Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2/2021 05.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə 22.500 manat və 45 kv.m-lik qeyri-yaşayış sahəsi olan mağazanın alınmasına görə 22.500 manat olmaqla, ümumilikdə cavabdehdən 45000 manat kompensasiya alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 7 nömrəli qərarı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsində qeydə alınmaqla Şəmkir şəhər Bələdiyyəsinin ərazisindən (hazırda Şəmkir–Dəllər yolunun sağ tərəfində 1 saylı bazarın yanında Bayraq Meydanındadır) 45.0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə ayrılaraq iddiaçıya satılmışdır. Alqı-satqının həyata keçirilməsi məqsədilə səlahiyyətli orqanların rəyləri və razılıqları alınmış, məhz buna görə 45.0 kv.mlik mağaza tikintisi həyata keçirilmiş, daha sonra xx.xx.2006-cı il tarixli aktla mağaza tikintisinin başa çatması və istifadəyə yararlılığı təsdiq edilmişdir. Həmçinin RX seriyalı ******* nömrəli çıxarışla həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh orqan 2012-2013-cü illərdə sözügedən torpağın və mağazanın yerində Dövlət Bayraq meydanı inşa etmək məqsədilə dövlət ehtiyacları üçün onları götürmüş, müqavilə bağlamadan mülkiyyət sənədləri təqdim olunmaqla torpağın və tikililərin dəyərini alacaqlarını vəd etmiş, lakin ona kompensasiya ödənilməmişdir. Pozulmuş hüquqlarının bərpası məqsədilə iddiaçı dəfələrlə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mağaza Cavabdeh başçısı N.Veyisovun göstərişi ilə sökülmüşdür, başçı tikintinin sökülməsi barədə göstəriş vermiş və ona söz vermişdir ki, əvəzinə kompensasiya ödəniləcək. Söküntüdən sonra tikinti materialları istifadəyə yararsız hala düşmüşdür. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus obyekt Cavabdeh tərəfindən sökülməmiş, həmçinin bayraq meydanı Cavabdeh tərəfindən inşa edilmədiyinə görə təmsil etdiyi orqan cavabdeh ola bilməz. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir RİH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 45 nömrəli rəyindən görünür ki, Şəmkir–Dəllər yolunun sağ tərəfində, 1 saylı bazarın yuxarı hissəsində sahəsi 45.0 kv.m-lik mağaza tikintisi aparılmış, həmin tikinti altında olan torpaq sahəsinin İddiaçı adına bələdiyyə tərəfindən sənədləşdirilməsinə etiraz olunmadığı bildirilmişdir. -Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 7 saylı protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı şəhərin hüdudları kənarında yerləşən ərazidə 45.0 kv.m-lik torpaq sahəsi sahibkarlıq məqsədilə 45 manata satılması qərara alınmışdır. -xx.xx.2006-cı il tarixli Yerin seçilməsi aktının surətindən görünür ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin alqı-satqı predmenti olduğu və satılmasının qanuna müvafiq olduğu qeyd edilmişdir. -xx.xx.2006-cı il tarixli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Şəmkir Bələdiyyəsinə məxsus 45.0 kv.m-lik torpaq sahəsinin satılması barədə xx.xx.2006cı il tarixli 7 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına əvvəlcədən 45 manat haqq ödəmişdir. -xx.xx.2006-cı il tarixli Aktın surətindən görünür ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı ayrılmış 45.0 kv.m-lik torpaq sahəsində sahibkarın 45.0 kv.m-lik mağaza tikdirdiyi və mağazanın tikintisinin başa çatdırılaraq istifadəyə yaralı olduğu qeyd edilmişdir. -xx.xx.2014-cü il tarixdə 3250 nömrə ilə X3 kitabında uçota alınan A 499963 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq məqsədi üçün 45 kv.m torpaq sahəsi ayrılmışdır. -xx.xx.2014-cü il tarixli, AA 002777 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəmkir şəhərində yerləşən **********44 reyestr nömrəli torpaq sahəsi üzrə hüquq sahibi İddiaçı qeyd edilmişdir. -xx.xx.2014-cü il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 45.0 kv.m-lik torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında sahibkarlıq məqsədi ilə İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2018-ci il tarxli, 9-27/466 nömrəli Şəmkir rayonu İcra Hakimiyyəti başçısının aparatının məktubundan görünür ki, 2013-cü il tarixdə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən heç bir qərar və sərəncam verilmədiyi qeyd olunmuşdur. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26261 nömrəli ekspert rəyindən görünür ki, Şəmkir-Dəllər avtomobil yolunun sağ tərəfində yerləşən RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı məxsus 45.0 kv.m-lik torpaq sahəsi Dövlət Bayrağı meydanının ərazisinə düşdüyü müəyyən edilmişdir. -“xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 080/Mİ/21 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus 45.0 kv.m-lik torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 23.000 (iyirmi üç min) manat, sökülmüş qeyri-yaşayış sahəsinin bərpası üçün tələb olunan xərc isə 21.000 (iyirmi bir min) manat olaraq müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq məqsədi üçün 45 kv.m torpaq sahəsi satılmış, həmin sahədə iddiaçı tərəfindən 45.0 kv.m-lik mağaza tikintisi həyata keçirilmiş, daha sonra xx.xx.2006-cı il tarixli aktla mağaza tikintisinin başa çatması və istifadəyə yararlılığı təsdiq edilmişdir. Həmçinin RX seriyalı ******* nömrəli çıxarışla həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı 2012-2013-cü illərdə şəhər ərazisində aparılan yenidənqurma işləri nəticəsində ona məxsus mağazanın sökülməsi və tikintinin yerləşdiyi torpaq sahəsinin cavabdeh orqan tərəfindən dövlət ehtiyacları üçün alınaraq üzərində Dövlət Bayraq meydanı inşa edildiyini, lakin ona hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla ümumilikdə ona 45000 manat kompensasiya ödənilməsini tələb etmiş, cavabdeh orqan isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hazırki iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə verilmiş ekspert rəyinə əsasən Şəmkir-Dəllər avtomobil yolunun sağ tərəfində yerləşən RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə iddiaçıya məxsus 45.0 kv.m-lik torpaq sahəsinin Dövlət Bayrağı meydanının ərazisinə düşdüyü müəyyən edilmişdir. Deməli həqiqətən də iddiaçının xüsusi mülkiyyətində olmuş torpaq sahəsi üzərində Dövlət Bayrağı meydanı inşa edilmiş və ona məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Cavabdeh orqanın nümayəndəsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini, həmçinin bayraq meydanın təmsil etdiyi qurum tərəfindən inşa edilmədiyini bildirərək iddiaya etiraz etmişdir. Məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, Dövlət Bayrağı meydanı memorial abidə-istirahət parkı olmaqla müvafiq ərazidə dövlət mülkiyyətində olan əmlak hesab edilir. Bu baxımdan müvafiq ərazidə inşa ediləcək dövlətə məxsus tikili birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilə bilərdi. Deməli iddiaçıya vurulmuş ziyanın yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmışdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus olmuş torpaq sahəsində yerləşmiş qeyri-yaşayış sahəsi (mağaza) cavabdeh tərəfindən dövlət ehtiyacları üçün sökülmüşdür, lakin qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçıya kompensasiya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən sökülmüş həmin qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin qeyri-yaşayış sahəsindən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Cavabdeh orqan isə iddiaçıya məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini sökərkən, heç bir araşdırma aparmamış, akt tərtib etməmiş, beləliklə də, iddiaçını sahibliyində və istifadədəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı əmlakından məhrum etmişdir. Sözügedən mübahisə ilə bağlı məhkəmə bir sıra qanunvericilik aktlarını vurğulamağı məqsədəmüvafıq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Məhkəmə hesab edir ki, mübahisəli qeyri yaşayış sahəsinin (ticarət obyektinin) iddiaçının mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasmın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafıq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Həmin maddədə göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir.Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir.Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfındən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Belə ki, «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X2rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmin qərarda həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Daha sonra, Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafıq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir. «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə göstərilmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. «Akverdiyev Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə vurğulanmışdır ki, əmlaka sahib olmaq "mövcud əmlakın sahibliyi" ilə məhdudlaşmır. O, həmçinin aktivləri, və ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə biləcəyinə dair ağlabatan və "legitim gözləntinin" olmasını iddia edə biləcək tələbləri də ahatə edir. Gözlənti o zaman legitimdir ki, o, qanunvericiliyin müddəası və ya sözü gedən əmlak maraqlarına toxunan hüquqi akt əsasında yaranmış olsun. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanuni mülkiyyətində olmuş torpaq sahəsi dövlət ehtiyacları üçün alınsa da, eləcə də sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı qeyri yaşayış sahəsi (ticarət obyekti) dövlət ehtiyacları üçün sökülsə də, cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndirmə işi üzrə hesabata əsasən İddiaçı məxsus olmuş Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən 45 kv.m torpaq sahəsinin hazırki bazar dəyəri 23.000 (iyirmi üz min) manat və həmin torpaq sahəsində mövcud olmuş və sonradan sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc məbləği isə 21.200 (iyirmi bir min iki yüz) manat müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə 22.500 manat və 45 kv.m-lik qeyriyaşayış sahəsi olan mağazanın sökülməsinə görə 22.500 manat olmaqla, ümumilikdə cavabdehdən 45000 manat kompensasiya alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı 45 kv.m-lik qeyri-yaşayış sahəsi olan mağazanın sökülməsinə görə 22.500 manat kompensasiya tələb etsə də, həmin məbləği hansı meyar əsasında hesabladığını əsaslandırmamışdır. Bu səbəbdən də müvafiq qiymətləndirmə rəyinə əsasən qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc məbləği 21.200 (iyirmi bir min iki yüz) manat müəyyən edildiyinə görə məhkəmə tələbin həmin hissədə qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı qiymətləndirmə rəyinə əsasən iddiaçıya məxsus olmuş 45 kv.m torpaq sahəsinin hazırki bazar dəyəri 23.000 (iyirmi üz min) manat müəyyən edilsə də, iddiaçı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə 22.500 ( iyirmi iki min beş yüz) manat tələb etmişdir. Məhkəmə işə tələb həddində baxmalı olduğundan torpaq sahəsinə görə ona 22.500 ( iyirmi iki min beş yüz) manat kompensasiya ödənilməsini qanunauyğun hesab edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olmuş 45 kv.m torpaq sahəsinin hazırki bazar dəyəri 23.000 (iyirmi üz min) manat və həmin torpaq sahəsində mövcud olmuş və sonradan sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan 21.200 (iyirmi bir min iki yüz) manat olmaqla ümumilikdə 43.700 (qırx üç min yeddi yüz) manat pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 26261 nömrəli ekspert rəyinin verilməsinə görə 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 43.700 (qırx üç min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver