Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1991/2020 16.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onun “Azərterminalkompleks” Birliyi Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru vəzifəsindən azad edilməyinə dair Azərbaycan Respublikası Dövlət Komitəsi “Azərterminalkompleks” Birliyin xx xxxxxx 2020-ci il tarixli, 2300/221Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 1700-011/0xx-xx/003302 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmiş, «Azərterminalkompleks» Birliyi Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru vəzifəsində xx xxxxxx 2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu geyri-qanuni pul vəsaitini qəbul etdiyindən tutduğu vəzifədən Birliyin xx xxxxxx 2020-ci il tarixli, 2300/22İŞ nömrəli əmri ilə azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə xidməti vəzifələrini yetirərkən yük avtomaşını yoxlayarkən yük avtomaşının sürücüsü bir neçə il əvvəl ona şəxsi avtomobilini satdığı və o vaxtlardan tanıdığı yoldaşı idi. Onunla salamlaşmış və onu tanıyandan sonra ona satdığı avtomobili çox ucuz satdığını bildirmiş və ona birlikdə nahar etməyi təklif etmişdir. Lakin o, bundan imtina etmiş və iş başında olduğunu bildirmişdir. Buna baxmayaraq o, israrla yaxşılıq etmək (avtomobilini ucuz qiymətə satdığının əvəzini çıxmaq) üçün nə etdiyni bilmədiyindən zorla onun cibinə 500 Rusiya rublu qoymuşdur. Göstərilən pulu gəbul etmək istəmədiyindən onunla bir az «çəhçöyür» etdikdə məcbur olub qəbul etmişdir ki, bu söhbətləri uzanmasın. Bunu kənardan görən əməkdaşları isə başqa cür rəhbərliyə məruzə etdikdən sonra heç bir araşdırma aparılmadan onu göstərilən əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edərək, sənədlərini toplayaraq əməlində korrupsiya hərəkətlərinin olmasının araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndərmiş, lakin burada da araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyininin etibarnamə üzrə nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnaməsinə əsasən, həmçinin Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Hüquqi statusuna görə “Azərterminalkompleks” Birliyi dövlət qulluğu, habelə dövlət qulluğunun xüsusi növü hesab edilmir. “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1992-ci il tarixli 301 nömrəli qərarına uyğun olaraq təşkil edilmiş və fəaliyyətini Müəssisələr haqqında Azərbaycan Respublikası qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bu mənada, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə mümkünlük şərtlərindən biri ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Azərbaycan Respublikasının MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1 və 8.1.3-cü madddələrinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3 inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda Dövlət Gömrük Komitəsinin Aparatı və tabeliyində olan (dövlət büdcəsindən maliyyələşdirilən) gömrük idarələri, habelə Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi X1 dövlət orqanı kimi nəzərdə tutulmuş, lakin həmin Qərarda heç bir birliyin adı çəkilməmişdir. Dövlət Gömrük Komitəsinin x xxxx 2008-ci il tarixli, 077 nömrəli əmri ilə təsdiq edilmiş “Azərterminalkompleks” X2 İqtisadi Birliyi haqqında Əsasnamə”xxxx“Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir. Qeyd edilən əmr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən adı çəkilən Birliyin fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında qurulmuşdur və saxlanma xərcləri həmin mənbələr hesabına maliyyələşdirilir. Bununla yanaşı, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2020-ci il tarixli, 04/xx-xx/2950 saylı məktubundan məlum olur ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərdiyi üçün dövlət orqanı statusuna malik deyil və həmin Birlikdə mövcud olan vəzifələr inzibati və yardımçı dövlət qulluğu vəzifələri hesab edilmir. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi inzibati orqan deyil və “Dövlət qulluğu haqqında” Qanuna görə iddiaçı dövlət qulluqçusu hesab edilmir. İddiaçının əvvəllər işlədiyi və hazırda bərpa olunmaq istədiyi vəzifəsi isə “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Ona görə də, iddiaçı dövlət qulluqçusu olmadığından onun əmrin ləğv edilməsi və işə bərpa tələbi inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyildir. Müvafiq olaraq həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1991/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1991/2020
16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver