Məhkəmə qərarları › İş №2-1(114)-2001/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2001/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2001/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mərhum atası X3 “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi üzərində hüquqlatın qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X3 “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi və yaşamaq üçün vaqon verilmişdir. Həmin vaxtdan atası ailəsi birlikdə orada yaşamışdır. O, 1980-ci ildə orada anadan olmuş və orada yaşamışdır. Atası 2001-ci ildə vəfat etmiş və sonra torpaqdan o, istifadə etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət edilsə də, müraciətindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Həmçinin bildirmişdir ki, torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinə dair koordinatlarını təsdiq edən sənədi yoxdur. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş və faktiki istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və ərizədə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığını, həmçinin faktiki torpaq sahəsinə münasibətdə bələdiyyə xəritəsinə əsasən, dəvlət mülkiyyətində olan bir hissəsi yaçayış məntəqələri təyinatı torpaqları, digər bir hissəsi sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatı torpaqları kimi qeyd olunmuşdur. Bundan başqa torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli hava elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas gətirən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsinin məkan göstəricilərini(koordinatlar və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir.Araşdırma iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0, 28 torpaq sahəsinə istinad edilmişdir. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd kimi təqdim edilmiş aktdan müəyyən olunur ki, 1977-ci ildə X2 ailə vəziyyətini yaxşılaşdırmaq məqsədilə ona yaşamaq üçün vaqon verilmişdir. Həmin vaqonun ətrafında 0,8 ha əkin yeri düzəltdirmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçını iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Həmçinin müəyyən edilmişdir ki, “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsinin məkan göstəricilərini(koordinatlar və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir.Araşdırma iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0, 28 torpaq sahəsinə istinad edilmişdir. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçının özünə də məhəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsindən uzun müddət istifa etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar