Məhkəmə qərarları › İş №2-1(114)-2009/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2009/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2009/2021 03.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5, üçüncü şəxs X6 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayonu X15 (üçüncü şəxs X13) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Tovuz rayonu X15 (üçüncü şəxs X13) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli, 5 saylı qərarının X8 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini, X12 18 aprel 2007ci il tarixli 5 saylı qərarının X8 aid hissədə saxtalaşdıran və həmin saxta sənəd əsasında X8 çıxarış verən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq müvafiq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X16 15 aprel 2002-ci ildə vəfat etmişdir. Atasının doğma bacısı olan X18 isə 13 yanvar 1996-cı ildə vəfat etmiş, bibisi X18 ölən günə qədər onlarla birlikdə yaşamışdır. X14 məxsus olan Tovuz Rayonu Aşağı Quşçu kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 48 kv.m sahəsi olan yaşayış evi ölümündən sonra onun sahibliyində və istifadəsində olmuşdur. Həmin evin və torpaq sahəsinin bütün kommunal ödənişlərini özü ödəmiş, həmin evdə quraşdırılan sayğaclar onun adınadır. Ona sonradan məlum olmuşdur ki, üçüncü şəxs X4 yollarla köhnə tarixə heç bir əsası olmayan cavabdeh Tovuz rayonu X12 adından 18 aprel 2007-ci il tarixli qərar alaraq mərhum bibisinə məxsus olmuş Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış almışdır. Məhrum atası X17 və mərhum bibisi X11 doğum haqqında şəhadətnamələri olmadığına görə Tovuz Rayon Məhkəməsinə qohumluq münasibətində olma faktının müəyyən olunmasına dair ərizə ilə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən ərizəsi təmin olunmuş və 13 yanvar 1996-cı il tarixdə vəfat etmiş X18 ilə qohumluq münasibətlərində olmağı faktı, yəni onun bibisi olması faktı müəyyən edilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında Tovuz Regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə müraciət edərək müvafiq vərəsəlik işi açılmışdır. Bununla da mərhum bibisinə məxsus olan torpaq sahəsi ilə bağlı saxta verilmiş və hazırkı iddianın mübahisə predmeti olan Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmışdır. Həmin çıxarışın ləğvinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə iclasında məlum olmuşdur ki, həmin çıxarış Tovuz rayon X12 18 aprel 2007-ci il tarixli 05 saylı protokolundan çıxarış, DT və XK-nin 20.04.2007-ci il tarixli şəhadətnamə aktı, DT və XK-nin 20.04.2007-ci il tarixli 04 nömrəli torpağın alqı-satqısına dair aktı və bələdiyyənin yerquruluşu planından çıxarış əsasında verilmişdir. Torpağın alqı-satqısına dair aktın kserosurətindən görünür ki, həmin sənəd tam saxtalaşdırılmışdır. Belə ki, həmin aktda qeyd olunur ki, guya X13 18 sentyabr 2007-ci il tarixdə Tovuz rayon Aşağı Quşçu bələdiyyə orqanına ərizə ilə müraciət etmişdir. Lakin bələdiyyənin 05 saylı qərarı 18 aprel 2007-ci il tarixdə qəbul edilmişdir. X3 tərəfindən 160 manat haqq Girzan Bələdiyyəsinin hesabına əvvəlcədən ödənilmişdir. Bu qədər saxta yollarla əldə edilmiş sənəd əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən Yasin Həsənovun adına 04 noyabr 2019-cu il tarixdə çıxarış verilmişdir. Əgər torpaq sahəsi həqiqətən Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli 05 saylı qərarına əsasən X2, onda 2014-cü ildə həmin torpaq sahəsində olan evə qaz sayğacı quraşdırılanda və həmin torpaq sahəsindən faktiki olaraq o və ailə üzvləri istifadə edəndə X13 buna niyə etiraz etmirdi. Burdan belə bir nəticəyə gəlmək olar ki, X13 2019-cu ildə köhnə tarixə heç bir əsası və kökü olmayan saxta və primitiv yolla hazırlanmış bələdiyyə qərarı almışdır. Bu məsələdən yalnız bibisinə məxsus torpaq sahəsini sənədləşdirmək istəyərkən məlumatı olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon icra Hakimiyyəti Tovuz rayon Arxivinin 07 iyun 2021-ci il tarixli 109 saylı məktubundan görünür ki, X12 18 aprel 2007-ci il tarixli 5 saylı protokolunun qərarında vətəndaş X6 adı aşkar edilməmişdir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 hansısa yolla X12 18 aprel 2007-ci il tarixli 5 saylı qərarını saxtalaşdırmış və torpaq sahəsinə dair öz adına saxta çıxarış almışdır. Həmin saxta qərardan Tovuz Rayon Məhkəməsində X6 adına həmin torpaq sahəsi ilə bağlı çıxarışın etibarsız hesab edilməsinə dair iddia baxılan zaman məlumatı olmuşdur. Bundan sonra mərhum bibisi ilə qohumluq münasibətini müəyyən etmək üçün məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(062)-1742/2021 saylı qətnaməsi qanuni qüvvəyə minəndən sonra Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinə müraciət edərək 07 sentyabr 2021-ci il tarixli məktubu almış, bundan sonra hazırkı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X6 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş edərək izahatında göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsi onlara məxsus olmaqla hazırda həmin evdə atası yaşayır və həmin torpaq sahəsi bələdiyyə sənədi əsasında alınmışdır. Həmin ev atasının adına qeyd olunmaqla mülkə dair çıxarış sənədi əldə edilmişdir. Cavabdeh Tovuz rayonu X15 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin olaraq məhkəmə iddiaçının iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizəsini nəzərdən keçirib qeyd edir ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli 2(062)-1742/2021 nömrəli qətnaməsi ilə 13.01.1996-cı il tarixdə vəfat etmiş X11 ərizəçi İddiaçı bibisi olması faktı müəyyən edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yaranmışdır ki, iddiaçı məhz subyektiv hüququ yarandığı andan qanunla müəyyən edilmiş müddət ərzində Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, işdə olan Tovuz rayon X12 125 nömrəli, 09.10.2019-cu il tarixli məktubundan məlum olur ki, X11 Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadığı 0,05 ha torpaq sahəsi Aqrar İslahat zamanı bələdiyyə xəritəsində sahibsiz kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 01.06.2021-ci il tarixli məktubundan məlum olur ki, vəkil sorğusuna əsasən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X8 məxsus 0,08 ha torpaq sahəsinin Tovuz rayonu X12 18.04.2007-ci il tarixli, 05 saylı protokolundan çıxarış, DT və XK-nin 20.04.2007-ci il tarixli şəhadətnamə aktı, DT və XK-nin 20.04.2007-ci il tarixli, 04 nömrəli torpağın alqı-satqısına dair aktı və bələdiyyənin yerquruluşu planından çıxarışı əsasında verilməsi bildirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 01.06.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya rəsmi qaydada məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Tovuz rayonu X12 18.04.2007-ci il tarixli, 05 saylı protokoluna əsasən X1. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Əks yanaşma iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudladırmağa gətirib çıxara bilər. Göründüyü kimi hazırki iddia – mübahisələndirimə haqqında iddia növünə aiddir və iddiaçı inzibati aktın - Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli, 5 saylı qərarının X8 aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatının dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsində də inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Bununla yanaşı mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə (inzibati orqan tərəfindən məhkəmə qərarının icrasına zərurət qalmadan) hüquqi vəziyyəti dəyişdirir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Əlverişsiz (yükləyici) inzibati aktın ünvanlandığı şəxs həmin inzibati akta qarşı mübahisələndirmə haqqında iddia qaldırmağa bütün hallarda səlahiyyətli olur. Çünki iddiaçının onun üçün əlverişsiz (yükləyici) nəticələr yaradan inzibati aktın ləğv edilməsinə dair maddi-hüquqi tələbi mövcuddur. İnzibati İcraat haqqında Qanunun 2.0.11-ci maddəsinə əsasən maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifələr qoyan akt əlverişsiz (yükləyici) inzibati aktdır. Əlverişsiz (yükləyici) inzibati aktın qəbulu həmişə inzibati aktın ünvanlandığı vətəndaşın hüquqlarına müdaxilə deməkdir və mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, mübahisələndirilən inzibati akt iddiaçının hüquq və qanunla qorunan maraqlarını, başqa sözlə, iddiaçının (subyektiv) hüquqlarını pozsun. Həm iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin 07.06.2021-ci il tarixli 109 nömrəli məktubunda, həm də məhkəmənin sorğusu əsasında daxil olmuş Tovuz rayon Dövlət Arxivinin 27.09.2021-ci il tarixli 212 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli, 5 saylı qərarında X6 adı aşkar edilməmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında daxil olmuş Tovuz rayon Dövlət Arxivinin 22.10.2021-ci il tarixli 244 nömrəli məktubuna əlavə edilən Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli 5 saylı qərarının təsdiq edilmiş surətindən də görünür ki, həyətyanı torpaq sahəsinin satıldığı vətəndaşların siyahısında X6 adı mövcud deyildir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktda - Tovuz rayonu X12 18 aprel 2007-ci il tarixli, 5 saylı qərarında X6 adı mövcud olmadığından, yəni mübahisələndirilən qərar iddiaçının hüquqi maraqlarına toxunmadığından inzibati aktın hissəvi ləğv edilməsi tələbinə dair iddia da mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tovuz rayonu X15 (üçüncü şəxs X13) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar