Məhkəmə qərarları › İş №2-1(114)-1996/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1996/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1996/2021 20.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı yenidən tibbi müayinədən keçirilmə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 13.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, hərbi xidmətə çağrılması üçün yenidən həkim ekspert komissiyası müayinəsindən keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə Tovuz rayonun Yuxarı Öysüzlü kəndində anadan olmuşdur, hazırda hərbçi olmaq arzusundadır. Məhz bu səbəbdən o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə hərbi xidmətə getməyi üçün müraciət etmiş, lakin Tovuz rayon Çağırış Komissiyasının 21.07.2020-ci il tarixli qərarı ilə həm dinc dövründə həm də, müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Hazırda onun səhhətində heç bir xəstəlik yoxdur, özünü tam sağlam hiss edir və hesab edir ki, Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət etmək onun də vətəndaşlıq borcudur. Məhz bu səbəbdən yenidən hərbi xidmətə çağırılması üçün həkim ekspert komissiyası müayinəsindən keçirilməsini təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin fevral ayından idmanla məşğul olmaq yolu ilə arıqlamış, normal yemək rejimi ilə normal çəkisini saxlamışdır. Cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, məhkəmə qərarı olduğu təqdirdə iddiaçının yenidən müayinədən keçirilməsi mümkündür, ona görə də məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin 27.08.2021-ci tarixli 911 nömrəli məktubundan görünür ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə cəlb edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasının məlumatından görünür ki, İddiaçı akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə nəticəsində təqdim olunmuş 11.06.2020-ci il tarixli 2998 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarının “Xəstəliklər cədvəli”nin 13A maddəsinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyinə uyğundur. -surəti işə əlavə edilmiş Respublika Klinik Xəstəxanasının 11.06.2020-ci il tarixli 2998 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nın surətində görünür ki, İddiaçı “Alimentar piylənmə İV dərəcə” diaqnozuna əsasən həm dinc dövrdə həm də, müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin 13.07.2021-ci il tarixli 477 nömrəli arayışından görünür ki, İddiaçı Tovuz rayon Çağırış Komissiyasının qərarı ilə AR Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qr. “13a" maddəsinə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilərək istefaya keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü olmaqla həqiqi hərbi xidmətə çağırılarkən 11.06.2020-ci il tarixli müayinənin nəticəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “13a” maddəsinə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. İddiaçı səhhətində olan dəyişikliklə əlaqədar olaraq yenidən tibbi müayinədən keçirilməsini cavabdehdən tələb etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin:- -1.9-cu bəndində qeyd olunmuşdur ki, vətəndaş hərbi-həkim komissiyasının (həkimuçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. -həmin bəndin 1-ci hissəsində qeyd olunmuşdur ki, yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. -həmin bəndin 2-ci hissəsində qeyd olunmuşdur ki, hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. -həmin bəndin 3-cü hissəsində qeyd olunmuşdur ki, əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “13a” maddəsinə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Xəstəliklər cədvəlinin 13-cü maddəsinin “a” bəndinə əsasən İV dərəcəli alimentar piylənmə “funksiyaların mühüm dərəcədə pozulması” kimi müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə iclasında vizual olaraq iddiaçının normal bədən quruluşlu olması, öz yaş dövrünə mütənasib çəkiyə malik olması və piylənmədən əziyyət çəkmədiyi müəyyən edildi. Göründüyü kimi iddiaçının səhhətində hərbi-həkim komissiyası tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişdir. Qeyd olunan hal isə mövcud qanunvericiliyin tələblərinə əsasən onun təkrar şəhadətləndirilməsi üçün əsas hesab edilir. Beləliklə məhkəmə iddiaçının yenidən tibbi müayinədən keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qənatinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi üçün komissiyaya təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar