Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-20/2023 15.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X17, X9, X44, X38, X5, X39, X10, X52, X12, X28, X20, X40, Hacıyeva Hicran Qəzənfər qızı, X45, X13, X41, X7, X21, X22, X23, X29, X24, X8 və X51) çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X14 Gəncə şəhəri, X64 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanundan irəli gələn öhdəliyinin icrasına məcbur edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X64 küçəsi 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası mərhum atası X30 tərəfindən, fərdi sahibkar qismində, onun öz şəxsi vəsaiti hesabına tikilmiş, onun ölümündən sonra binanın yarımçıq qalmış işləri anası X15 şəxsi vəsaiti hesabına tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair” Fərmanına uyğun olaraq atasının inşa etdiyi qeyd edilən binanın istismarına xx.xx.2020-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən icazə verilmişdir. Binanın istismarına icazə verildikdən sonra Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyə uyğun olaraq həmin binanın üzərində mərhum atasının əmələ gəlmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün vərəsə hüquqlarından istifadə edərək etibarnamə ilə səlahiyyətləndirdiyi anası X15 vasitəsilə zəruri sənədlər təqdim edilməklə cavabdehə müraciət etmişdir. Onun bu müraciəti binada bir çox qanunsuzluqlara yol vermiş şəxsləri, o cümlədən saxta yolla yaratdığı "xxxx" MMMC-nin sədri X6 narahat etdiyi üçün onlar hər cür qanunsuz vasitələrdən istifadə edərək mərhum atasının həmin binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına mane olmağa başlamış, hətta cavabdehin əməkdaşları tərəfindən həyata keçirilən binanın müayinəsinə qanunsuz müdaxilələr edərək onların işini pozmuşlar. Təsadüfi deyil ki, Eldar Məhərrəmov saxta yolla yaratdığı "xxxx" MMMC-nin adından Gəncə İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək məhkəmə tərəfindən cavabdehin üzərinə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X64 küçəsi 2 nömrəli ünvanda yerləşən 10 mərtəbəli, 90 mənzilli yaşayış binasının mərhum Rövşən Rüstəmovun adına qeydə alınmasından çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. O, ərizəni təmin edən МХМТ(114)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərardadının çıxarılmasına nail olsa da, sonradan məhkəmənin МХМТ(114)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMMCnin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Bununla yanaşı, mərhum atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olan cavabdeh öz vəzifəsini icra etməyərək əvvəlcə qeydiyyat hərəkətlərini qanunsuz olaraq ləngidərək onu süründürməçiliyə məruz qoymuş, onun bu cür qanunsuz hərəkətsizliyindən şikayətlər etdikdən sonra isə o, müxtəlif məzmunlu, əsassız cavabları ilə qeydiyyat hərəkətlərini həyata keçirməkdən imtina etmişdir. Cavab məktublarından göründüyü kimi, cavabdeh və onun tabe olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun nümayəndələrinin müraciətinə hər dəfə başqa məzmunda əsassız və bir-birinə zidd cavablar verməklə sözün əsl mənasında müxtəlif bəhanələrlə mərhum atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 29 iyul 2020-ci il tarixli və 16 avqust 2021-ci il tarixli məktubunda əsassız da olsa qeydiyyat hərəkətlərini dayandırmaq iqtidarında olmayan məhkəmə mübahisəsinə istinad edərək həmin məhkəmə mübahisəsi üzrə yekun məhkəmə qərarı qəbul olunduqdan sonra tabeçiliyində olan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tədbirlərin görülməsinə söz versə də, 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubunda layihə və istismara icazə sənədlərində mənzillərin sayının uyğunsuzluğuna və binada ölçmə işlərinin aparılmasına bəzi sakinlər tərəfindən icazə verilməməsinə əsaslanaraq qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyimi tövsiyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 01 dekabr 2020-ci il tarixli məktubunda isə əsassız olaraq qeydiyyat hərəkətlərinə aidiyyəti olmayan və qanuni qüvvəsini almayan Gəncə şəhəri, Nizami rayon məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrinə istinad edərək mənasız formada qətnamədə ər-arvadın birgə mülkiyyət məsələsinə toxunan məhkəmənin əsassız qənaətini təsvir etmişdir. Cavabdehin və onun tabe olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərhum atasının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası aşağıdakılara əsasən qanunsuz və əsassızdır. Yaşayış binasının layihəsində mənzillərin sayının 90, icazə sənədində isə 98 göstərilməsi mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə olan çatışmazlıq kimi qiymətləndirilə bilməz. Belə ki, yaşayış binasının istismarına icazə verən müvafiq icra hakimiyyəti orqanı binanın mansard-hissəsində daha 8 mənzilin tikilib istismar edilməsinə razılıq vermişdir. Hər bir halda cavabdeh daşınmaz əmlaka baxış keçirib faktiki mülkiyyətə hüquqları dövlət qeydiyyatına almalıdır. Onunla anasının qarşılıqlı iddia ərizələri əsasında başlanan məhkəmə prosesi atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına mane ola bilməzdi. Əvvəla həmin məhkəmə prosesində atasının yaşayış binasına olan mülkiyyət hüquqları mübahisələndirilməmiş və bu hüquqların dövlət qeydiyyatına alınmasının dayandırılması barədə məhkəmə aktı mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yersiz olaraq istinad etdiyi Gəncə şəhəri, Nizami Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Qeyd etdiyi kimi bəzi şəxslər saxta sənədlər əsasında sözügedən binadakı mənzillərə yiyələnmiş və bu səbəblərdən atasının həmin binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması onları narahat etmişdir. Cavabdeh tərəfindən binada ölçmə işlərinin aparılmasına həmin şəxslərin mane olması və onların ölçmə işlərinin aparılmasına icazə verməməsi bəhanədən başqa bir şey deyildir. Cavabdeh hər bir halda dövlət orqanı olaraq səlahiyyətlərini həyata keçirilməli, qanunsuz müdaxilələr zamanı isə həmin müdaxilələrin qarşısını almaq və səlahiyyətlərinin həyata keçirilməsinə lazımi şəraitin yaradılması üçün hüquqmühafizə orqanlarına müraciət etməli idi. Sonuncu dəfə cavabdeh imtinasının əsası kimi məhkəmə mübahisəsinin mövcudluğuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə istinad etsə də konkret olaraq hansı məhkəmə mübahisəsinə əsasən ərizənin icrasından imtina etdiyini göstərməmişdir. Beləliklə də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün zəruri sənədlər cavabdehə təqdim olunsa da, o, müxtəlif bəhanələrlə mərhum atası X14 Gəncə şəhəri, X64 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində əmələ gəlmiş mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan əsassız və qanunsuz olaraq imtina edərək, qanunla nəzərdə tutulmuş öhdəliyini icra etməmişdir. Ona görə də cavabdeh mərhum atası X14 Gəncə şəhəri, X64 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanundan irəli gələn öhdəliyinin icrasına məhkəmə qaydasında məcbur edilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17, X9, X44, X38 və X5 üçüncü şəxs qismində məhkəmə icraatın cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X39, X10, X52, X12, X28, X20, X40, Hacıyeva Hicran Qəzənfər qızı, X45, X13, X41, X7, X21, X22, X23, X29, X24, X8, X25 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri, X64 küçəsi 2 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binası üzərində mərhum X14 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya dair verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına da icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alqı-satqı müqaviləsinə əsasən) şəxslər mübahisəli binanın inşasına 2006-cı ildə başlanıldığını, mülkiyyətçilərin (mübahisə yaradan şəxslərin) hesabına 2019-cu il tarixində başa çatdırıldığını, həmin şəxslər tərəfindən 15 oktyabr 2019-cu il tarixində müvafiq dövlət orqanında qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılaraq binanın qaz, su, kanalizasiya, lift sənədlərinin cəmiyyətin adına rəsmiləşdirdiklərini bildirmişlər. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X5 və vəkili X18 əvvəlki məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2020-ci il tarixli, 04 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına” icazədən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, 2 girişli, zirzəmili, 10 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixdən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********08 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, məsələ ilə bağlı hazırda məhkəmə mübahisəsinin mövcud olduğunu nəzərə alaraq, iş üzrə yekun məhkəmə qərarı qəbul olunduqdan sonra cavabdeh tərəfindən səlahiyyətləri daxilində olan tədbirlərin görülməsi təmin ediləcəkdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1613/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X31 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin 2(044)-3212/2019 saylı mülki iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsində mübahisə predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün ər-arvadın ümumi birgə mülkiyyəti sayıla bilmədiyi və onların arasında bölünə bilmədiyi qeyd edilmiş, beləliklə göstərilən mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlmədiyi göstərilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********65 saylı, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alqı-satqı müqaviləsinə əsasən) şəxslər mənzillərin onlara məxsus olduğunu, mənzillərlə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişlər. Qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********68 saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı əmlaka dair məhkəmə mübahisəsi olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********48 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. -işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, X14 qanun üzrə vərəsələri İddiaçı və X2r. -işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6141 nömrəli rəyində qeyd edilmişdir ki, Gəncə şəhəri X65 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi layihəyə uyğun inşa olunduğu müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 7685/9581/8764 nömrəli rəydən görünür ki, “Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yaşayış binası”nın tikinti layihəsinin qüvvədə olan tikinti norma və qaydaları, o cümlədən CHиП İİ-7-81*-in tələblərinə uyğun hesab edib razılaşdırmaq olar. -surəti işə əlavə edilmiş “çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2020-ci il tarixli, 0403 nömrəli rəyindən görünür ki, sözügedən tikinti obyektinin tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyəti obyektin tərkib hissələrinin təyinatı layihəyə uyğundur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-109/5/2023 nömrəli məktubdan görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, X1 heyətinin sədri seçilmiş, onun səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, X3 qurumun idarə heyətinin sədri seçilməsi faktı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mərhum X30 tərəfindən inşa edilmiş Gəncə şəhəri X65 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixdən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir. İddiaçı hazırda həmin yaşayış binası üzərində mərhum R.N.Rüstəmovun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, cavabdeh qurum tərəfindən sözügedən yaşayış binasının tikintisinin layihəyə uyğun aparılmadığına əsaslanaraq tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh qurumun imtinası ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, imtinanın əsasını tikintinin layihəyə uyğun aparılmaması təşkil etsə də, sonuncunun bu arqumenti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6141 nömrəli rəyi, xx.xx.2019-cu il tarixli, 7685/9581/8764 nömrəli rəy və “çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2020-ci il tarixli, 0403 nömrəli rəyi ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə qeyd edilmiş rəyləri əsas götürərək mübahisəli yaşayış binasının tikintisinin layihəyə uyğun aparılması nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.9-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri X65 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) ünvanında yerləşən çoxmənzilli yaşayış binası üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-20/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-20/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver