Məhkəmə qərarları › İş №2-1(114)-199/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-199/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-199/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq müraciətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1788/2023 nömrəli qərarın qismən ləğv edilməsi və 3-cü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdə Qarbağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, 1993-cü il tarixdə hərbi xidmətdə olan zaman tramva almışdır. Sonradan 2015-ci il tarixdə 3-cü qrup əlilli dərəcsi almış, həmin vaxtdan 2021-ci il tarixədək əlil kimi pensiya almışdır. Sonradan cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan, yəni səhətində əvvəlki illərə nisbətən heç bir yaxşılaşma olmadığı halda əllillik ilə bağlı pensiya dayandırılmış, əllik dərəcəsi verilməsindən imtina edilmişdir. Əlillik verilməsindən imtina edilməsi ilə bağlı cavabdehin vermiş olduğu imtinanı əsaslı hesab etmir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vermiş olduğu xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçıya "Xroniki Bronxitin kəskinləşməsi və Barotravma diaqnozu qoyulmuşdur. Məhz həmin diaqnoz əsasında ona 3-cü qrup əllik verilmişdir. 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzində müayinədən keçən zaman MSS üzvü xəstəliyi (hərbi KBT) nəticəsində xəsiyyət pozuntusu davranış pozuntuları, koqnitiv funksiyaların enməsi sindiromu F07,0 diaqnozu qoyulmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2021 ve xx.xx.2021-ci il tarixlərində DİSERA-da qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmır barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015- dil tarixli 3 nömrəli Qərar verilmişdir. Həmin Qərarda "Xroniki bronxitin kəskinləşməsi Barotravma diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən şikayət etmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli, verilən suallara adekvat cavablar vermiş, emosional stabil olmuş, qavrama, yaddaş, davranış pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamış, kognitiv funksiyaları, bələdliyi və tənqidi qorunmuşdur. İntellektual funksiyaları yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Hal-hazırda medikamentoz preparatlardan "Cycladole", "Risperidone" qəbul etdiyini bildirmişdir. Kəllə- teyin travmasını təsdiq edən MRT müayinəsi təqdim etməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli 11001 nömrəli "MSS üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları, kognitiv funksiyaların enməsi depressiv sindromla" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər ve davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müyyən olunması meyarlarına dair Əsasamə” yə müvafiq olaraq Diaqnoz əlilik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Respublika Psixiatriya Xəstəxanası PHS xx.xx.2021-xx.xx.2022-ci il tarixli 11771/21 nömrəli Çıxarışda diaqnoz "MSS üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları, kognitiv funksiyaların enməsi depressiv sindromla" kimi qeyd edilmişdir. X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları" kimi qeyd edilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı 2015-2016cı və 2016-2021-ci illərdə « kəllə daxili travma, kəllə beyin travmasının qalıq əlamətləri ensefalopatiya kəllə daxili hipertenziya kəskin asteno nevrotik sindrom t-t baş verən krizlərlə. Dəqiqləşdirilməmiş ensefalopatiya postravmatik ensefolopatiya 2 mər. » diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdə və sonrakı müayinələr nəticəsində (o cümlədən mübahisələndirilən qərarla) « əlillik əlaməti təyin edilmir » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1788/2023 qərarının məzmunundan görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin T 710/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00069642UFB saylı Forma 088 göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin üzvi xəstəliyi (hərbi kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, depressiv sindromla. İntihar cəhdlərilə. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu.Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” xəstəliklərinə düçar olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə əlillik təyinatına əsas verən əlamətlər aşkar edilmədiyindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nın aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin üzvi xəstəliyi (hərbi kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, depressiv sindromla. İntihar cəhdlərilə. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu.Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” diaqnozu qoyulmasına baxmayaraq, “əlillik əlamətinin olmaması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Cavabdehin müabhisələndirilən qərarının məzmunundan da görünür ki, Respublika Psixiatriya Xəstəxanası PHS xx.xx.2021-xx.xx.2022-ci il tarixli 11771/21 nömrəli Çıxarışında diaqnoz "MSS üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları, kognitiv funksiyaların enməsi depressiv sindromla" kimi qeyd edilmişdir. X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları" diaqnozu qoyulduğu bildirilsə də həmin qərarla əlillik təyinatından bir daha imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -7.4.2.1 bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması faizi 35-60 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 2 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçıya yuxarıda qeyd olunan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla əlillik təyin edilməli olduğu halda cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə istinad edərək, əlillik təyinatından imtina etmişdir. Məhkəmə həmçinin yuxarıda göstərlən əsaslara görə ekspert rəyinə də tənqidi yanaşaraq qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4.2.1-ci bəndində əlillik təyinatı əsasları, habelə iddiaçıya qoyulmuş diaqnoz aşkar göründüyü halda əsaslandırılmamış rəy verilmişdir. Odur ki, mübahisələndirilən qərar iddiaçıya əlillik təyinatından imtina hissəsində qismən ləğv edilməli və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulması əsası ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-1788/2023 nömrəli qərarı İddiaçı əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4.2.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, xx.xx.2023cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar