Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-200/2024 16.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli 703 nömrəli attestata əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə Azərbaycan SSR Daşkəsən rayon 33 nömrəli texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1975-ci il tarixdə təhsil müddəti 1 il olan həmin məktəbi traktorçu-maşinist peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli traktorçu-maşinist ixtisası verilmişdir.
3. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur.
4. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Daşkəsən rayon təmirtikinti sahəsində 4-cü dərəcəli ekskavatorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Daşkəsən Məişət təsərrüfatı tikinti idarəsində 4-cü dərəcəli ekskavatorçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Kirovabad təmir-tikinti idarəsində 3-cü dəcərəli ekskvatorçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Karaqanda sənaye trestində 5-ci dərəcəli ekskvator sürücüsü, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Daşkəsən Məişət təsərrüfatı tikinti idarəsində 5-ci dərəcəli ekskvatorçu, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Dağ Mədən kombinatında suvaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində 7 nömrəli mağazada İİ dərəcəli satıcı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mərkəziləşmə kitabxanasında elektrik, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə elektrik şəbəkəsi Nəqliyyat xidmətində 4-cü dərəcəli ekskvatorçu, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Daşkəsən şəhər təmir-tikinti sahəsində 5-ci dərəcəli rəngsaz-suvaqçı işləmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin, təhsil haqqında attestatın surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 5 ay 3 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək X3 Şöbəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mədəniyyət Şöbəsində olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (1994-1998-ci il işdən azad olma möhürü SSRİ-ə aid olduğundan, 1998-2000-ci illərə aid qeydlər kiril qrafikalı əlifba ilə və eyni xəttlə yazıldığından) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
6. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-H-82- 1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Daşkəsən rayon X1 1991-2000-ci illəri əhatə edən şəxsi heyət üzrə əmr kitabları gəmiricilər tərəfindən islaholunmaz dərəcədə korlandığına görə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin MEYK-sı tərəfindən xx.xx.2021-ci il tarixli 05 nömrəli protokolu ilə Daşkəsən rayon Dövlət Arxivinin fondundan silinmişdir. Sənədlər Arxiv fondunda mövcud olmadığına görə, İddiaçı həmin təşkilatda işə qəbul olması və işdən azad olması barədə məlumat vermək imkan xaricindədir.
7. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-H-83- 1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Daşkəsən rayon Mədəniyyət Şöbəsinin 1998-2000-ci illəri əhatə edən şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları yoxlanılmış, lakin həmin sənədlərdə İddiaçı adına rast gəlinməmişdir.
8. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-BRA/1-21/2023 nömrəli məktubunda göstərilmişdir ki, Daşkəsən rayon X1 1991-2000-ci illəri əhatə edən şəxsi heyət üzrə əmr kitabları gəmiricilər tərəfindən islaholunmaz dərəcədə korlandığına görə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin MEYK-sı tərəfindən xx.xx.2021-ci il tarixli 05 nömrəli protokolu ilə Daşkəsən rayon Dövlət Arxivinin fondundan silinmişdir. Sənədlər Arxiv fondunda mövcud olmadığına görə, İddiaçı həmin təşkilatda işə qəbul olması və işdən azad olması barədə məlumat vermək imkan xaricindədir. Daşkəsən rayon Mədəniyyət Şöbəsinin 1998-2000-ci illəri əhatə edən şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları yoxlanılmış, lakin həmin sənədlərdə vətəndaş İddiaçı adına rast gəlinməmişdir.
9. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-16RA/2-11-32-1/2024 nömrəli arayışında qeyd edilmişdir ki, Xanlar rayon N.Nərimanov adına qoyunçuluq sovxozunun arxiv fondunda saxlanılan əmr kitablarında İddiaçı 04 fevral 1976-cı il tarixli 16 saylı əmrlə xx.xx.1976-cı il tarixdən traktorçu təyin edildiyi, 02 mart 1977-ci il tarixli 30 saylı əmrlə 02 mart 1977-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edildiyi göstərilmişdir.
10. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-16RA/2-H-32-A- 1/2024 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1976-cı ilin fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1977-ci ilin yanvar ayında əmək haqqı almış, fevral ayında isə məzuniyyətdə olmuşdur.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2- 52882/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 030265 nömrəli pensiya işi materiallarında aşkar edilən məlumatlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983- cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrləri olmaqla xx.xx.2006-cı il tarixinədək 24 il 9 ay 12 gün ümumi iş stajı nəzərə alınmışdır. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh X5 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin 07 aprel 2023-cü il tarixli məktubu əsasında ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik iş stajın olması öz təsdiqini tapmamışdır. Həmçinin, əmək kitabçasının doldurulma qaydalarına əməl edilməyən dövrlər, yəni xx.xx.1004-xx.xx.1998-ci illər, xx.xx.1998-xx.xx.2000-ci illərə aid qeydlər nəzərə alınmamışdır. Hesab edir ki, bu əsaslarla ərizənin müsbət həllindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, “Əmək Pensiyası haqqında" Azərbaycan Respublikası Qanunun 22-1.1. bəndinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1. bəndinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-eı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Hesab edir ki, onun iş stajı əmək pensiyası təyin edilməsi məqsədilə kifayət qədər qanuni əsas verir. Həmçinin, əmək kitabçasının işəgötürən tərəfindən doğru hesab edilməyən şəkildə doldurulması onun təqsirindən baş verməmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində satıcı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mədəniyyət şöbəsinin mərkəzləşmiş kitabxanasında elektrik və Xanlar rayon Nəriman Nərimanov adına sovxozda 1976-cı ilin fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1977-ci ilin yanvar, fevral aylarında traktorçu işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).
27. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçının pensiya işi üzrə icraat materialları; - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli 703 nömrəli attestat; - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınaın xx.xx.2023-cü il tarixli imtina cavabı; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-H-82- 1/2023 nömrəli, 3-48-13RA/2-H-83-1/2023 nömrəli arxiv arayışları; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-BRA/1-21/2023 nömrəli məktubu; - Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-16RA/2-11-32-1/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-48-16RA/2-H-32-A-1/2024 nömrəli arxiv arayışları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 52882/2024 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (1994-1998-ci il işdən azad olma möhürünün SSRİ-ə aid olması, 1998-2000-ci illərə aid qeydlərin kiril qrafikalı əlifba ilə və eyni xəttlə yazılması) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
31. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
32. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
35. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
36. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
38. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
39. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
40. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
41. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Daşkəsən rayon təmir-tikinti sahəsində 4-cü dərəcəli ekskavatorçu (6 ay 18 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Daşkəsən Məişət təsərrüfatı tikinti idarəsində 4-cü dərəcəli ekskvatorçu (3 il 3 ay 6 gün), xx.xx.1983cü il tarixdən xx.xx.1983-cü il tarixədək Kirovabad təmir-tikinti idarəsində 3-cü dəcərəli ekskavatorçu (5 ay 7 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Karaqanda sənaye trestində 5-ci dərəcəli ekskvator sürücüsü (2 ay 8 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Daşkəsən Məişət təsərrüfatı tikinti idarəsində 5-ci dərəcəli ekskvatorçu (1 il 2 ay 8 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Dağ Mədən kombinatında suvaqçı (8 il 6 ay 24 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində 7 nömrəli mağazada İİ dərəcəli satıcı (4 il 9 ay 11 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mərkəziləşmə kitabxanasında elektrik (1 il 9 ay 20 gün), xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə elektrik şəbəkəsi Nəqliyyat xidmətində 4-cü dərəcəli ekskvatorçu (1 il 8 ay 18 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Daşkəsən şəhər təmir-tikinti sahəsində 5ci dərəcəli rəngsaz-suvaqçı (3 ay 7 gün) işləmişdir.
42. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışlarında Xanlar rayon N.Nərimanov adına qoyunçuluq sovxozunun arxiv fondunda saxlanılan əmr kitablarında İddiaçı 04 fevral 1976-cı il tarixli 16 saylı əmrlə xx.xx.1976-cı il tarixdən traktorçu təyin edildiyi, 02 mart 1977-ci il tarixli 30 saylı əmrlə 02 mart 1977-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edildiyi və 1976-cı ilin fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1977-ci ilin yanvar ayında əmək haqqı almış, fevral ayında isə məzuniyyətdə olduğu qeyd edilmişdir (1 il).
43. Bundan əlavə, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (11 ay 22 gün) təhsil və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 2 gün) hərbi xidmət müddətləri də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox olması (cəmi 25 il 8 ay 22 gün) müəyyən edilir.
44. Məhkəmə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində 7 nömrəli mağazada və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mərkəziləşmə kitabxanasında əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
45. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
46. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
49. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.
50. Cavabdeh orqan 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edilməsinə baxmayaraq 1994-1998-ci il işdən azad olma möhürünün SSRİ-ə aid olmasını, 1998-2000-ci illərə aid qeydlərin kiril qrafikalı əlifba ilə və eyni xəttlə yazılması əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir.
51. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və SSRİ-yə aid möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.
52. Digər və ən vacib məqam isə ondan ibarətdir ki, cavabdeh orqan hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edərkən mübahisələndirdiyi – xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində satıcı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mədəniyyət şöbəsinin mərkəzləşmiş kitabxanasında elektrik işlədiyi dövrləri ona əlliliyə görə əmək pensiyası təyin edərkən pensiya hüququ verən iş stajı kimi nəzərə almış və həmin dövrlə bağlı (əmək kitabçasındakı qeydlərlə bağlı) heç bir mübahisə açmamışdır.
53. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır.
54. Məhkəmə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
55. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
56. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.
57. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
58. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
59. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X3 şöbəsində satıcı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Mədəniyyət şöbəsinin mərkəzləşmiş kitabxanasında elektrik və Xanlar rayon Nəriman Nərimanov adına sovxozda 1976-cı ilin fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1977-ci ilin yanvar, fevral aylarında traktorçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva