Məhkəmə qərarları › İş №2-1(114)-199/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-199/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-199/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının xx xxxxxxx 2020ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi arxiv arayışı əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilmir, bununla da əmək pensiyasının təmin olunması üçün tələb olunan 25 il sosial sığorta stajı ödənmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilir. İmtinanı qanunsuz hesab edən İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi və xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuşdur. 1972-ci ildə həmin kəndə yerləşən orta məktəbi bitirərək, 1973-cü ilin yanvar ayının 03-ü həmin kəndə yerləşən “8 Mart” adına kolxoza kolxozçu kimi işə qəbul olunmuş, 1974-cü ilin may ayının 21-də Xanlar (Göygöl) rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılması ilə əlaqədar “8 Mart” adına kolxozda kolxozçu kimi işdən azad olunmuşdur. Hərbi xidməti Özbəkistan Respublikasının Novai şəhərində keçərək 1976-cı ilin may ayında hərbi xidməti başa vurmuş, hərbi komissarlıqda qeydə alınmışdır. 1977-ci ilin yanvar ayının 17-də Xanlar Aqrokombinata fəhlə kimi işə qəbul olunmuş, daha sonra Xanlar rayonunda müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə 1999-cu ilin fevral ayına kimi işləmişdir. Göygöl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 118 saylı cavab məktubunda, onun Xanlar rayonu “8 Mart” adına kolxozun arxiv fondunda saxlanılan əmək günlərinin uçotu kitablarında 1973-1974-cü illər ərzində qazandığı əmək günləri və əmək haqqı 1973-cü il üzrə 76,73 əmək günü, 1974-cü il üzrə 120,00 əmək günü olması göstərilmişdir. Cavabdeh inzibati orqana müraciət edərək pensiya təyin olunmasını xahiş etmiş, sonuncu xx xxxxxxx 2020-ci il tarixli, **********7 saylı cavab məktubu ilə 1973-1974-cü illərdə “8 Mart” kolxozunda olan iş stajı sosial sığorta stajına daxil edilmədiyindən sosial sığorta stajının minimum pensiya təyin edilməsi imkan xaricində olması, bunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına (Göygöl rayon şöbəsinə) müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən həmin müraciəti müsbət həll etmək mümkün olmamışdır. Adıçəkilən qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 25-cı maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1 dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, maddələrin məzmunundan da göründüyü kimi, iddiaçının 1973-cü il tarixdən 1974-cü il tarixədək Xanlar rayonu “8 Mart” adına kolxozda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından həmin illərin onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə ünvanlandığı etiraza uyğun izahat vermiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının xx xxxxxxx 2020ci il tarixli **********7 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 118 nömrəli və xx.xx.2020-ci il tarixli 32 nömrəli arxiv arayışları. - NZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - İT-İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surəti -İddiaçı ərizəsi əsasında açılmış pensiya işinin sürət; -12 X8 Baş idarəsinin məlumatın təqdim edilməsinə barədə xx.xx.2021-ci il tarixli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının xx.xx.2021-ci il tarixli iş stajının açıqlanmasına dair məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin illər iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işləyərək 1973-cü il üzrə 76.73 əmək günü, 1974cü il üzrə 120 əmək günü qazanması Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 118 nömrəli və xx.xx.2020-ci il tarixli 32 nömrəli arxiv arayışlarında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışların mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 32 nömrəli arxiv arayışından məlum olur ki, İmanov X5 (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işləyərək 1973-cü il üzrə 76.73 əmək günü, 1974-cü il üzrə 120 əmək günü qazanmışdır. “8 Mart” kolxozunda və rayonun mövcud olmuş digər kolxozlarında 1973-1974-cü illərdə işləyən kolxozçuların müəyyən olunmuş minimum əmək günü norması barədə arxivdə məlumat olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının Göygöl rayon qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı əmək kitabçasındakı əmək stajı, hərbi xidmət dövrü və arxiv arayışını nəzərə alaraq sosial sığorta stajı hesablandıqda 24 il 8 ay sosial sığorta stajı vardır. Bu da yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan azı 25 il sosial sığorta stajı olmadığından vətəndaşın iddia tələbini Gəncə İnzibati Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi rədd etmişdir. Sonradan vətəndaş 12 X8 Baş idarəsində fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyata durmuş və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları ərzində hər ay üzrə 22,50 manat Məcburi Dövlət Sosial Sığorta haqqı ödəyərək 25 il sosial sığorta stajını tamamladığını iddia etmişdir. Vətəndaşın sosial sığorta stajı hesablanılarkən təqdim etdiyi arxiv arayışı sosial sığorta stajına daxil edilməmiş və 25 il sosial sığorta stajı tamamlanmamışdır. Vətəndaşın arxiv arayışı sosial sığorta stajına daxil edilərsə, vətəndaşın 25 il sosial sığorta stajı tamamlanır və yaşa görə əmək pensiya hüququ xx.xx.2020-ci il tarixdən yaranır. Məhkəmə arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının “Sosial sığorta stajının hesablanması prosedura” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının 1973-1974-cü illərdə Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt: 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə xx.xx.2018-ci il tarixdə çatsa da, sosial sığorta stajı yaşa görə pensiya təyin edilməsi üçün kifayət etməmişdir. Lakin hazırda əlavə olaraq 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları ərzində hər ay üzrə 22,50 manat Məcburi Dövlət Sosial Sığorta haqqı ödədiyi məbləğ, əmək kitabçasında qeyd edilən illər, hərbi xidmət dövrü və sosial sığorta stajına daxil edilməsi tələb olunan 1973-1974-cü illərdə Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işlədiyi illər nəzərə alınmaqla 25 ildən çox sosial sığorta stajı yaranmışdır. Belə olan halda qanunvericilikdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulan ikinci şərt də mövcud olduğundan iddiaçının xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Xanlar (Göygöl) rayonu Tülallar kəndində yerləşən “8 Mart” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar