Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-20/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 nümayəndəsi X5, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin vəkili X1 iştirakları ilə, İddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış binasında layihədən kənar tikililərin sökülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş 6 mərtəbəli biznes mərkəzi binasında qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq layihədənkənar inşa edilmiş əlavə mərtəbənin sökülməsi, bütün səviyyələrdə 2-3 və B-C oxları arasında əlavə lift şaxtasının ləğv edilməsi, bina fasadının, daxili arakəsmə bölgülərinin və tikilinin bütövlükdə layihə vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qeyd olunan işlərin cavabdehin hesabına həyata keçirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mütəxəssislər tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanında "xxxx" MMC-nin inşa etdiyi 6 mərtəbəli biznes mərkəzi binasında layihədənkənar olaraq əlavə mərtəbənin inşa edilməsi, əlavə lift şaxtasının tikilməsi üçün bütün səviyyələrin örtük döşəməsində 2-3 və B-C oxları arasında döşəmə tavasının kəsilərək boşluqların açılması, binanın fasadları və daxili arakəsmə bölgülərinin dəyişdirilməsi faktı aşkar olunmuş, həmin işlərin aparılmasına dair heç bir icazəverici sənəd təqdim olunmamışdır. Eyni zamanda həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Layihədənkənar olaraq görülmüş işlər həm də gələcəkdə baş verə biləcək yanğın hadisəsi zamanı vətəndaşların binadan təxliyə edilməsinə də süni maneələr yaradacaqdır. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tikilinin layihə vəziyyətinə qaytarılması zəruridir. Bununla əlaqədar olaraq tikinti işlərinin dayandırılması barədə xx.xx.2018-ci il tarixli 0519 nömrəli qərar verilmiş, qərardan 2 il keçdiyinə baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən yuxarıda göstərilən qanun pozuntuları aradan qaldırılmamış və qeyd olunan binanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində heç bir iş görülməmişdir. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 nümayəndəsi X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 6 mərtəbəli biznes mərkəzi binasında qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq layihədənkənar inşa edilmiş sonuncu bir mərtəbənin sökülməsi, bütün səviyyələrdə 2-3 və B-C oxları arasında əlavə lift şaxtasının ləğv edilməsi, bina fasadının, daxili arakəsmə bölgülərinin və tikilinin bütövlükdə layihə vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2021-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X7 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixli, 0519 nömrəli qərarı təmsil etdiyi Cəmiyyətə təqdim edilməmiş, şikayət vermək hüquqları pozulmuşdur. Akta imza edən İ.Hüseynov həmin dövrdə MMC-nin direktoru olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 0519 nömrəli qərardan görünür ki, ünvan 3 ünvanda biznes mərkəzində ekspertizadan keçmiş layihədən kənarlaşmaqla əlavə mərtəbə inşa olunmuş, əlavə lift şaxtası üçün bütün səviyyələrin örtük döşəməsində 2-3 və B-C oxları arasında döşəmə tavası kəsilərək boşluqlar açılmış, binanın fasadları və daxili arakəsmə bölgüləri dəyişdirilmişdir. Bu əsasla qüsurların aradan qaldırılması tapşırılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli, 10/1906 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın (biznes mərkəzi) mövcud vəziyyəti ilə layihə sənədləri arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən layihədənkənar əlavə mərtəbənin inşa edildiyi, əlavə lift şaxtasının tikildiyi, binanın fasadları və daxili arakəsmə bölgülərinin dəyişdirilməsi müəyyən olunur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, 10/169 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki : 1. Gəncə şəhərində H.Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın (biznes mərkəzi) layihəyə uyğunlaşdırıldığı təqdirdə, yəni yaradılmış əlavə mərtəbənin, arakəsmənin sökülməsi nəticəsində binanın konstruktiv elementlərinə zədə dəyə bilər. 2.Qeyd olunan binanın layihəyə uyğunlaşdırılması üçün aparılmalı söküntü nəticəsində konstruktiv elementləri (sütünları, rigelləri və mərtəbə arası örtüklər) zədələnə bilər ki, bu da binanın istismar edilməsinə təhlükə yarada bilər. 3. "xxxx" MMC tərəfindən inşa edilməli 5 mərtəbəli biznes mərkəzi binasının inşa olunması üçün Dövlətbaşekspertiza tərəfindən razılaşdırılmış layihə sənədlərinin göstəricilərini nəzərə alaraq, bina mövcud (hazırkı) vəziyyətdə qalacağı təqirdə həyat və sağlamlıq üçün təhlükə yaratmayaraq istismara yararlı vəziyyətdə ola bilər. Eyni zamanda "xxxx" MMC tərəfindən inşa edilməli biznes mərkəzi binasının ilkin layihəyə uyğun olaraq damının inşa olunduğunu, binanın daxilində iki ədəd ayrı-ayrı sahələrdə pilləkən qəfəsəsi layihələndirildiyini nəzərə alaraq yanğın və s. hadisəsi zamanı insanların təxliyəsində çətinliklər yarana bilməz. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6 tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanda "xxxx" MMC-nin inşa etdiyi 6 mərtəbəli biznes mərkəzi binasında layihədənkənar əlavə mərtəbənin inşa edilməsi, əlavə lift şaxtasının tikilməsi üçün bütün səviyyələrin örtük döşəməsində 2-3 və B-C oxları arasında döşəmə tavasının kəsilərək boşluqların açılması, binanın fasadları və daxili arakəsmə bölgülərinin dəyişdirilməsi faktı aşkar olunmuş və bu səbəbdən xx.xx.2018-ci il tarixdə, 0519 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmiş, pozuntuların aradan qaldırılması məqsədilə müvafiq göstəriş verilmiş, lakin 2 il keçdiyinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı tədbir görülmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”-nin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Həmin Məcəllənin 7-ci maddəsindən görünür ki, şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi və digər prinsiplər əsasında həyata keçirilir. Həmin Məcəllənin 92.1-ci maddəsinə əsasən 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda sökülür. Məhkəmə yuxarıda qeyd olunan və iddianın əsası kimi istinad etdiyi normaları təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, tikinti işlərinin dayandırılması və obyektlərinin sökülməsi ilə bağlı əsaslar sözügedən normativ aktlar vasitəsilə qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, həmin normalarda nəzərdə tutulmuş pozuntuların tikinti işlərinin dayandırılıb-dayandırılmadan aparılmasının, binada (obyektdə) işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükənin olması, baş verə biləcək yanğın hadisəsi zamanı vətəndaşların binadan təxliyə edilməsinə maneələrin yaranacağının konkret hansı meyarlara görə müəyyən edilməsi nəzərdə tutulmadığından, sözügedən halların aydınlaşdırılması xüsusi bilik tələb edən haldır. Bununla bağlı məhkəmə müvafiq ekspertiza təyin edilmiş və əldə olunan nəticə ondan ibarət olmuşdur ki, bina mövcud (hazırkı) vəziyyətdə qalacağı təqirdə həyat və sağlamlıq üçün təhlükə yaratmayaraq istismara yararlı vəziyyətdədir, eyni zamanda yanğın və s. hadisəsi zamanı insanların təxliyəsində çətinliklər yaranmayaçaq. Əksinə layihəyə uyğunlaşdırılacağı təqdirdə binanın konstruktiv elementlərinə zədə dəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın rədd olunması qənaətinə gəlir. Bundan əlavə, məhkəmə hesab edir ki, 150 (bir yüz əlli) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış binasında layihədən kənar tikililərin sökülməsi tələbinə dair iddia təmin edilməsin. 150 (bir yüz əlli) manat məhkəmə xərci Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6ndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-20/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-20/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver