Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-199/2022 17.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 01.11.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03.05.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsini, mübahisə aparılan müddətdə ödənilməmiş məbləğin yenidən hesablanaraq ödənilməsi və hesabında toplanmış əlavə vəsaitlər də nəzərə alınmaqla aldığı əmək pensiyasının məbləğinin artırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 07.12.1962-ci il tarixdən 21.01.2021-ci il tarixədək Daşkəsən Filizsaflaşdırma ASC-də işləmişdir. Həmin müəssisədə 50 il, ümumilikdə isə 55 il stajı mövcuddur. Pensiyasının məbləği fərdi hesablamada sığorta kapitalına uyğun olaraq 31.01.2021-ci il tarixdən 631.04 manat təşkil edir. Buna müvafiq olaraq 2021-ci ilin may ayında həmin məbləği alsa da, 2021-ci ilin iyun ayından pensiyası 505 manata endirilmişdir. Bununla bağlı DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi filialın direktoru imzasıyla 22 sentyabr 2021-ci il tarixli məktubla cavab verilməklə yanaşı, məktuba barəmdə çıxarılmış 3 may 2021-ci il tarixli qərar da əlavə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş, 01.05.2013-cü il tarixdən 01.02.2019-cu il tarixinədək iddiaçıya artıq ödənilmiş 5760,21 manat məbləğin aylara bölünərək, onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. 2002-ci ilin yanvar ayından etibarən pensiya alır, 2002-ci ildən 2004-cü ilə kimi işləməmiş, 2004-cü ildə onu ehtiyac yarandığı üçün yenidən işə qəbul edilib. Digər bir məsələ isə odur ki, məcburi Dövlət Sığorta haqları ödənilməmişdir. Bu işə DSMF nəzarət etməli olduğu halda 2000—2015-ci illərdə onun fərdi hesabına 11.832 manat köçürülməli olduğu halda, cəmi 3142 manat köçürülüb 2001 —2015—ci illərdə məcburi Dövlət sığorta haqları az ödənildiyi üçün fərdi hesabına cəmi 4890 manat köçürülüb. Ona bildirilib ki, bütün məcburi Dövlət sığorta haqları ƏSMF-ə köçürülüb. Bu tamamilə həmin orqanın səhvi ucbatından baş verib. Qərar qanunsuz və əsassızdır. Bu qərar onun pensiya hüququnu kobud şəkildə pozur. Sözügedən qərarı ədalətsiz olmaqla yanaşı, həm də qanunvericiliyə uyğun gəlməyən qərar hesab etdiyindən ləğv edilməsini Məhkəmədən xahiş edir. İddiaçı 17.01.2022-ci il tarixdə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin 03.05.2021-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi dəqiqləşmə barədə ərizənin məhkəmə icraatına qəbul olunmasına etiraz etməmişdir. Məhkəmənin 17.01.2022-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə dəqiqləşmə barədə ərizə məhkəmə icraatına qəbul olunmuşdir. Cavabdeh 11.01.2022-ci il tarixli, **********4 nömrəli etiraz göndərərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi 10.09.1973-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən 07.12.1962-04.11, 1963-cü illər üzrə əmək fəaliyyəti dövrü, 08.12.1967-01.09.1968-ci illər üzrə əmək fəaliyyəti dövrü, 21.09.1972-05.01.2002-ci illər üzrə əmək fəaliyyəti dövrü, 03.05.2004-31.12.2005-ci illər üzrə əmək fəaliyyəti dövrü, 13.11.1964-13.11.1967-ci illər üzrə hərbi xidmət dövrü nəzərə alınmaqla 01.01,2006-cı il tarixədək sığorta stajı 36 il 5 ay 2 gün təşkil edir. Onun 01.01.2006-cı il tarixindən 31.01.2021 -ci il tarixədək 15 il 1 ay sığorta stajı olmaqla fərdi hesabının sığorta hissəsində 22961,72 manat pensiya kapitalı qeydə alınmış, 11.01.2002-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 01.05.2013-cü il tarixində 37 nömrəli əmrlə işdən çıxması ilə əlaqədar olaraq onun yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən Fondun Daşkəsən rayon şöbəsi tərəfindən yenidən hesablanmışdır. Belə ki, 002746 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, 01.06.2013-cü ildə yaşa görə əmək pensiyasının sığorta hissəsi 01.01.2006-cı ildən 01.01.2013-cü il tarixinədək toplanmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır (5820,98:72 ay=80,84 manat əlavə edilməklə sığorta hissəsi 176,22 manatdan 257,06 manata çatdırılmışdır). Vətəndaşın 08.01,2019-cu il tarixli ərizəsinə əsasən onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən (6 il və daha çox işlədiyi üçün) Fondun Daşkəsən rayon şöbəsi tərəfindən 01.02.2019-cu il tarixində yenidən hesablanaraq 443,96 manata çatdırılmışdır. İddiaçının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 31.03.2021 -ci il tarixli ərizəsinə əsasən əmək pensiyası yenidən hesablanarkən 01.05.2013-cü il tarixli yenidən hesablanmanın qanunvericiliyin tələblərinə uyğun olmadığı aşkar edilmişdir. Belə ki, 10.09.1973-cü il tarixli əmək kitabçasının surətinin 8-ci səhifəsindən görünür ki, vətəndaşın əmək müqaviləsinə xitam verilməsinə dair 37 nömrəli əmr ləğv olunmuşdur. Bu səbəbdən 01.05.2013-cü il tarixində işdən çıxması əlaqədar əmək pensiyasının yenidən hesablanması etibarsız hesab edilir. Mərkəzi Filial tərəfindən iddiaçının 31.01.2021-ci il tarixində əmək pensiyası yenidən hesablanarkən onun 01.01.2006-cı il tarixindən 31.01.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası 01.02.2019-cu il tarix üçün 453,28 manata çatdırılmışdır (19917,96:72-212,97 manat; 240,31+212,97=453,28 manat). Eyni zamanda, onun 31.01.2021 -ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyası yenidən hesablanarkən 01.02.2019-cu il tarixindən 31.12.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası 31.01.2021-ci il tarixindən 631,04 manata çatdırılmışdır (3043,76:72=42,27; 588,77+42,27=631,04 manat). Bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 03.05.2021-ci il tarixli **********4 nömrəli qərarına əsasən 01.05.2013cü il tarixindən 01.02.2019-cu il tarixinədək artıq ödənilmiş 5760,21 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunması qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. İş materiallarına AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan SMS yazı, iddiaçıya məxsus 10.09.1973-cü il tarixli əmək kitabçası, cavabdehin məhkəməyə ünvanladığı 11.01.2022-ci il tarixli, **********4 nömrəli etiraz, iddiaçıya qərarın göndərildiyi möhürlü poçt zərfi, iddiaçıya aid sosial arayışın kserosurəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 11.01.2002-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ərizəsinə əsasən onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən (6 il və daha çox işlədiyi üçün) Fondun Daşkəsən rayon şöbəsi tərəfindən 01.02.2019-cu il tarixində yenidən hesablanaraq 443,96 manata, 31.01.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyası yenidən hesablanarkən 01.02.2019-cu il tarixindən 31.12.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası 31.01.2021-ci il tarixindən 631,04 manata çatdırılmışdır. Cavabdehin 03.05.2021-ci il tarixli **********4 nömrəli qərarına əsasən 01.05.2013-cü il tarixindən 01.02.2019-cu il tarixinədək artıq ödənilmiş 5760,21 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunması qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə onun yaşadığı ünvanına məktub göndərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 03.05.2021-ci il tarixli, **********4 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03.05.2021-ci il tarixli, **********4 qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 03.05.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-199/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-199/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver