Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-20/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə 02.08.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət ehtiyacları üçün alınmaya məruz qalmış Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsinə görə 400 000 (dörd yüz min) manat mələğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 80 000 (səksən min) manat miqdarında satınalma qiymətinin, həmçinin 100 000 (bir yüz min) manat məbləğində pulun dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 29.01.2019-cu il tarixli, 500 saylı Fərman imzalanmış və qeyd olunan Dövlət Proqramının 7.1.80-cı bəndinə əsasən, 2019-2023-cü illərdə Respublika əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması sahəsində işlərin davam etdirilməsi o cümlədən, Gəncə-Qazax-Gürcüstan Respublikası ilə avtomobil yolunun 4 zolağa genişləndirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən fərman ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 7.1.80-ci bəndinə əsasən Gəncə-Qazax-Gürcüstan Respublikası ilə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə işlərin yerinə yetirilməsi Azərbaycan Avtomobil X4nə həvalə edimişdir. Şəmkir rayonunun Abbaslı kəndində iddiaçıya məxsus 2,50 ha torpaq sahəsi Respublika əhəmiyyətli yolun genişləndirlməsi üzrə tikinti işlərinin əhatə dairəsinə düşmüşdür. Torpaq sahəsi MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla 2010-cu ildən etibarən daimi əsaslarla istifadə hüququ onun xeyrinə yüklü edilmişdir. Qeyd olunan torpaq sahəsi dövlət ehtiyacları üçün ondan rəsmi şəkildə alınmadan həmin torpaq sahəsinin üzərində tikinti işləri aparılmış və bunun üçün iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Ümumiyyətlə, qanunvericiliyin tələblərinə uyğun olaraq, torpağın alınması haqqında hazırlanan təkliflə bağlı rəsmi elan verilməmişdir və həmin elan verilsə belə iddiaçıya təqdim edilməmişdir. Daimi əsaslarla istifadə hüququ iddiaçının xeyrinə yüklü edilmiş torpaq sahəsi üzərində yanacaq doldurma məntəqəsinin tikilməsi üçün faktiki olaraq iddiaçıya imkan verilmir. Azərbaycan Respublikasi Prezidentinin Fərmanının icrası məqsədilə Azərbaycan Avtomobil X4 Gəncə-Qazax-Gürcüstan Respublikası ilə avtomobil yolunun 4 zolağa genişləndirilməsi ilə əlaqədar yolun qeyd olunan ərazlərdən keçən hissəsinin tikintisi altına düşən maneələrin müəyyənləşdirilməsini, qiymətləndirilməsini və dəyərini mülkiyyət sahibinə ödənilməsini təmin etməli idi. Dəfələrlə kompensasiya ödənilməsi üçün həm şifahi, həm də yazılı qaydada müraciət edilsə də, iddiaçının müracətinə baxılmamış, torpaq sahəsi ondan kompensasiya ödənilmədən qeyri-qanuni zəbt olunaraq, üzərində dövlət ehtiyacları üçün tikinti işləri aparılmışdır. Həmçinin iddiaçıya məxsus torpaq sahəsində mülkiyyətçiyə məlumat verilmədən tikinti işlərinin aparılması, onun torpaqdan təyinatı üzrə istifadə edə bilməməsi, kompensasiya tələbi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə belə hələ də kompensasiya ala bilməməsi ona mənəvi zərər vurulmasına, əsəb gərginliyi keçirməsinə və səhhətində müəyyən problemlərin yaranmasına səbəb olub. Bu səbəbdən də iddiaçı hesab edir ki, dəymiş mənəvi zərərin əvəzi də tələb edilməlidir. Məhkəmənin 20.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X4 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə Sosial-X3 çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış sənədləri hazırlanır. Bu işlər yekunlaşdıqdan sonra torpaq sahələri qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil təşkilat tərəfindən müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilir. “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində aparılmış siyahıyaalma zamanı müəyyən olunmuşdur ki, yeni tikilən yolun Şəmkir rayonunun ərazisindən keçən hissəsində Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı daimi istifadəsinə verilmiş 25000 m2 torpaq sahəsindən 12271.93 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan və İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı daimi istifadəsinə verilmiş 25000 m2 torpaq sahəsindən Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən “Gəncə-Qazax- Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən 12271.93 m2 torpaq sahəsinə kompensasiya hesablanmasına münasibət bildirməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur. Alınmış cavablarda torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 81-ci maddəsi ilə tənzimləndiyi və həmin Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda torpaq sahəsi üzərində istifadə hüququna xitam verildiyi qeyd edilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 09.06.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsi 03.06.2010-cu il tarixdən İddiaçı xeyrinə yüklü edilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.07.2019-cu il tarixli, **********28 nömrəli məktubunun surətindən görünür ki, Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı daimi istifadəsinə verilmiş 25000 m2 torpaq sahəsindən 12271.93 m2 hissəsi yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsi ilə bağlı 1 nömrəli kadastr planından çıxarış hazırlanaraq 2014-cü ildə aidiyyəti üzrə Azərbaycan Avtomobil X4nə təhvil verilmişdir. -“xxxx” MMC Tovuz Layihə Tədqiqat İdarəsinin 05.08.2020-ci il tarixli, 11/M-102 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, araşdırma nəticəsində MA seriyalı 00455923 nömrəli çıxarış və 09.06.2010-cu l tarixli AA005186 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi” ilə İddiaçı istifadəsinə verilmiş Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsinin 1.23 ha hissəsinin koordinatları Azərbaycan Avtomobil X4 tərəfindən “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. -“xxxx” MMC Tovuz Layihə Tədqiqat İdarəsinin 16.11.2020-ci il tarixli, 11/M-194 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, araşdırma nəticəsində MA seriyalı 00455923 nömrəli çıxarış və 09.06.2010-cu l tarixli AA005186 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi” ilə İddiaçı istifadəsinə verilmiş Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsinin Azərbaycan Avtomobil X4 tərəfindən “Gəncə-Qazax- Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşməyən 1.27 ha hissəsində yol tikintisi üçün nəzərdə tutulan hər hansı konstruksiya yerləşdirilməmiş, qeyd olunan 1.27 ha torpaq sahəsinin yo tikintisi nəticəsində relyefi dəyişdirilmiş və həmin əraziyə torpaq, asalt qırıntıları və daş töküldüyü müəyyən edilmişdir. -“xxxx” MMC-nin 10.03.2021-ci il tarixli, 092/Mİ/21 nömrəli mütəxəssis mütəxəssis rəyinin surətindən görünür ki, MA seriyalı 00455923 nömrəli çıxarış və 09.06.2010-cu l tarixli AA005186 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi” ilə İddiaçı istifadəsinə verilmiş Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsinin Azərbaycan Avtomobil X4 tərəfindən “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşən 1.23 ha hissəsinin 10.03.2021-ci il tarixə bazar dəyəri 196800 (yüz doxsan altı min səkkiz yüz manat), yolun tikintisi altına düşməyən 1.27 ha hissəsinin bazar dəyəri isə 177800 (yüz yetmiş yeddi min səkkiz yüz manat) olması müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.07.2019-cu il tarixli, **********28 nömrəli məktubu və müvafiq mütəxəssis rəyi ilə) müəyyən olunmuşdur ki, iddiaçının daimi istifadəsinə verilmiş 25000 m2 torpaq sahəsindən 12271.93 m2 hissəsi yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsi ilə bağlı 1 nömrəli kadastr planından çıxarış hazırlanaraq 2014-cü ildə aidiyyəti üzrə Azərbaycan Avtomobil X4nə təhvil verilmişdir. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, iddiaçı qanuni istifadədəsində olmuş əmlakından məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Cavabdeh orqan iddiaçının qanuni istifadəsində olmuş torpaq sahəsində yol tikintisi apararkən heç bir araşdırma aparmamış, müvafiq prosedur qaydalarına əməl etməmiş, beləliklə də, iddiaçını istifadədəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı əmlakından məhrum etmişdir. Mübahisə ilə bağlı məhkəmə bir sıra qanunvericilik aktlarını vurğulamağı məqsədəmüvafıq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “torpaq” dedikdə mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. İddiaçı dövlət ehtiyacları üçün alınmaya məruz qalmış onun qanuni istifadəsində olmuş 2.50 ha torpaq sahəsinə görə 400 000 (dörd yüz min) manat mələğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 80 000 (səksən min) manat miqdarında satınalma qiymətinin, həmçinin dəymiş mənəvi zərərin əvəzi kimi 100 000 (bir yüz min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia etmişdir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və 10.03.2021-ci il tarixli, 092/Mİ/21 nömrəli mütəxəssis rəyinə iddiaçının qanuni istifadəsinə verilmiş Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 2.50 ha torpaq sahəsinin Azərbaycan Avtomobil X4 tərəfindən “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşən 1.23 ha hissəsinin 10.03.2021-ci il tarixə bazar dəyəri 196800 (yüz doxsan altı min səkkiz yüz manat), yolun tikintisi altına düşməyən 1.27 ha hissəsinin bazar dəyəri isə 177800 (yüz yetmiş yeddi min səkkiz yüz manat) olması müəyyən edilmişdir. Beləliklə göründüyü kimi iddiaçının qanuni istifadəsində olan 2.50 ha torpaq sahəsinə görə ödənilməli olan kompensasyanın məbləği 400000 (dörd yüz min) manat deyil, 374600 (üç yüz yetmiş dörd min altı yüz) manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə iddianı həmin hissədə qismən (374600 manat) əsaslı hesab edir. Bundan başqa iddiaçı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506- İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə istinad edərək qanuni istifadəsində olmuş və dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq tələb etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, sözügedən Fərmanın 2.3-cü bəndində torpaq sahəsinin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə ödənilməsi qeyd edilmişdir, başqa sözlə həmin məbləğin torpaq sahəsinin istifadəçisinə ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə əsaslı hesab etmir. Həmçinin iddiaçı dəymiş mənəvi zərərin əvəzi kimi 100 000 (bir yüz min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia etmişdir. Qeyd edilməlidir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən müdaxilə nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Bu baxımdan hazırki iddia üzrə iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, eləcə də özünün hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilmədiyindən məhkəmə tələbi həmin hissədə də əsassız hesab edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına məhkəmə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 374600 (üç yüz yetmiş dörd min altı yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Avtomobil X4dən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 272.44 (iki yüz yetmiş iki manat, qırx dörd qəpik) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Azərbaycan Avtomobil X4dən 374600 (üç yüz yetmiş dörd min altı yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Avtomobil X4dən 272.44 (iki yüz yetmiş iki manat, qırx dörd qəpik) manat məbləğində pul tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-20/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-20/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver