Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-199/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinə qarşı Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi məqsədilə 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.
2. Hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli A 012345 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. İddiaçı1 0.06 ha torpaq sahəsinin ona verilməsi ilə bağlı Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin bələdiyyə hərəkətsizlik edərək, onun müraciətlərinə rəsmi qaydada cavab verməmişdir.
4. Məhkəmənin sorğusuna Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinin xx.xx.2025ci il tarixli 138 nömrəli cavab məktubunda bildirilmişdir ki, keçmiş Xoşbulaq bələdiyyəsinə İddiaçı1 0.12 ha torpaq sahəsi ayrılması barədə ərizə ilə müraciət etməsi barədə hazırkı Qabaqtəpə bələdiyyəsində heç bir məlumat yoxdur. II. Məhkəmədə icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu cavabdeh Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə qarşı İddiaçı1 Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.06 ha torpaq sahəsinin, İddiaçı2 Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.12 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər.
6. Tələb onunla əsaslandırılmışdır ki, 2013-cü ildə İddiaçı1 0.12 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur, həmin torpaq sahəsinin 0,06 ha hissəsi İddiaçı1 verilmiş, lakin digər İddiaçı2 ümumiyyətlə torpaq sahəsi verilməmişdir. Torpaq sahəsinin verilməsi ilə əlaqədar bələdiyyəyə müraciət etmiş, lakin bələdiyyədən ona heç bir cavab verilməmiş, göndərdiyi məktublar geri qaytarılmışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edirlər.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1393/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-662/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1393/2023 nömrəli qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4497/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(114)-4497/2023 nömrəli iş üzrə icraat İddiaçı1 cavabdeh Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə qarşı ona Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və İddiaçı2 oğlunun cavabdeh Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə qarşı ona Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,12 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair müstəqil işlər üzrə icraata ayrılmışdır.
10. Məhkəmənin xx.xx.2025-ci ilm tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi əsl cavabdeh Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsi ilə əvəz edilmişdir. III.İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
13. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. İddiaçı1 torpaq sahəsinin verilməsi ilə bağlı Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə müraciət etmiş, bələdiyyə isə hərəkətsizlik edərək, onun müraciətinə rəsmi qaydada cavab verməmişdir.
15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 nömrəli qərarı; - Hüquqların dövət qeydiyyatı haqqınd daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 138 nömrəli cavab məktubu; - İddiaçı1 müraciətləri.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
23. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı1 0.06 ha torpaq sahəsinin ona verilməsi ilə bağlı Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin bələdiyyə hərəkətsizlik edərək, onun müraciətlərinə rəsmi qaydada cavab verməmişdir.
24. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən qanuni və əsaslı hesab edir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
26. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd 12. Fərdi yaşayış və bağ evlərinin tikintisinə, həyətyanı sahələrə ehtiyacı olan vətəndaşların uçotu qaydasını və şərtlərini bələdiyyələr müvafiq ərazi üzrə müəyyən edir və öz qərarları ilə təsdiq edirlər. Bələdiyyələr həmin qayda və şərtlər barədə vətəndaşlara məlumat verirlər. Bənd 14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir...
27. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
28. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı, yekunda qərar (torpaq sahəsinin ayrılması yaxud ayrılmasından imtina barədə) qəbul etməli olduğu halda, bunu etməmişdir.
29. Ona görə də, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı zəruri araşdırmanın aparılaraq müvafiq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
31. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinin üzərinə İddiaçı1 torpaq sahəsinin ayrılaraq ona verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq müvafiq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. Qərardan apellyasiya şikayəti verilə bilməz.
Hakim Gülşən Əliyeva