Məhkəmə qərarları › İş №2-1(114)-2006/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2006/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2006/2021 01.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 2011-2012-ci illərdə məhkəmə əmrinə istinad edilərək əmək haqqından qeyri-qanuni tutulan pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2011-2012-ci illərdə məhkəmə əmrinə istinad edilərək əmək haqqından qeyri-qanuni tutulan pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, maraqlı şəxs qismində qeyd etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs statusundan çıxarılması və tələbin bilavasitə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 04.11.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia tələbi üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.05.2011-ci il tarixli 2-2-2(84)-534/2011 nömrəli məhkəmə əmrinə əsasən 4.466.51 manat və 29.11.2012-ci il tarixli 2-2-5(84)- 2578/2012 nömrəli məhkəmə əmrinə əsasən 1694.69 manat məbləğində vergi borcunun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi əmr olunmuşdur. O, hər iki məhkəmə əmrində göstərilən borcu tam ödəmiş, lakin cavabdeh qeyri-qanuni olaraq onun işlədiyi müəssisəyə borcun tutulması barədə icra vərəqəsi göndərmiş və əmək haqqından 2 aylıq pul tutulmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinə borcunun olmadığı barədə rəsmi arayışı olduğundan, qanunsuz olaraq onun əmək haqqından tutulan pul geri qaytarılmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-5(84)-2578/2012 nömrəli 29.11.2012-ci il tarixli icra sənədi üzrə 118.63 (yüz on səkkiz manat altmış üç qəpik) manat icra ödənişi və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-2(84)-534/2011 nömrəli 19.05.2011-ci il tarixli icra sənədi üzrə 311.25 (üç yüz on bir manat iyirmi beş qəpik) manat icra ödənişi ümumilikdə 429.88 (dörd yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat vəsaitin borclu İddiaçı icra ödənişi kimi alınması barədə qərar qəbul edilmişdir. Hər iki icra sənədi üzrə borclu İddiaçı tələbin könüllü icrası haqqında bildirişlər verilmiş və ayrı-ayrı vaxtlarda şöbəyə dəvət olunaraq izahatı alınmış və icra ödənişi tutulması haqqında qərar qəbul edilərək borcluya bu barədə məlumat verilmişdir. Lakin borclu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2012-ci il tarixli və 19.05.2011-ci il tarixli icra sənədləri üzrə icra ödənişi tutulması haqqında qəbul edilmiş qərarı icra etmədiyi üçün, cəmi 429.88 (dörd yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat pulun ödənilməsini təmin etmək məqsədilə borclu İddiaçı əmək haqqına yönəldilmişdir. 12 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin 92 nömrəli 08.07.2021-ci il tarixli ödəniş tapşırığına əsasən borclu İddiaçı əmək haqqından 200.38 (iki yüz manat otuz səkkiz qəpik) manat icra ödənişi tutularaq Gəncə şəhəri üzrə İcra İdarəsinin hesabına köçürülmüşdür. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı etirazda qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.05.2011-ci il tarixli 2-2-2(84)-534/2011 nömrəli və 29.11.2012-ci il tarixli 2-2-5(84)- 2578/2012 nömrəli məhkəmə əmrləri, Gəncə şəhəri üzrə İcra İdarəsinin 01.08.2011-ci il tarixli və 24.01.2013-cü il tarixli 299/2013 nömrəli icraata başlamaq haqqında qərarları, 02.08.2011-ci il və 24.01.2013-cü il tarixli 299/2013 nömrəli bildirişləri, 12.08.2011-ci il və 21.08.2013-cü il tarixli izahatları, 12.08.2011-ci il və 08.02.2013-cü il tarixli icra ödənişinin haqqında qərarları, 21.05.2021-ci il tarixli 21156/13 nömrəli məktubu, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.07.2021-ci il tarixli **********473600 nömrəli məktubu və cavabdehin 14.10.2021-ci il tarixli 21156/13 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.05.2011-ci il tarixli 2-2-2(84)-534/2011 nömrəli məhkəmə əmrinə əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin tələbi üzrə İddiaçı 4466.51 manat pulun və 10 manat dövlət rüsumunun, 29.11.2012-ci il tarixli 2-2-5(84)- 2578/2012 nömrəli məhkəmə əmrinə əsasən 1694.69 manat pulun və 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi əmr edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 01.08.2011-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 19.05.2011ci il tarixli 2-2-2(84)-534/2011 nömrəli icra sənədinə əsasən İddiaçı cəmi 4466,51 manat və 24.01.2013-cü il tarixli 299/2013 nömrəli icra sənədinə əsasən 1694.69 manat vergi borcunun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilmişdir. 02.08.2011-ci il və 24.01.2013-cü il tarixli 299/2013 nömrəli bildirişlərdən görünür ki, iddiaçıya 01.08.2011-ci il və 24.01.2013-cü il tarixli bildirişlərlə 10 gün müddətində tələbin könüllü icra edilməsi üçün məlumat verilmişdir. 12.08.2011-ci il və 21.08.2013-cü il tarixli izahatlardan görünür ki, iddiaçı icra sənədinin könüllü icra edilməsi üçün icra idarəsinə dəvət olunaraq izahatı alınmış və iddiaçı 19.05.2011-ci il tarixli icra sənədi üzrə borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüş, 24.01.2013-cü il tarixli 299/2013 nömrəli icra sənədi üzrə 1964 manat borcu qəbul etmədiyini və 1230 manat borcunun olduğunu bildirmişdir. 12.08.2011-ci il və 08.02.2013-cü il tarixli icra ödənişi haqqında qərarlardan görünür ki, tələb müəyyən olunmuş vaxt ərzində borclu tərəfindən könüllü icra edilmədiyindən İddiaçı 12.08.2011-ci il tarixli qərara əsasən 311.25 manat və 08.02.2013-cü il tarixli qərarla 118.63 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. 21.05.2021-ci il tarixli 21156/13 nömrəli məktubdan görünür ki, 429.88 manat icra ödənişinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 12 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-də işləyən borclu İddiaçı aylıq əmək haqqının 50% yönəldilməsi xahiş olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.07.2021-ci il tarixli **********473600 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) 30.05.2011-ci il tarixli 2-2-2(84)-534, 29.11.2012-ci il tarixli 2-2-5(84)-2578/2012, 11.02.2013-cü il tarixli 2-2-7(84)-343/2013 nömrəli məhkəmə əmrləri üzrə borcu yoxdur. Göründüyü kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.05.2011-ci il tarixli 2-2- 2(84)-534/2011 nömrəli və 29.11.2012-ci il tarixli 2-2-5(84)-2578/2012 nömrəli məhkəmə əmrləri üzrə verilmiş icra vərəqələrinə əsasən tələb müəyyən olunmuş vaxt ərzində borclu tərəfindən könüllü icra edilmədiyindən icra məmuru tərəfindən 12.08.2011-ci il və 08.02.2013-cü il tarixlərdə icra ödənişi haqqında qərarlar qəbul edilərək icra olunması üçün iddiaçının işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 12 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə göndərilərək ümumilikdə 429.88 manat icra ödənişinin tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) qərarında qeyd edilmişdir ki, «İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırki işdə iddiaçı cavabdeh tərəfindən 2011-2012-ci illərdə məhkəmə əmrinə istinad edilərək əmək haqqından tutmanı qanunsuz hesab edərək inzibati məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, hər iki məhkəmə əmrində göstərilən borcu tam ödəmiş, lakin cavabdeh qeyri-qanuni olaraq onun işlədiyi müəssisəyə borcun tutulması barədə icra vərəqəsi göndərmiş və əmək haqqından 2 aylıq pul tutulmuşdur. Hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinə borcunun olmadığı barədə rəsmi arayışı olduğundan qanunsuz olaraq onun əmək haqqından tutulan pul geri qaytarılmalıdır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını nəzərə alıb mübahisəyə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olması nəticəsinə gəlmişdir. Lakin iddia aşağıda göstərilənlərə əsasən əsassızdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir... Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 2011-2012-ci illərdə məhkəmə əmrinə istinad edilərək əmək haqqından qeyri-qanuni tutulan pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar