Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1995/2024 04.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi üçün müvafiq arayışın verilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: N saylı hərbi hissə komandirinin bildirişinə əsasən X11 xx.xx.1990-cı ildə Goranboy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2004-cü il tarixdə hərbi hissənin siyahısına salınmış, motoatıcı tabor komandiri vəzifəsinə təyin olunmuşdur.Ağdam rayonu Yusifcanlı kəndi ərazisində xidməti vəzifə borcunu yerinə yetirərkən açılan atəş nəticəsində xx.xx.2005-ci il tarixdə xidməti yerində vəfat etmişdir. İddiaçı cavabdeh orqana “Şəhid” statusunun verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixində imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-060/2-010758/2023 nömrəli məktubundan və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünün surətindən görünür ki, N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuş mayor M.Ə.Əzizovun tabeliyində olan leytenant X5 təhqir etməsi nəticəsində sonuncu xx.xx.2005-ci il tarixdə odlu silahdan atəş açaraq onu qəsdən qətlə yetirmişdir. Yuxanda göstəriləni və M.Ə.Əzizovun hadisənin baş verdiyi anda döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirmədiyini nəzərə alaraq, ona şəhid adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum övladı X3 rayonu Yusifcanlı (Daş bilindaj ) ərazisində döyüş tapşırığını yerinə yetirərkən odlu silahdan açılmış atəş nəticəsində şəhid olduğundan şəhid ststusunun verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1973-cü il təvəllüdlü X11 1990-cı ildə Bakı Ali Birləşmiş Komandirlərin Məktəbinə daxil olub, 1994-cü ildə həmin Ali məktəbi bitirib. Leytenant Rütbəsində N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb. Bir müddət sonra yaşma Xüsusi Təyinatlı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Yaxşı xidmət etdiyinə görə bir müddət sonra orda hazırlanmış yeni taborun tərkibində tabor komandirinin silah üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra həmin taborun Tovuz rayon N saylı hərbi hissəsinin tərkibinə göndərilmişdir. Bir neçə il Tabor Komandirinin müavini vəzifəsində xidmət etdikdən sonra həmin hərbi hissədə Baş Leytenant rütbəsində Tabor Komandiri vəzifəsinə təyin olunmuşdur. Bir müddət xidmət etdikdən sonra kapitan rütbəsi almışdır. Daha sonra N saylı hərbi hissəyə göndərilmişdir. İki il Füzuli rayonunda xidmət etdikdən sonra Mayor rütbəsini almış , yenidən N saylı hərbi hissənin Tabor komandiri vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildə ikinci ordu komandanlığı tərəfindən tabora baxış keçrilmiş və nümunəvi tabor komandiri adı verilmişdir. X7 2005-ci il fevralın 2-də Tabor Komandiri olduğu Taborun xidməti ərazisində ( Daş Bilindaj adlanan yerdə) açılan atəş nəticəsində Şəhid olmuşdur. Həmin xidmət etdiyi tabor Ağdamın Yusifcanlı kəndində yerləşirdi. Həmin taborun müdafiə zolağı düşmənlə üzbəüz yerləşirdi. Ən yaxın postu düşmənlə 25 metr məsafədə idi. Şəhid olduğu gündə düşmənlə üzbəüz olan postları yoxladığı vaxtda açılan atəş nəticəsində Şəhid olmuşdur. Amma bu günə qədər Şəhidlik statusu verilməmişdir. “15 yanvar 1994-cü il 10 saylı qərara əsasən odlu silahdan açılan atəş nəticəsində Zabit gizir miçman və əsgər dünyasını dəyişərsə, Şəhid hesab edilir”. Lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Karalar idarəsinə Hüquq idarəsinə ünvanladıqları məktuba sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqan iddiaya qarşı xx.xx.2024-cü il tarixli etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisyasında "Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. İddia tələbinin faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Ağır Cinayətlərə aair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 02 avqust 2005-ci il traixli hökmünə əsasən N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuş mayor M.Ə.Əzizovun tabeliyində olan leytenant X5 təhqir etməsi nəticəsində sonuncu 03 fevral 2005-ci il tarixdə onu odlu silahdan atəş açaraq qəsdən qətlə yetirmişdir. Beləliklə də mayor M.Ə.Əzizovun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Məhkəmənin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X6 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 0409 nömrəl əmri ilə N nömrəli hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. X6 xx.xx.2005-ci il tarixində Ağdam rayonu Yusifcanlı kəndi ərazisində xidməti vəzifəsinin icrası zamanı tabeliyində olan zabit tərəfindən avtomat silahından atəşlə qətlə yetirilmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək şəxsi heyətin qaytarılmaz itkilərinin adlı siyahısında X9 xidməti vəzifə borcunu yerinə yetirərkən açılan atəş nəticəsində xx.xx.2005-ci il tarixdə vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlandığı məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu leytenant X2 xx.xx.2005-ci il tarixdə həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, X6nu odlu silahdan atəş açaraq qəsdən öldürməsi faktına görə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. İstintaq zamanı leytenant X2 əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və xx.xx.2005-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə keçmiş Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 02 avqust 2005-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 13(on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7na şəhid statusunun verilməsi üçün müvafiq arayışın verilməsi vəifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
1. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə 10 saylı Qərarla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nı təsdiq etmişdir.
2. Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
3. Həmin Qaydalara görə: Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Bənd 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X4 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Məhkəmə qeyd edir ki, həmin normadan görünür ki, şəxsin istinad edilən normaya əsasən şəhid hesab edilməsi üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, yəni dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması tələb olunur. Belə ki, M.Əzizov xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur, bu işin mübahisəsiz halıdır. Burada əsas mübahisə olunan məqam iddiaçının yerinə yetirdiyi xidməti vəzifənin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıq olub olmamasıdır. İşin hallarından və cavabdehin etirazından müəyyən olunur ki, X11 xx.xx.2005-ci il tarixində Ağdam rayonu Yusifcanlı kəndi ərazisində xidməti vəzifəsinin icrası zamanı tabeliyində olan zabit tərəfindən avtomat silahından atəşlə qətlə yetirilmişdir. Eyni zamanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 02 avqust 2005-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, M.Əzizovun N.İbrahimovu təhqir etməsi epizodu Azərbaycan Respublikası CPM-nin 39.5-ci maddəsinə əsasən xitam edilmişdir. Təqsirləndirilən şəxs N.İbrahimova cəza təyin edilərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Göründüyü kimi M.Əzizov xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, məhkəmə hökmü ilə müəyyən edilir ki, o təqsirləndirilən şəxs N,İbrahimov tərəfindən təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətlərinin təsiri nəticəsində N.İbrahimov tərəfindən qətlə yetirilmişdir ki, bu da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, iddiaçının mərhum övladının şəhid olmasına dair halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum övladı qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Ona görə də, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə X7na şəhid statusunun verilməsi üçün müvafiq arayışın verilməsi vəifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva