Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2003/2020 01.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, tikinti materiallaı tökdürdüyü Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinə məxsus 10 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən və bələdiyyənin mülkiyyətində olan 10 sot torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci atasının qohumları Xalidə İsgəndərova, İlham İsgəndərov və Oruc İsgəndərov yaşadıqları evə gələrək bildirmişlər ki, xırmandakı torpaq sahələrini satırlar və torpağa dair bütün sənədləri var. Onlar da deyilənlərə inanıb, həmin torpaq sahəsini almağa razı olmuşlar. İlham İsmayılovun həyat yoldaşı Nurlananın iştirakı ilə 10 sot torpaq sahəsi üçün onlara 6.000 manat pul vermişlər. Sonra isə torpağa dair sənədləri tələb etdikdə verəcəklərinə söz vermişlər. İddia qaldırmazdan 2 ay əvvəl ailəsi üçün yaşayış evi tikdirmək qərarına gələrək həmin torpaq sahəsinə daş, qum, taxta və s. lazımi tikinti materiallarını tökdürmüşdür. xx xxxxxx 2020-ci ildə X2 İsgəndərova onlara gələrək bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. Onlardan tikinti materiallarını aparmağı, ərazini boşaltmağı tələb etmişdir. Həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur, bunu bilərək torpaq sahəsinin ona satılması ilə bağlı müraciət etsə də, ona imtina cavabı verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı yaşayış evi tikmək istədiyi həyətyanı torpaq sahəsinin rəsmiləşdirilməsi üçün təxminən iki ay əvvəl bələdiyyəyə müraciət etmişdir. Ondan sonra digər kənd sakini Şəmsiyyə İsgəndərova da həmin həyətyanı torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Məlum olmuşdur ki, hər iki vətəndaş eyni yerin sənədləşməsini istəyirlər. Qaracəmirli bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, tikinti materialları tökülmüş torpaq sahəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı Qaracəmirli bələdiyyəsinin iclas protokolundan çıxarışa əsasən Şəmsiyyə İsgəndərovaya məxsus olduğu aşkarlanmışdır. Şəmsiyyə İsgəndərova bələdiyyə qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi almışdır. Onun 0,10 ha hissəsində özü üçün yaşayış evi tikdirmiş, qalan 0,10 ha hissəsi isə dəmir hasara alınaraq saxlanılmışdır. Qaracəmirli bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinin plan və ölçülərinin çəkilməsi məqsədi ilə “xxxx” MMC-ə müraciət olunmuş, sonuncu tərəfindən bildirilmişdir ki, ərazi ictimai tikili üçün nəzərdə tutulmuşdur. Həmçinin həmin ərazi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və bu barədə çıxarış verilməmişdir. Odur ki, ərazinin həyətyanı torpaq sahəsi kimi sənədləşdirilməsi mümkün deyildir. Üçüncü şəxs X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə ona satılmışdır. Lakin uzun müddət Rusiya Federasiyasında olması ilə bağlı torpaq sahəsini rəsmiləşdirməmiş və çıxarış ala bilməmişdir. Hazırda torpaq sahəsi üzərində ona məxsus tikili və ağaclar var, həmçinin torpaq sahəsini dəmir hasara almışdır. Həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə aralarında heç bir daşınıq və alğı-satqı münasibətləri olmamışdır. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddiaçı tələbində məhkəmədən Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin üzərinə 0,10 sot torpaq sahəsinin ona satılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyətlər verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22 və 23-cü bəndlərinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərrac (müsabiqə) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Hazırki işdə isə, iddiaçının ona satılmasını tələb etdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan təqdirdə, cavabdehin həmin torpaq sahəsini “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22 və 23-cü bəndlərinə əsasən hərraca çıxarılması barədə qərar qəbul etməsi mümkün deyildir. Çünki həmin maddələrin tələbinə görə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərarı birlikdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərrac (müsabiqə) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2020-ci il tarixli məktubudan məlum olur ki, Kərimova Vüсalə Fəxrəddin qızının istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi artıq Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən X1 və iclas protokolu hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı iclas protokolu qüvvədə olduğuna görə, hazırda həmin torpaq sahəsinin iddiaçıya satılması istisna edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3 maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2003/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2003/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver