Məhkəmə qərarları › İş №2-1(114)-200/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-200/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-200/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X9) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında, ********** qeydiyyat nömrəli 30 04.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. Həmin mənzil iddiaçının anası X14 tərəfindən 20.04.2021-ci il tarixli Gəncə Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanılmışdır. Üçüncü şəxs X9 iddiaçının mərhum qardaşı Elxanın arvadıdır. Məlumat üçün bildirilir ki, iddiaçının anası X14 qeyd edilən mənzil onun mülkiyyətində olan zaman X4 qarşı kompensasiya verilməklə istifadə hüquqların xitam verilməklə cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(043)-3387/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X9 və X2 Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğinə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə 19.01.2021 -ci il tarixdə tam olaraq icra edilərək iş üzrə icraata xitam verilmişdir və bu barədə icra məmuru tərəfindən akt tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, mübahisəli ünvanda yerləşən mənzilin sahəsi çıxarışla 55.0 kv.m-dir və iddiaçıya məxsus mülkə bitişik 1970-ci illərin əvvəlində mərhum Ələkəbər Cəfərov tərəfindən tikilmiş əlavə tikililər mövcuddur. Cavabdehlər mübahisəli ünvanda yerləşən qanuni çıxarışla olan mənzili boşaltsalar da mülkə bitişik tikililəri zəbt edərək əşyalarını həmin hissəyə yığmışlar və iddiaçıya mülkiyyətindən istifadə etməyə imkan vermirlər və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduğundan İddiaçı cavabdehlər X9 və X4 qarşı cavabdehlərin və onlara məxsus əşyaların Gəncə şəhəri, A.Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzilə bitişik əlavə tikililərdən çıxarılması və onların qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. 12.10.2021ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçıya məlum olmuşdur ki, Gəncə şəhəri, A.Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzilə bitişik əlavə tikililər Cavabdeh Başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamı ilə 9 saylı mənzil kimi Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Güləndam Cəfərovanın ailəsinin istifadəsinə verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Belə ki, mübahisəli mənzilə bitişik tikililər 1970-ci ilin əvvəllərində hazırkı iş üzrə iddiaçının atası Ələkbər Cəfərov tərəfindən tikilmişdir. Bundan başqa arxiv sənədlərində də Gəncə şəhəri, A.Səhhət küçəsi, ev 56/7 cəmi 8 mənzildən ibarət olmuşdur. İcra Hakimiyyətinin həmin mənzili necə 9 saylı mənzil hesab edərək balansa götürməsi tam müəmmaldır. 9 saylı mənzilin mövcud olması 8 saylı mənzili tamamilə istifadəyə yararsız hala gətirir və iddiaçının xüsusi mülkiyyətini yararsız bir mənzil edir. Odur ki, iddiaçı Cavabdeh Başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(043)-3387/2020 saylı qətnaməsi qüvvəyə minib və icra olunub. İddiaçının vəkili X12 məhkəmə iclasında bildirmişdir ki, 56/7 binada cəmi 8 mənzil olub, həmin binada 8 nömrəli mənzil iddiaçının valideyinin olub, sonradan iddiaçıya bağışlanıb. 8 nömrəli mənzilə bitişik əlavə tikinti apararaq otaqların sayını artırıb və mənzili böyüdüblər. Həmin tikili iddiaçının və ailə üzvülərinin istifadəsində olub, buna baxmayaraq üçüncü şəxs Cavabdehndən ayrıca ünvan alıb. Tikilinin hüquqmüəyyənedici sənədi yoxdur, sadəcə 1987-ci ildən iddiaçının ailəsinin istifadəsində olduğu halda 3-cü şəxsə verilməsi qanunsuz olmuşdur. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bilirmişdir ki, üçüncü şəxsə həmin sahənin verilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır, iddiaçının mülkiyyətinə heç bir müdaxilə edilməmişdir. Üçüncü şəxs X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bilirmişdir ki, o, 42 ildir həmin evdə yaşayır, əri öldükdən sonra ona kompensasiya verilmiş və evdən çıxarılmışdır. Sonra bu evin qarşısındakı özbaşına tikiliyə köçmüş və orada yaşamağa başlamışdır. Daha sonra isə Şəhər İcra Hakimiyyətindən həmin tikiliyə sərəncam verilmişdir. Üçüncü şəxsin vəkili X8 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bilirmişdir ki, iddiaçının mübahisələndirilən sərəncamın mövcudluğu barədə əvvəllər məlumatlı olduğu halda iddia müddətini ötürmüşdür. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsində həmin sərəncam şərh olunub. Bundan əlavə iddiaçının həmin tikili ilə bağlı subyektiv hüququ yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 20.04.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 55 kv/m olan mənzili İddiaçı bağışlamışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 30.04.2021-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci tarixli 2(043)-3387/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər X9 və X2 Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması qət edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7 nömrəli binanın, ümumi sahəsi 59,5 kv.m yaşayış sahəsi 19,1 kv.m olan bir otaqlı 9 nömrəli mənzili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Güləndam Cəfərovanın ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 07.01.2022-ci il tarixli **********81 nömrəli məktubunda bildirilir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7 nömrəli binanın 3 saylı Gəncə Ərazi İdarəsinin Milli Qeydiyyat sistemində 8 ədəd mənzil qeyd edilmiş və onlardan 3,5,7 və 8 nömrəli mənzillər qeydiyyatdan keçmişdir. -Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.01.2022-ci il tarixli **********240 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi olaraq X14, eləcə də ailə üzvü kimi X10, X6, X7 və X13 qeyd olunmuşdur. -Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.01.2022-ci il tarixli **********240 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin sahibi olaraq X9, eləcə də ailə üzvü kimi X11 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddianın müddətlə bağlı mümkünlük şərti ilə bağlı qeyd olur ki, mübahisələndirilən sərəncamın özündə şikayət vermə müddəti göstərilməmişdir. Bu halda iddiaçının İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsinə əsasən 6 ay ərzində sərəncamı mübahisələndirmək hüququ olmuşdur. Sərəncam 19.04.2021-ci il tarixdə verilmiş, iddiaçı isə sərəncamın mövcudluğu barədə Kəpəz Rayon Məhkəməsində 12.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məlumat aldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X1 şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 55 kv/m olan ona məxsus mənzili 20.04.2021-ci il tarixdə İddiaçı bağışlamış, ********** qeydiyyat nömrəli, 30.04.2021-cı il qeydiyyat tarixli çıxarışa əsasən həmin mənzil iddiaçının adına qeydiyyata alınmışdır. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7 nömrəli binanın, ümumi sahəsi 59,5 kv.m yaşayış sahəsi 19,1 kv.m olan bir otaqlı 9 nömrəli mənzili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Güləndam Cəfərovanın ailəsinin istifadəsinə verilmişdir. İddiaçı isə qeyd olunan sərəncamın onun hüquqlarına toxunduğunu hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisəli tikiliyə və iddiaçıya məxsus evə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 8 nömrəli mənzil texniki pasporta uyğun olaraq 4 otaqdan ibarətdir (otaqlar boş olduğundan təyinatını müəyyən etmək mümkün olmamışdır). Otaqlar yanyana olmaqla hamısının çıxışı ümumi zala açılır. Zalın qarşısında isə bir otaq və sanitar qovşağı mövcuddur, həmin otaqda üçüncü şəxs yaşayır və özünə məxsus əşyaları və yataq dəsti mövcuddur. Hər iki tərəf bildirmişdir ki, iddiaçıya məxsus otaqların çıxışının açıldığı zal və üçüncü şəxsin əşyaları olan hissə mübahisələndirilən sərəncamla üçüncü şəxsə verilmiş sahədir. İddiaçının hər 4 otaqdan çıxışı üçüncü şəxsə verilmiş zala açıldığından və mübahisələndirilən sərəncamla ümumi istifadəsi nəzərdə tutulmadığından hesab etmək olar ki, iddiaçının özünəməxsus otaqlara giriş-çıxışı məhdudlaşmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, üçüncü şəxsə mübahisələndirilən sərəncamla verilmiş sahə 59,5 kv.m-dir, həmin sahənin dam örtüyü iddiaçının mülkiyyətində olan evin və qarşısında yerləşən və mülkiyyətdə olmayan zalın dam örtüyü ilə bitişikdir. Beləliklə təqdim edilmiş sənədlərlə və yerli baxış zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan dörd otaqdan ibarət mənzilin qarşısında yerləşən və dam örtüyü iddiaçının mülkiyyətində olan mənzilin dam örtüyü ilə bitişik olan özbaşına tikili mübahisələndirilən sərəncamla üçüncü şəxsin istifadəsinə verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, mövcud qanunvericilikdə özbaşına tikililərin yerli icra hakimiyyətinin balansına götürülməsi və istifadə üzrə sərəncam verilməsi nəzərdə tutulmamışıdır. Həmçinin qanunvericilikdə daşınmaz əmlaklara ünvan verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid olduğu halda mübahisələndirilən sərəncamla özbaşına tikiliyə 9 nömrə ilə ünvan verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nın 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir:- -3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; -3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; -3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; -3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; -3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; -3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda Beləliklə mübahisələndirilən sərəncam qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olmaqla iddiaçının mülkiyyətində olan mənzildən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yaratmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 19.04.2021-ci il tarixli 85 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar