təqrirləri də idarənin 25 iyun 2018-cı il tarixli aktı ilə məhv edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məzuniyyət hüququ cavabdeh orqan tərəfindən pozulmuş, tərəfindən məzuniyyətə çıxmaqdan imtina ilə bağlı heç bir ərizə verilməmiş, iddia tələbində qeyd etdiyi illər üzrə məzuniyyətə çıxmadan işləmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında cavabdehin etirazına uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, iddiaçı 2004 və 2005-ci illərdə məzuniyyət hüququndan istifadə etmiş, hazırda kompensasiya tələb etdiyi illərdə isə məzuniyyətə çıxmamış və məzuniyyətə çıxmaqdan özü könüllü ərizə yazaraq imtina etmişdir. Belə ki, məzuniyyətə çıxmadığı dövr üzrə işlədiyi hər gün üçün iddiaçıya 15 manat yemək pulu ödənilmişdir. Hazırda arxiv məlumatlarının məhv edilməsi səbəbindən iddiaçının imtina ərizələrinin məhkəməyə təqdim olunması mümkün deyildir. İddiaçıya və cavabdehə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı öhdəliyin icrası iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 37.1-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (əməkdaşlar) şamil edilir. Həmin Qanunun 23.5-ci maddəsinə əsasən illik və əsas məzuniyyətlərdən hər hansı səbəbdən istifadə etməmiş fövqəladə hallar orqanlarının əməkdaşlarına istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsi qanunvericiliyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 16.12.2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 394 nömrəli 19.04.2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında» Əsasnamənin 8.73-cü bəndinə görə tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək Nazirliyin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 73-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, əməkdaş müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmətlərinə görə haqq, nəhayət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28.09.2012-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.05.2011-ci il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası»nın 1.3-cü bəndinə görə fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır. Göründüyü kimi, qanunvericiliyə əsasən işəgötürən qismində hazırkı cavabdeh işçi kimi hazırkı iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərə görə pul əvəzini ödəməli olduğu halda, bunu etməmiş, iddiaçı istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin ödənilməsinə dair ona müraciət etdikdə, məsələnin həllindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.11.2002-ci il tarixli Qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Lakin həmin qərarın məzmunundan məlum olur ki, bu qərar 1994-cü ildə qəbul olunmuş və 1997-ci ildə Əmək Məcəlləsinə əlavə edilmiş «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun əmək müqaviləsinə xitam verilərkən sosial məzuniyyətlər və uşaqlı analara verilən məzuniyyətlər istisna olmaqla, qalan hallarda istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməsini nəzərdə tutan 32-ci maddəsi ilə hazırda qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsindən fərqli olaraq əmək müqaviləsinə xitam verilərkən işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin yalnız əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutan maddəsinin müqayisəsi nəticəsində qəbul olunmuşdur və həmin qərarın özündə də müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsi tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsi nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun (bu Qanun 01.02.1999-cu il tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) 32ci maddəsi, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi işçinin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almaq hüququnu tanıyır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 28.04.2014-cü il tarixli Qərarında kompensasiyanın yalnız hərbi xidmətdə olanlara verilməsi və ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara verilməməsinin Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin pozulmasına gətirib çıxarması barədə hüquqi mövqeyi, həmçinin Oktay Çərəkmərkəzlinin şikayəti üzrə çıxarılmış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.02.2014-cü il tarixli Qərarında sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilməsi və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququnun pozulmasına səbəb olması barədə hüquqi mövqeyi nəzərə alınarsa, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilənədək işdən çıxmış şəxslərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsindən imtina onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququnun pozulmasına səbəb olur. Məhkəmə qeyd edir ki, İddiaçı 1997-2003-cü illər üçün məzuniyyətdən istifadə etməməsi işin mübahisəli hallarına aid deyil. Belə ki, cavabdehin etirazında, etiraza əlavə edilmiş məlumatda, habelə, cavabdehin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi illərdə məzuniyyətə çıxmamışdır. İddiaçının qeyd olunan məsələ ilə bağlı iddia tələbinə cavabdeh tərəfindən edilən etirazın mahiyyətini iddiaçının 1997-2003-cü illərdə işlədiyi qurumun Fövqəladə Hallar Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin tabeliyində olması, bundan başqa, iddiaçının 1997-ci ildən 2003-cü ilədək təqrir yazaraq könüllü şəkildə məzuniyyətdən imtina etməsi təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, fövqəladə hallar orqanlarının əməkdaşlarının sosial müdafiəsinin həyata keçirilməsi Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aid olduğundan, habelə məzuniyyətdən istifadə edilməməsinin səbəbləri qanunvericilikdə fərqləndirilmədiyindən iddiaçının özü imtina etsə belə, ona 1997-2003-cü illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya da Fövqəladə Hallar Nazirliyi tərəfindən ödənilməlidir. Odur ki, cavabdehin etirazı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı 1997-2003-cü illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1997-2003-cü illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar