Məhkəmə qərarları › İş №2-1(114)-2001/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2001/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2001/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın üzərinə xx.xx.2006-cı il tarixədək ona təyin olunmuş yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə doğulmuş, xx.xx.2005-ci il tarixdən ona 3 uşaq anası kimi yaşa görə əmək pensiyası o zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun iş stajı və yaş əsas götürülərək pensiya təyinatı aparılmışdır. xx.xx.2024-cü il tarixədək pensiyasını heç bir problem olmadan almışdır. xx.xx.2024-cü il tarixdən əmək pensiyası dayandırılmış və ona qanunsuz olaraq yaşa görə sosial müavinət təyin olunmuşdur. Səbəb kimi Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun olmaması göstərilir. İddiaçı hazırda yaşadığı qəsəbədə doğulmuş, orta məktəbi həmin yerdə bitirmiş, ali təhsilini də Gəncədə almışdır. Təhsili qiyabi olduğundan qəsəbəsində yerləşən Azərbaycan X1 6 il işləmişdir. 1976-cı il tarixdə Gürcustan SSR-də ərə getmiş, 3 uşağı var. 1995-ci ilin dekabr ayının 29 da atası vəfat etmişdir. O günnən iddiaçı daimi olaraq Samux rayonu, İnstitut qəsəbəsində yaşayır. O, 51 yaşı tamam olanda 3 uşaq anası kimi keçmiş SSRİ Pasportu ilə yaşa görə əmək pensiyası ilə təmin olunmuşdur. 1995-ci ilin dekabr ayının 29-dan o yuxarıda qeyd etdiyi ünvanda oğlum ilə birgə yaşayır. 2010-cu il tarixdən 28 12.2020-cı il tarixədək müxtəlif müddətlərə verilmiş Azərbaycan Respublikası ərazisində müvəqqəti xx.xx.2020-ci il tarixdən isə daimi yaşamaq üçün icazə vəsiqəsi almışdır. Yəni vəsiqələrin adı müvəqqəti olsa da, iddiaçı bir gün də olsun Azərbaycandan kənarda yaşamamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2001/2025 nömrəli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-2001/2025 nömrəli qəraradadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci il tarixdə (daimi yaşayış haqqında icazə vəsiqəsinin verildiyi tarixdə) yarandığı halda, iddiaçıya xx.xx.2006-cı il tarixdən 6 il sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2021-cı il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda. 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmış yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il. 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin R.Alievanın fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İddiaçının pensiya işində olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən iddiaçının cəmi sığorta stajı 6 il təşkil edir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı R.Alievanın tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Odur ki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək etibarlı olan icazə vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli, 494 nömrəli qərarına əsasən, X3 yaşa görə xx.xx.2006-cı ildən 25.00 manat, xx.xx.2006-cı ildən 30.00 manat, xx.xx.2006-cı ildən 35.00 manat, xx.xx.2007-ci ildən 40.00 manat, xx.xx.2007-ci il tarixdən 50.00 manat, xx.xx.2008-ci il tarixdən 60.00 manat, xx.xx.2008-ci il tarixdən ömürlük 75.00 manat pensiya təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsinin mümkün olmaması və sosial müavinətin təyin olunması haqqında” məktubdan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilmiş, pensiyanın hazırkı məbləği 363.88 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixdən müddətsiz 0.00 manat təşkil etmişdir. vətəndaşın daimi yaşama icazəsi ilk dəfə xx.xx.2020-ci il tarixində alındığından və vətəndaşın ilkin pensiya hüququ yarandığından həmin tarixə 6 il staj əsasında pensiya təyin olunması qanuna uyğun hesab edilməmiş və pensiya ödənişi dayandırılmış, müavinət hüququna baxılması qərar alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “sosial müavinətlər üzrə” qərarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək 130.00 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək 180.00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixdək 220.00 manat müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilmiş, pensiyanın hazırkı məbləği 363.88 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixdən müddətsiz 0.00 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Samux Rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X6 həqiqətən 1995-ci ildən Samux rayonu, İnstitut qəsəbəsində yaşayır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, Rakhıla Alievanın yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixində (daimi yaşayış haqqında icazə vəsiqəsinin verildiyi tarixdə) yarandığı halda, ona xx.xx.2006-cı il tarixindən 6 il sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. -X5 xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixindən əmək pensiyasının ödənişi dayandırılmış və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş məbləğ artıq ödənilmiş vəsait hesab edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarına əsasən adıçəkilən şəxsə xx.xx.2024-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Sözügedən müavinət ödənişindən artıq ödənilmiş vəsaitin tutulması aparılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 11 noyabr 2009-cu il tarixədək qüvvədə olan redaksiyada: Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; ... İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 36. İnzibati icraatda iştirakçılar 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət edilməsi müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya rəsmi qaydada təqdim olunub-olunmaması barədə məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilmiş, lakin məhkəməyə təqdim olunmuş materiallarda mübahisələndirilən qərarların və ya qərarlar barədə məlumatın iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli, 494 nömrəli qərarına əsasən, X3 xx.xx.2006-cı il tarixdən 51 yaşının tamam, 3 uşağının və 6 il sığorta stajının olması ilə əlaqədar çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən təyin edilmiş əmək pensiyası “vətəndaşın daimi yaşama icazəsinin ilk dəfə xx.xx.2020-ci il tarixində alınması və vətəndaşın ilkin pensiya hüququnun yarandığı həmin tarixə 6 il staj əsasında pensiya təyin olunmasının qanuna uyğun hesab edilməməsi” əsası ilə ləğv edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “sosial müavinətlər üzrə” qərarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən təyin edilmiş əmək pensiyasının ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Hazırkı iddia tələbi ilə iddiaçı cavabdehin qeyd olunan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsini və xx.xx.2024-cü il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə görə, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qanunun 21.3-cü maddəsinə görə, inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının barəsində mübahisləndirilən qərarları qəbul etmişdir. Qeyd olunan inzibati aktın qəbul edilməsi üçün cavabdeh İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən, inzibati icraat başlamalı, inzibati icraatla bağlı maraqlı şəxs olan iddiaçını məlumatlandırmalı, icraatda onun iştirakını və dinlənilmək hüququnu təmin etməli idi. Yalnız bundan sonra iddiaçının hüquqlarına toxunan inzibati akt qəbul edə bilərdi. Lakin iş materiallarından cavabdeh tərəfindən inzibati icraatın aparılması, icraatla bağlı iddiaçının məlumatlandırılması, icraatda iddiaçının iştirakının təmin edilməsi, sonuncunun dinlənilməsi müəyyən olunmur. Həmçinin qeyd olunur ki, iddiaçının inzibati icraatda dinlənilməsindən imtina edilməsi üçün qanunvericikdə nəzərdə tutulan heç bir hal mövcud olmamışdır. Bundan başqa cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsaslanaraq iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin xx.xx.2020-ci il tarixdə aldığından onun əmək pensiyası hüququnun da həmin tarixdən yarandığını qeyd etmişdir. Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qeyd edilən normada Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin əmək pensiyası almaq hüququ təsbit edilmişdir. Cavabdeh göstərilən “daimi yaşayan” ifadəsini daimi yaşamaq üçün icazənin olması kimi qəbul etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, “daimi yaşayan” ifadəsi cavabdeh tərəfindən düzgün təfsir edilməmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində “Azərbaycan Respublikası ərazisində daimi yaşayan” ifadəsi şəxsin real olaraq daimi yaşaması kimi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, iddiaçı Gəncə (keçmiş Kirovabad) şəhərində doğulmuşdur, Gürcüstan Respublikasının vətəndaşıdır. 1995-ci ildən Samux rayonu, İnstitut qəsəbəsində yaşayır. Əmək pensiyasının təyin edilməsi zamanı da həmin ünvanda yaşamışdır. Göründüyü kimi iddiaçı 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşamışdır. Ona görə də onun əmək pensiyası almaq hüququ məhz ona yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdən yaranmışdır. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktları qanunsuz sayır. Hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilməli və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. xx.xx.2024-cü il tarixdən İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar