Məhkəmə qərarları › İş №2-1(114)-1998/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1998/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1998/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və vəkili X2, Üçüncü şəxslər X4 və X3 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X11 və X16) qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X11) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarının X5, X6 və X12 torpaq sahəsinin verilməsi hissəsində və onların adına verilmiş xx.xx.2006-cı il tarixli, JN-582C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarının ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə onun və mərhum əri X7 mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı məhkəməyə müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarının ləğv edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1957-ci il tarixdə X13 ilə faktiki ailə quraraq Şəmkir rayonu Çinarlı qəsəbəsinə Həzi Aslanov küçəsi 61 saylı evə gəlin köçmüşdür. Zeynalov Bəhmən ilə nikahlarını xx.xx.1964-cü il tarixdə rəsmi-qeyd etdirmişlər. Birgə ailə münasibətindən beş nəfər uşaqları olmuşdur. 1988-ci ildə məlum hadisələr vaxtı həyət qonşularından sahəsi 7.5 ha olan həyətyanı torpaq sahəsini almışlar. Həmin torpaq sahəsində ümumi sahəsi 50 kv.m. olan 2 otaqdan ibarət ev olmuşdur. Beləliklə, onların cəmi 0.12 ha torpaq sahələri və orada yerləşən evləri olmuşdur. Bütün ailələri həmin təsərrüfatda qeydiyyatda olmuşlar. 1990-cı ildə oğlu X14 3-cü şəxs olan Zeynalova Zülfiyyə Hüseyn qızı ilə evlənərək onu evlərinə gətirmişdir. Amma Zülfiyyə atasının təsərrüfatında qeydiyyatda olmuşdur. Oğlu ilə Zülfiyyənin iki övladı, yəni 3-cü şəxslər Zeynalov Elməddin və Zeynalov Elgün anadan olmuşlar. 18 yanvar 1993-cü il tarixdə oğlu Zeynalov Xəqani vəfat etmişdir. Xəqani vəfat edəndən sonra mərhum əri Zeynalov Bəhman qəsəbənin başqa yerində olan torpaq sahəsində 3-cü şəxslərə ev tikdirmiş, onlar da köçüb orada yaşamışlar. Onlar 3-cü şəxslərə kömək məqsədilə icazə vermişlər ki, gəlib onlarla birlikdə torpaq sahələrində əkin əksinlər. Torpaq islahatı vaxtı gəlinləri Zeynalova Zülfiyyə onların qocalığından, savadsızlığından istifadə edərək özünün və iki övladının sənədlərini AİK-ə təqdim etmişdir. Nəticədə qeyri-qanuni olaraq Şəmkir rayon AİK-in 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı ilə 3-cü şəxslərin adına xx.xx.2006-cı il tarixli, JN-582C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. 2008-ci ildə onlar qəsəbənin başqa yerində ev tikdirib oraya köçmüşlər. xx.xx.2014-ci il tarixdə əri X13 vəfat etmişdir. 3-cü şəxslər əldə etdikləri qeyri-qanuni sənədlər əsasında öz adlarına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışlar. 06 mart 2020-ci il tarixdə onların adlarına ********** qeydiyyat nömrəli dublikat çıxarış verilmişdir. Hazırda onlara məlum olmuşdur ki, 3-cü şəxslər tərəfindən həmin torpaq sahəsinə dair özgəninkiləşdirmə əməliyyatı aparılmışdır. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi torpaq islahatı aparılmamışdan da xeyli əvvəl və sonra onların qanuni istifadələrində olmuşdur. Torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olmamış və ona görə də həmin torpaq sahələrinin onların adlarına qeyd edilməsi qeyri-qanuni və əsassızdır. O və mərhum əri X1 rayonu Çinarlı qəsəbəsində 61 saylı ünvanda yerləşən toıpaq sahəsinin qanuni sahibləri və istifadəçiləri olduğu halda AİK-in qanunsuz qərarı əsasında torpaq sahəsindən mərhum olmuşlar. İşin məhkəmə hazırlıq iclası 29 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və vəkili X9 məhkəmə iclasında müddətin bərpası barədə ərizəni müdafiə etmiş və izahatında bildirmişdir ki, iddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi verərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarının X5, X6 və X12 torpaq sahəsinin verilməsi hissəsində və onların adına verilmiş xx.xx.2006-cı il tarixli, JN-582C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxslər əldə etdikləri qeyri-qanuni sənədlər əsasında ona və mərhum əri X10 məxsus olmuş torpaq sahəsinə dair öz adlarına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışlar. 06 mart 2020-ci il tarixdə onların adlarına ********** qeydiyyat nömrəli dublikat çıxarış verilmişdir. Hazırda ona məlum olmuşdur ki, 3-cü şəxslər tərəfindən həmin torpaq sahəsinə dair özgəninkiləşdirmə əməliyyatı aparılmışdır. Lakin inzibati aktdan şikayət vermənin prosessual müddətini üzürlü səbəbdən ötürmüşdür. Üçüncü şəxslər X8 və X11 məhkəmə iclasında müddətin bərpası barədə ərizəyə etiraz edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslər hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur k “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inziba aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessut Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrir. təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların v kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Bundan başqa “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarının mübahisələndirilməsi üçün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 6 ay ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarları-inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması cavabdeh inzibati orqan Cavabdeh səlahiyyətlərinə aidr deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X11 və X16) qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X11 və X16) qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar