Məhkəmə qərarları › İş №2-1(114)-1997/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1997/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1997/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın müvafiq şöbəsinin Pensiya Alt sisteminə işlənmiş xx.xx.2022-ci il tarixli ŞH N**********204 saylı sərəncamının ləğv olunmasına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 üzərinə pensiyasının əvvəlki qaydada hesablanmasının, pensiyasından 2022-ci ilin avqust ayından bəri tutulmuş məbləğin ona geri ödənilməsinin təmini vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildən yaşa görə əmək pensiyası alır və 2017-ci ildə 65 yaşı tamam olduğu üçün işdən azad edilmişdir. Cari ilin avqust və sentyabr aylarının pensiyasını alarkən, pensiya məbləğinin əvvəlki aylara nisbətdə təxminən 150 manat azaldığını bilmişdir. Məsələ ilə bağlı əsaslandırılmış yazılı cavab verilməsi xahişi ilə xx.xx.2022-ci il tarixində ərizə ilə AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsinə müraciət etmişdir. Lakin ona heç bir rəsmi cavab verilməmişdir. xx.xx.2022-ci il tarixində “müraciətə cavab verilməsinin təmininə dair (məcburetmə haqqında)” iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında (İş № 2- 1(114)3606/2022) cavabdeh qurumun nümayəndəsi tərəfindən ona AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktor vəzifəsini icra edən cənab Anar Dadaşovun imzaladığı məktub təqdim edilmişdir. Hazırlıq iclasından iki gün sonra - xx.xx.2022-ci il tarixdə imzalanmış N**********1 saylı cavab məktubunun əsli isə poçt tərəfindən ona cari ilin yanvar ayının ilk ongünlüyündə təqdim olunmuşdur. Halbuki, iclas zamanı qarşı tərəfin nümayəndəsi cavab məktubunun yazıldığını, yola salındığını və yaxın günlərdə ünvanıma çatacağını bildirmişdi. Məktubdan aydın olur ki, X2 ünvanladığı müraciət xx.xx.2022-ci il tarixdə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olmuş, müraciətin araşdırılması zamanı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müvafiq şöbəsi tərəfindən PAS-a işlənmiş sərəncamına əsasən pensiyası yenidən hesablanarkən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə edən dövr üzrə 8197.24 manat məbləğində artıq vermə aşkar edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən işdən azad olunduğuma görə hesablanma apararkən pensiya kapitalı 50%-lə nəzərə alınmalı olduğu halda 90%-lə nəzərə alınmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya artıq ödənilmişdir. Sonda artıq ödənilmiş vəsaitin xx.xx.2022-ci il tarixdən ayda 60 manat olmaqla əmək pensiyasından tutulduğu nəzərə çatdırılmışdır. İddiakı hazırda cavabın qanunsuz olduğunu hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı 17 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının “müraciətin cavablandırıması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsində baxılmış və məhkəmənin 2-1(114)-3606/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia ərizəsi və ona elavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının müraciətinə Fondun Maliyyə mühasibatlıq üzrə mərkəzi filialında baxılmış və müvafiq olaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının pensiya altsisteminə işlənmiş məlumatlarına əsasən yenidən hesablanma zamanı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 8197,24 manat artıq ödəmə aşkar edilmişdir. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən işdən azad olunduğuna görə hesablanma aparılarkən pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq pensiya ödənilmişdir. Cavabdehin pensiyasının yenidən hesablanması haqqında qərar qanunauyğun olmuşdur. İddiaçıya Qanunun 14-cü maddəsinin redaksiyasının tələblərinə uyğun qaydada xx.xx.2003-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Məhz qeyd edilən tarixdə aparılmış yenidən hesablama zamanı iddiaçıya 8.197.24 manat artıq pensiya ödənilmişdir.Qanunun tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 580.11 manata çatdırılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən işdən azad olunduğuna görə yenidən hesablanma aparılarkən pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8.197.24 manat artıq pensiya ödənilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş artıq ödəmə hər ay 60 manat olmaqla iddiaçının pensiyasından tutulmaqdadır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının təsdiqlənmiş surəti; Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8.197.24 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2022ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin bölünərək onun aylıq pensiyasından tutularaq Fondun hesabına ödənilməsinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarları mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərarlar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyasının tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar