Məhkəmə qərarları › İş №2-1(114)-1999/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1999/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1999/2025 20.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X4 doğum haqqında akt qeydinin ana qrafasında mərhum X1 “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1976-cı il tarixli İ-ЖГ 369308 nömrəli şəhadətnaməyə əsasən X8 ilə X6 xx.xx.1976-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Abbasova” soyadı verilmişdir.

2. Doğum haqqında xx.xx.2016-cı il tarixli AZ-T 013372 nömrəli təkrar şəhadətnaməyə əsasən X8 xx.xx.1947-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 736 nömrə ilə qeyd edilmişdir.

3. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 306909 nömrəli şəhadətnaməyə əsasən X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 391 nömrə ilə qeyd edilmişdir.

4. Ölüm haqqında xx.xx.1924-cü il tarixli AZ-İİ 387038 nömrəli şəhadətnaməyə əsasən, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 141 nömrə ilə qeyd edilmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli 1734 nömrəli arayışında göstərilmişdir ki, X2 və X13 nikahı haqqında xx.xx.1964-cü il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir.

6. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-44RA/2-A-422/2024 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz rayon Yuxarı Öysüzlü kənd ZDS və XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət Arxivində saxlanılan təsərrüfatbaşına kitablarda vətəndaş Abbasova (Əliyeva) Tamara Əsəd qızının adı tərəflərindən aşkar edilmədi. Qeyd: Yuxarı Öysüzlü kənndinin doğum akt qeydi kitabı 1935-ci il tarixə kimi Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə Abbasova (Əliyeva) Tamara Əsəd qızının doğum akt qeydindən arxiv arayışı vermək tərəflərindən mümkün olmadı.

7. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli 2328 nömrəli məktubunda bildirilmişdir ki, miras qoyanın anasının doğum haqqında şəhadətnaməsində X16, ölüm haqqında şəhadətnaməsində isə X11r. Bu səbəbdən onun adına tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, X9 X16 olması faktının müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

8. İddiaçı mərhum həyat yoldaşının doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 187 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Cavabdeh tərəfindən mərhum həyat yoldaşının adına xx.xx.1960-cı ildə tərtib edilmiş 736 saylı doğum akt qeydində ana qrafasında soyadı “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi səlahiyyətləri xaricindədir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-11686/2024 nömrəli cavab məktubuna əlavə edilmiş:

10. xx.xx.1960-cı il tarixli 736 nömrəli Doğum qeydlərinin bərpa aktına əsasən X8 xx.xx.1947-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 736 nömrə ilə qeyd edilmişdir.

11. xx.xx.1964-cü il tarixli 8 nömrəli Evlənmə aktının qeydinə əsasən X2 və X13 nikahı haqqında xx.xx.1964-cü il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə zeynalov, arvada Zeynalova soyadı verilmişdir.

12. xx.xx.2022-ci il tarixli AZ-İİ 306909 nömrəli Ölüm haqqında akt qeydinə əsasən X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 391 nömrə ilə qeyd edilmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, miras qoyan X4 doğum haqqında akt qeydinin ana qrafasında mərhum X1 “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X8 ilə xx.xx.1976-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Abbasov Ələddinin adına ev miras qalmışdır. Əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Gəncə regional "Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin oradan bildirilmişdir ki, miras qoyanın doğum haqqında şəhadətnaməsində anasının adı X16, onun ölüm haqqında şəhadətnaməsində isə X14 qeyd edilmişdir. Bu səbəbdən ona tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün hesab edilməmişdir. O, həyat yoldaşının doğum akt qeydində ana qrafasında soyadı “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin ona tövsiyə edilmişdir ki, qeyd edilən düzəlişin edilməsi barədə məhkəməyə müraciət etsin. Bu hesab imtinaya görə hüquqlarından istifadə edə bilmir. Cavabdehin imtinasını qeyri-qanuni hesab edir. Belə ki, mərhumun anası Tamara 1930-u ildə anadan olmuş, onun atadan soyadı "Əliyeva" olmuşdur. Bunu Tamaranın xx.xx.1964-cü il tarixdə X5 ilə qeyd edilmiş nikah haqqında şəhadətnaməsi sübut edir. Tamara həmin nikaha daxil olarkən ərinin "Zeynalov" soyadını qəbul etmişdir. Ona görə də o, xx.xx.2022-ci il tarixdə vəfat edəndə onun ölüm haqqında şəhadətnaməsində soyadı "Zeynalova" yazılmışdır. Beləliklə, aydın olur ki, miras qoyanın doğum haqqında şəhadətnaməsində ana kimi qeyd edilən X16, onun ölüm haqqında şəhadətnaməsində göstərilən X11r. Miras qoyan X8 anadan olanda valideynlərinin nikahı olmadığından əvvəlki qanunvericiliyə görə ata qrafası boş saxlanılmışdır. Səhvən ana qrafasında Tamaranın soyadı Əliyeva əvəzinə Abbasova yazılmışdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdehin yerləşdiyi yer olan Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.1976-cı il tarixli İ-ЖГ 369308 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.2016-cı il tarixli AZ-T 013372 nömrəli təkrar şəhadətnamə; - Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 306909 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.1924-cü il tarixli AZ-İİ 387038 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 1734 nömrəli arayışı; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-44RA/2-A-422/2024 nömrəli məktubu; - 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli 2328 nömrəli məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 187 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-11686/2024 nömrəli cavab məktubu; - xx.xx.1960-cı il tarixli 736 nömrəli Doğum qeydlərinin bərpa aktı; - xx.xx.1964-cü il tarixli 8 nömrəli Evlənmə aktının qeydi; - xx.xx.2022-ci il tarixli AZ-İİ 306909 nömrəli Ölüm haqqında akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X2 və X13 nikahı haqqında xx.xx.1964-cü il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra X18 ərinin soyadı olan “Zeynalova” soyadını götürmüşdür. Onların birgə nikahlarından X8 adında övladları xx.xx.1947-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 736 nömrə ilə qeyd edilmişdir. Həmin doğum haqqında akt qeydində ana qrafasında X16 qeyd edilmişdir.

30. Hazırda İddiaçı mərhum həyat yoldaşının doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 187 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Cavabdeh tərəfindən mərhum həyat yoldaşının adına xx.xx.1960-cı ildə tərtib edilmiş 736 saylı doğum akt qeydində ana qrafasında soyadı “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi səlahiyyətləri xaricindədir.

31. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

34. Göründüyü kimi, iddiaçının mərhum qaynanası X18 ilə mərhum qaynatası X3 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlandıqdan sonra X13 ərinin soyadı olan “Zeynalova” soyadını götürməsinə və iddiaçının xx.xx.1960-cı il tarixdə doğum haqqında akt qeydi tərtib edilərkən valideynləri arasında nikah olmamasına baxmayaraq, X4 barəsində Cavabdehndə xx.xx.1960-cı il tarixdə doğum haqqında akt qeydi tərtib edilərkən yalnışlığa yol verilərək, anasının soyadı “Abbasova” kimi qeyd edilmişdir.

35. Hansı ki, sözügedən akt qeydi tərtib edilən zaman X13 nikahı olmadığından (doğum akt qeydi xx.xx.1960-cı il tarixdə, nikah akt qeydi xx.xx.1964-cü il tarixdə tərtib edilmişdir) X4 barəsində Cavabdehndə xx.xx.1960-cı il tarixdə doğum haqqında akt qeydi tərtib edilərkən ana qrafasında anasını soyadı Əliyeva kimi qeyd edilməli idi.

36. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.1947-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydinin ana qrafasında mərhum X1 “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydinin ana qrafasında mərhum X1 “Abbasova”dan “Əliyeva”ya düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar