Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1994/2023 07.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) adın ödəniş ediləcək fiziki şəxslərin siyahısına salınması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 08 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanının onun barəsində tətbiq edilməsi və adının kompensasiya ödəniləcək şəxslərin siyahısına əlavə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10009nkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində kredit götürmüşdür. 24 fevral 2015-ci il tarixə onun borcu 4248,67 ABŞ dolları, 21 dekabr 2015-ci il tarixə isə 3423,39 ABŞ dolları təşkil etmişdir. Gecikdirilmiş günlərin sayı 360+ olmuşdur. Prezidentin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə bağlı heç bir güzəşt siyahısında onunla bağlı məlumatlara rast gəlmədiyindən ak.fimsa.az saytı vasitəsilə xx.xx.2019-cu il tarixdə apelyasiya komissiyasına müraciət edərək, bank çıxarışı təqdim etmişdir. Həmin zaman ona bildirilmişdir ki, ona da restrukturizasiya tətbiq olunacaq. 2019-cu ilin avqust ayına kimi gözləmiş, dəfələrlə şifahi və yazılı Mərkəzi Banka, MBNP-na, Mərkəzi Bankın 2 saylı filialına, Apellyasiya Komissiyasına müraciət etsə də, ona rəsmən heç bir cavab verilməmişdir. 2019-cu ilin mart ayında Mərkəzi Bankın 2 saylı filialına təkrar müraciət edərkər ona şifahi olaraq bidiriblər ki, onun adına 2014-cü ildə "xxxx" ASC-də 10.000 ABŞ dolları həcmində kart ilə kredit borcu olub. 2-3 aydan sonra bağlanıbdır. Müraciəti əsasında ona bildirmişlər ki, Allahverdiyev İlqar (şəxsiyyət vəsiqəsi ********) adlı borclunun şəxsiyyət vəsiqəsinin yerinə təsadüfən onun şəxsiyyət vəsiqəsinin nömrəsi yazılmışdır. Bundan sonra da dəfələrlə etdiyi müraciətlərə ya cavab verilməmiş, ya da bir müddət gözləməyi tövsiyə edilmişdir. Məhkəmənin 13 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qismində prosessual statusuna xitam verilmiş və adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, heç vaxt "xxxx"dan kredit götürməmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 6-1-16/2-1427/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 5.100,00 ABŞ dolları məbləğində kreditin verildiyi və həmin kredit üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 4.248,67 ABŞ dolları, ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) 3.423,39 ABŞ dolları məbləğində əsas kredit borcunun mövcud olduğu müəyyən edilir. Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu hissədə iddiaçıya cəmi 3.094,55 manat məbləğində kompensasiya hesablanmışdır. Bununla belə, MKR və PK məlumat bazalarında iddiaçının kredit tarixçəsinə həmçinin ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə də borcunun olması barədə natamam qeydlər daxil edilmişdir. Bu qeydlərə əsasən həmin müqavilə üzrə kredit sahibinə 582,31 manat məbləğində kompensasiyanın hesablanması nəzərdə tutulurdu. Lakin məlumat bazalarına kredit sahibinin şəxsi məlumatları qeyri-dəqiq daxil edildiyindən bu kreditin həqiqətən də İddiaçı və ya qeyrisinə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. İkinci kredit müqaviləsi üzrə qeyri-dəqiq məlumatlar səbəbindən iddiaçıya "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanan 3.094,55 manat məbləğində kompensasiya Fərman çərçivəsində kompensasiya ödəniləcək kreditlər siyahısına daxil edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, SKİED/2781 nömrəli məktubundan görünür ki, İddiaçı 27 Avqusı 2014-cü il tarixində "xxxx" KB ASC-də illik faiz dərəcəsi 28% olmaqla, 24 ay müddətinə 5100 USD məbləğində kredit rəsmiləşdirilmiş, 21 fevral 2015-ci il tarixinə mövcud müqavilə üzrə qalıq əsas borc 4248.67 USD, 21 dekabr 2015-ci il tarixinə isə 3423.39 USD təşkil etmiş, xx.xx.2019 tarixində müvafiq kreditin gecikmə günləri 360+ olmasına baxmayaraq restrukturizasiya olunacaq kreditlər siyahısında aşkarlanmamışdır, bu səbəbdən mövcud kredit borcunun restrukturizasiya edilməsi və kompensasiya məbləğinin hesablanması üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 26-16596-2020 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -surəti işə əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin xx.xx.2021-ci il tarixli, **********839 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətində göstərdiyi problem öz müsbət həllini tapmış və adına kreditin olmaması barədə məlumatlar Azərbaycan Kredit Bürosuna və Mərkəzi Kredit Reyestrinə göndərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 5.100,00 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 4.248,67 ABŞ dolları, ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) 3.423,39 ABŞ dolları məbləğində əsas kredit borcunun mövcud olduğu müəyyən edilmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasına uyğun olaraq bu hissədə iddiaçıya cəmi 3.094,55 manat məbləğində kompensasiya hesablanmışdır. İddiaçı qeyd olunan kompensasiya məbləğinin alınması məqsədilə adının kompensasiya ödəniləcək şəxslərin siyahısına əlavə edilməsini tələb etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasını isə MKR və PK məlumat bazalarında iddiaçının kredit tarixçəsinə həmçinin ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə də borcunun olması barədə natamam qeydlər daxil edilməsi təşkil etmiş, bu səbəbdən də iddiaçının adı kompensasiya ödəniləcək kreditlər siyahısına daxil edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının:- -1-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. -2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. -3.2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın:- -4.1-ci bəndin əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. -4.2-ci bəndin əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. -4.5-ci bəndində qeyd edilmişdir ki, Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Qeyd edilməlidir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 6-1-16/2-1427/2023 nömrəli məktubunda qeyd edildiyi kimi MKR (Mərkəzləşdirilmiş Kredit Reyestri) və PK (Fərman çərçivəsində yaradılmış məlumat bazası) məlumat bazalarında iddiaçının kredit tarixçəsinə həmçinin ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə də borcunun olması barədə natamam məlumatların olması, həmin məlumatlar tam dəqiqləşdirilmədən iddiaçının müraciətlərinin həllindən imtinaya əsas vermir. Həmçinin işdə olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin xx.xx.2021-ci il tarixli, **********839 nömrəli məktubunda iddiaçının adına kreditin olmaması və bu barədə məlumatların Azərbaycan Kredit Bürosuna və Mərkəzi Kredit Reyestrinə göndərildiyi bildirilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə bildirir ki, bir halda ki qeyd olunan məlumat xx.xx.2021-ci il tarixədək sözügedən bazalara ötürülmüşdür, belə olan təqdirdə cavabdehin xx.xx.2023-cü il tarixli məktubla əvvəlki mövqeyində qalaraq əsassız arqumentlərə söykənməsi cavabdehin qərəzli, yaxud səhlənkarlıq nümayiş etdirməsini deməyə əsas verir. Göründüyü kimi cavabdeh orqan bu halları nəzərə almadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 08 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanının iddiaçı barəsində tətbiq edilərək adının ödəniş ediləcək fiziki şəxslərin siyahısına salınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 08 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının İddiaçı barəsində tətbiq edilərək adının kompensasiya ödəniləcək kreditlər siyahısına salınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1994/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1994/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver