Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1990/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və digərlərinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sərəncama adlarının əlavə edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və üçüncü şəxs X13 (onlar həm də digər iddiaçıların qanuni nümayəndələridir) iştirakları ilə, İddiaçılar İddiaçı, X14, X20 və X15 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sərəncama adlarının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/09İS/031290-22 nömrəli arayışına əsasən X16 aid xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Arvadı – İddiaçı (xx.xx.1986); Oğlu – X14 (xx.xx.2008); Qızı – X20 (xx.xx.2011); Qızı – X22 xx.xx.2021).
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3887/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, X13 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan 3-cü dərəcə müharibə əlili X8 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamda ailə tərkibi barədə məlumatda yalnız özü göstərilmişdir.
4. İddiaçı mənzil uçotuna daxil edilmələri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 5-1/1-R-11-068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Gəncə şəhəri, Yeni Gəncə, 28A nömrəli binanın, 31 nömrəli mənzili onun adına olmuş, Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 40-189 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak bacısı X2 bağışlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi üçün beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər.
5. 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/09İS/054305-24 nömrəli arayışına əsasən X16 aid xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Arvadı – İddiaçı (xx.xx.1986); Oğlu – X14 (xx.xx.2008); Qızı – X20 (xx.xx.2011); Qızı – X22 xx.xx.2021).
6. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli və ******* nömrəli arayışlarına əsasən xx.xx.1978-ci il təvəllüdlü X23, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2021-ci il təvəllüdlü X29, xx.xx.2011-ci il təvəllüdlü X20, xx.xx.1984-cü il təvəllüdlü X24, xx.xx.2021-ci il təvəllüdlü X22, xx.xx.1956-cı il təvəllüdlü X25 və xx.xx.1977-ci il təvəllüdlü X9 şəhəri, Nizami rayonu, X44, ev 44, mənzil 39 ünvanında pasport qeydiyyatındadırlar.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5924/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 4 ünvanında yerləşən 39 saylı mənzil özəlləşdirilməmişdir.
8. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 173 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanına baxış keçirilmiş, İddiaçı həmin ünvanda faktiki yaşadığı müəyyən edilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ərzi X13 Vətən Müharibəsinin veteranı və 3-cü qrup əlili kimi mənzil növbəsinə götürülməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əriz ilə yanaı ailə üzvlərinin, yəni onun, oğlu X14, qızları X20 və X15 adlarının da əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3887/2023 nömrəli qərarı ilə əri X23 3-cü dərəcə müharibə əlili kimi Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Qərar icra olunmuş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 N-li sərəncamı ilə əri X23 1 nəfərdən ibarət (yəni tək özündən) ailə tərkibi ilə uçota alınmışdır. Bildirir ki, o, 2007-ci ildə X23 ilə faktiki nikaha girib yaşayaraq, 29 mart 2011-ci ildə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahlarını qeydiyyata aldırmışlar. Birgə yaşadıqları müddətdə onların üç uşağı anadan olmuşdur: 1. X17 - xx.xx.2008-ci il təvəllüd; 2. X20 - xx.xx.2011-ci il təvəllüd; 3. X22 xx.xx.2021-ci il təvəllüd. Aralarında narazılıqlar olduğundan X23 ilə olan nikahları Gənə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-822/2017 saylı qətnaməsi ilə pozulmuş, bu barədə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 25 oktyabr 2017-ci il tarixdə 275 №-ilə qeyd edilmişdir. Onlar sonradan barışıb birgə yaşamağa başlamış və nikahlarını Gəncə şəhər Nizami rayon qeydiyyat şəbəsində 03 fevral 2021-ci il tarixdə 13 nömrə ilə qeyd etdirmişlər. Hazırda o, əri X23 və uşaqları Alimurad, Aydan və Səma ilə birlikdə qaynatası X6 adına olan Gəncə şəhəri, Yeni Gəncə 44 saylı binanın 39 saylı 3 otaqlı mənzilində yaşayırlar. Həmin mənzil 09 oktyabr 1986-ci il tarixli 654 №-li orderlə qaynatası X4 adına verilmişdir. Mənzilin orderinə qaynanası X26, əri, X45 və digər qaynı Abdinov Elnur daxil edilmişdir. X5 ailəsi arvadı X1, oğlu Murazdan və özündən ibarətdir. Digər qaynı X24 da arvadı X7, uşaqları Uğurdan və Muraddan ibarət həmin mənzildə yaşayırlar. Faktiki olaraq qaynatasının adına olan 3 otaqlı mənzildə 4 müstəqil ailə yaşayırlar. Onların uşaqlarından Aydan uşaq serebral iflici xəstəsidir, Səmada isə anadangəlmə ürək qüsuru vardır. 1 saylı Gəncə Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsindən verilmiş arayışda ailələrinin ərindən, ondan, oğlu Almurad, qızları Aydan və Səmadan ibarət olduğu qeyd edilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr xidmətindən verilmiş arayışda göstərilir ki, ərinin adına Dövlət Reyestr Xidmətində daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı məlumat yoxdur. Onun da adına daşınmaz əmlak yoxdur. Göründüyü kimi, onların 5 nəfərdən ibarət ailələrinin yaşayış sahəsinə zəruri ehtiyac vardır. Lakin əri növbəyə götürülməsinə dair sərəncamda təkcə onun adı qeyd edilmişdir. Odur ki o, Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edərək onun və uşaqlarının da mənzil uçotuna götürülmələrini xahiş etmişdir. Onun müraciətinə Gəncə şəhər İHB-nın müavini Adil Tağıyevin imzası ilə verilmiş məktubla imtina edilmişdir. O, bu qərarla razılaşmır. Əri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən o və uşaqları X14, X20 və X22 da mənzil uçotuna alınmalıdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə X14, X20 və X22 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X23 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və yamümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
24. Üçüncü şəxs X23 məhkəmə iclasında iddiaya etiraz etməyərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/09İS/031290-22 nömrəli və xx.xx.2024-cü il tarixli 05/09İS/054305-24 nömrəli arayışları; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3887/2023 nömrəli qərarı; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamı; - Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/1-R-11-068/2024 nömrəli imtina məktubu; - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli və ******* nömrəli arayışları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5924/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 173 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X8 İnzibati Məhkəməsində iddia qaldıraraq, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3887/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddiası təmin edilmiş, X13 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərar icra olunaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan 3-cü dərəcə müharibə əlili X8 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Lakin sərəncamda ailə tərkibi barədə məlumatda yalnız özü göstərilmiş, ailə üzvləri barədə məlumatlar qeyd edilməmişdir.
28. İddiaçı mənzil uçotuna daxil edilmələri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 5-1/1-R-11-068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Gəncə şəhəri, Yeni Gəncə, 28A nömrəli binanın, 31 nömrəli mənzili onun adına olmuş, Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 40-189 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak bacısı X2 bağışlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi üçün beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər.
29. Lakin məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni hesab etmir.
30. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).
31. 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/09İS/054305-24 nömrəli arayışına əsasən X16 aid xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Arvadı – İddiaçı (xx.xx.1986); Oğlu – X14 (xx.xx.2008); Qızı – X20 (xx.xx.2011); Qızı – X22 xx.xx.2021).
32. Göründüyü kimi, iddiaçılar İddiaçı, X14, X20 və X3 Mətin Nazim oğlunun ailə üzvləridir və hazırda onunla birlikdə yaşayırlar.
33. Cavabdeh orqan etiraz dəlilində Gəncə şəhəri, Yeni Gəncə, 28A nömrəli binanın, 31 nömrəli mənzili onun adına olması və Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 40-189 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak bacısı X2 bağışlanmasını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət kimi qiymət verərək iddianın əsaslı olmadığını bildirmişdir.
34. Halbuki, cavabdeh eyni dəlillə X19 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-3887/2023 nömrəli qərarı ilə həmin imtina əsassız hesab edilərək, X13 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh orqan həmin qərarla razılaşmış və ondan apellyasiya şikayəti verməyərək, icra etmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan 3-cü dərəcə müharibə əlili X8 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
35. Lakin bu zaman sərəncamda ailə tərkibi barədə məlumatda yalnız X23 göstərilmişdir.
36. İddiaçıların tələbi isə ondan ibarətdir ki, X8 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan zaman onun ailə tərkibində onlar da olduğundan (yəni, X13 ailə tərkibi arvadı İddiaçı (xx.xx.1986), oğlu – X14 (xx.xx.2008), qızı – X20 (xx.xx.2011), qızı – X11 (xx.xx.2021) ibarət olduğundan onlar adının da Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına daxil edilməsidir.
37. Məhkəmə belə qənətə gəlir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3887/2023 nömrəli qərarı icra edilərək ünvan 1 ünvanında qeydiyyatda olan 3-cü dərəcə müharibə əlili X8 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan zaman onun ailə tərkibi arvadı İddiaçı (xx.xx.1986), oğlu – X14 (xx.xx.2008), qızı – X20 (xx.xx.2011), qızı – X11 (xx.xx.2021) ibarət olduğundan və həmin vaxt onların adına hər hansı daşınmaz əmlak olmadığından, onların adlarının Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamında göstərilməməsi, onların hüquqlarının cavabdeh tərəfindən pozulması kimi qiymətləndirilməlidir.
38. Beləliklə, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı, X14, X20 və X15 adlarının X13 ailə üzvü qismində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əlavə edilməsi öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva