Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1998/2023 26.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 1, 2, 4-cü maddələri, 5-ci maddəsinin "ç" bəndinə əsasən ona çatası 4400 manat pulun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının N nömrəli hərbi hissəsində xidmət başlamışdır. Hərbi xidmət dövründə minaya düşmüş və sağ diz altı nahiyyəmdən xəsarət almışdır. xx.xx.1999-ci il tarixdən, xx.xx.1999-cu il tarixə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2000-ci il tarixli 215 saylı əmri əsasında 15 iyul 2000-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata (tərxis) buraxılmışdır. İddiaçıya “Sağ dizaltı nahiyyənin qəlpə yaralanmasından sonrakı vəziyyət. Hərəkətin və ya yerişin pozulmaları. Aşağı ətrafları funksiya pozulması.Dərinin hipertrofik dəyişiklikləri, Dizaltı nahiyyənin ağrılı dartıcı kobud kelloid çapıq toxuması. Oynaqların kontrakturası, Sağ diz oynağının kəskin kontrakturası. Əlin və ya pəncənin sallanması(qazanılma), Sağ incik sinirinin postravmatik neyropatiyası.Sağ pəncənin sallanması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan otrofiyası və üzülməsi, Sağ budun arxa səthinin, hər iki baldırın ağrı dartıcı hipertofik kəskin əzələ atrofiyası” diaqnozu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” 3-cü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı bundan sonra, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli 296 nömrəli Qanuna əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xx.xx.1997-ci ildən sonra xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmədiyindən ona 4400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 032 nömrəli qərarından görünür ki, Daşkəsən RHK tərəfindən 1999cu ildə hərbi xidmətə çağırılmış, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik, travma-diaqnoz: "Soltərəfli qeyri vərəm mənşəli ekssudativ plevrit. Sağ incik sinirinin dizaltı çuxurunun zədələnməsi, çapıq toxuma ilə sıxılması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 20 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1999-cu il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim müləxəssisinin rəyi ilə təsdiq edilir), "Xəstəlikdır, travmadır, hərbi xidmət dövründə alınmışdır. -iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-14448/2023 nömrəli məktubundan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 1999-cu ildə hərbi xidmət dövründə travma almış və qoyulmuş müvafiq diaqnoza əsasən ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- 2.1.2-ci maddəsinə əsasən sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurum). -2.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. -2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. -5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. 7.1-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1997-ci il tarixli, 620 nömrəli Fərmanının:- -2.5-ci bəndinə əsasən həmin Qanunun 4-1.2.1-ci, 4-1.2.2-ci, 4-2.1.2-ci, 4-2.1.4-cü, 4-2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. -2.6-cı bəndinə əsasən həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur: 1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. İl dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. İll dərəcə əlilliyə görə - 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan daxili işlər orqanları əməkdaşlarının uyğun olaraq bu Fərmanın vərəsələrinə - olan hərbi qulluqçuların və vəfat etmiş şəxsin əlillik dərəcəsinə 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Göründüyü kimi, qeyd edilən Fərmana əsasən 1997-ci il avqustun 1-dən sonra xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının aldığı xəsarət 1999-cu il 23 iyul tarixinə təsadüf edir. Beləliklə aydın olur ki, iddiaçının 1997-ci il avqustun 1-dən sonra xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edildiyindən ona 4400 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin verilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1998/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1998/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver