Məhkəmə qərarları › İş №2-1(114)-199/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-199/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-199/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı xx.xx.2019cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1949-cu ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuşdur. xx xxxxxx 1975-ci il tarixli, 520 saylı əmr ilə Tovuz RXMŞ-si üzrə Pələkili kənd 8 illik məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş, xx xxxxxx 1977-ci il tarixdə işdən azad olmuşdur. xx xxxxxx 1977-ci il tarixdə 98 saylı orta kənd peşə məktəbində orta ixtisas qrup üzrə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş, iş yeri dəyişdirildiyinə görə ərizəsinə əsasən işdən azad olmuşdur. xx xxxxxx 1991-ci il tarixli əmr ilə 155 saylı OTPM üzrə məktəbə psixoloq vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 1996-cı il tarixli əmr ilə Peşə məktəbi Nazirlər Kabinetinin qərarına əsasən X5 adlandırılmış, xx xxxxxxxx 2005-ci il tarixli əmr ilə anbar müdiri vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdən litseyə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyəti fasiləsiz olmuş, əmək funksiyasını lazımınca yerinə yetirmişdir. Barəsində əmək kitabçası tərtib olunmuş və işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Ümumilikdə 44 il əmək stajı var, özü İİİ qrup əlildir, hal-hazırda 249 (iki yüz qırx doqquz) manat pensiya alır. 2012-ci ilin dekabr ayında pensiyaya çıxmış, 6 il 9 aydır ki, fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirir və fiziki cəhətdən də sağlamdır. Qanunvericiliyin tələbinə əsasən 72 ay işlədiyinə görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və əmək pensiyası yenidən hesablanmalıdır. O, əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh təşkilata müraciət etsə də, inzibati orqan müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əmək pensiyasının yenidən hesabılanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, 2016-cı il üçün ödənilmiş sosial sığorta ödənişləri bazaya oturmamış və bu səbəbdən də, sığorta stajına daxil edilməmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********7 nömrəli və xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubları; Tovuz Rayon İcra Hakimiyyəti Cırdaxan kənd X3 üzrə Nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 425 və 426 nömrəli arayışları; İddiaçıya məxsus AZE eriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; xx.xx.1976-cı il tarixli əmək kitabçasının surəti; İddiaçı 2016-cı ildəki əmək haqqı barədə X4 xx.xx.2020-ci il tarixli, 550 nömrəli arayışı. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 72 ay işlədiyinə görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmiş və səbəb kimi 2016-cı il tarixdə ödənilmiş sığorta ödənişlərinin bazaya oturmadığı üçün sığorta stajına hesablanmamasını əsas gətirmişdir. Qeyd olunan hal cavabdehin etiraz ərizəsi ilə də müəyyən olunur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İşin faktiki halları, həmçinin İddiaçı iddia ərizəsi ilə müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixli, 520 saylı əmr ilə Tovuz RXMŞ-si üzrə Pələkili kənd 8 illik məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş, xx xxxxxx 1977-ci il tarixdə işdən azad olmuşdur. xx xxxxxx 1977-ci il tarixdə 98 saylı kənd peşə məktəbində orta ixtisas qrupu üzrə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş, iş yeri dəyişdirildiyinə görə ərizəsinə əsasən işdən azad olmuşdur. xx xxxxxx 1991-ci il tarixli əmr ilə 155 saylı OTPM üzrə məktəbə psixoloq vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 1996-cı il tarixli əmr ilə Peşə məktəbi Nazirlər Kabinetinin qərarına əsasən X5 adlandırılmış, xx xxxxxxxx 2005-ci il tarixli əmr ilə anbar müdiri vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdən litseyə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyəti fasiləsiz olmuş, barəsində xx.xx.1976-cı il tarixli əmək kitabçası tərtib olunmuş və işlədiyi dövr əmək kitabçasında da qeyd olunmuşdur. Ümumilikdə 44 il əmək stajı var, hal-hazırda 249 (iki yüz qırx doqquz) manat pensiya alır. 2012-ci ilin dekabr ayında təqaüdə çıxmış, 6 il 9 aydır ki, fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirir və fiziki cəhətdən də sağlamdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 550 nömrəli və xx.xx.2020-ci il tarixli, 551 nömrəli arayışlardan müəyyən olunur ki, İddiaçı 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Tovuz Peşə Liseyində 2016-cı ildə işləməklə ümumilikdə 2345,32 manat əmək haqqı almış və 70,34 manat məbləğində ödəniş DSMFyə köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1–ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd etmək lazımdır ki, qanunvericiliyin mənasına görə qeyd edilən halda iddiaçı tərəfindən 2016-cı ildə DSMF-na ödənişlərin aparılmaması cavabdeh orqan tərəfindən sübuta yetirilməlidir, lakin cavabdeh orqan nə öz etiraz ərizəsində, nə də məhkəmə araşdırması zamanı qeyd edilən halı sübuta yetirə bilməmiş və məhkəmə hesab edir ki, sübutlar iddiaçının xeyrinə həll edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar