Məhkəmə qərarları › İş №2-1(114)-2009/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2009/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2009/2025 23.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2011-ci ilin iyun ayından zabit kimi milli ordu sıralarında xidmət edir və hazırda N nömrəli Hərbi Hissənin Qastroenterologiya bölməsinin rəisi vəzifəsindədir. Zabit vəzifəsində 10 il xidmət etdiyi və onunla bağlanılmış müqavilənin müddətinin bitdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı müraciət etsə də, cavabdeh orqan tərəfindən müvafiq əmr verilməmişdir. Belə ki, iddiaçı raportla müraciət edərək 10 il zabit kimi xidmətinin tamam olması ilə əlaqədar özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün və ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından tərxis olunmağına köməklik göstərilməsini xahiş etsə də, 2021-ci ilin iyun ayında 10 il xidmətinin tamam olmasına baxmayaraq, onun raportu aidiyyəti şəxslər tərəfindən qeydiyyata alınmamış və ordu sıralarından tərxis olunmağı barədə müvafiq əmr verilməmişdir. Məhz bu səbəbdən vəkili cavabdeh orqana müraciət edərək onun ordu sıralarından təxris olunmağı barədə əmrin verilməsinə köməklik göstərilməsini xahiş etsə də, cavabdeh orqan həmin müraciəti poçt vasitəsi xx.xx.2024-cü il tarixdə qəbul etsə də, müraciətə cavab verilməmiş və onun ordu sıralarından təxris olunmağı barədə əmr verilməmişdir. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. İşin halları Nümayəndə-vəkil Nümayəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, N nömrəli Hərbi Hissənin Qastroenterologiya bölməsinin rəisi vəzifəsində xidmət edən İddiaçı ordu sıralarından tərxis olunması barədə əmrin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli İ söhbət vərəqəsindən görünür ki, tibb xidməti mayoru İddiaçı Azərbaycan Ordusunda 10 ildən artıq xidmət etdiyi, özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə raportla müraciət etmişdir. Öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 141 nömrəli arayışına əsasən, İddiaçı hərbi həkim komssiyası tərəfindən şəhadətlədirilmişdir. Komissiyanın qərarı “hərbi xidmətə yararlıdır”. xx.xx.2024-cü il tarixli İİ söhbət vərəqəsindən görünür ki, tibb xidməti mayoru İddiaçı 10 ildən artıq Azərbaycan Ordusunda, 7 ildən ildən artıq N nömrəli hərbi hissədə xidmət edir. Birinci söhbət zamanı qeyd etdiyi kimi özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün ehtiyata buraxılmağı istəmişdir. Öz arzusu ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə bir daha mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli Təqdimatına əsasən, tibb xidməti mayoru İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissənin Qastroenterologiya bölməsinin rəisi tibb xidməti mayoru İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. Tibb xidməti mayoru İddiaçı raportu “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 162-ci maddəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq qərar və əmrlərinin tələblərinə əsasən icra edilmiş, belə ki, xx.xx.2023-cü il tarixdə birinci söhbət aparılmış və söhbət zamanı Azərbaycan Ordusunda 10 ildən artıq xidmət etdiyini, özünü mənəvi cəhətdən yorğun hiss etdiyini və tibbi müayinəyə ehtiyacı olduğunu bildirmişdir. Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar hərbi xidmətə yararlılığının təyini üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasına göndərilmiş və xx.xx.2024-cü il tarixli 141 nömrəli arayışa əsasən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 02 fevral 2024-cü il tarixdə ikinci söhbət aparılmış, fiziki və mənəvi cəhətdən yorğun olduğu üçün ordu sıralarından ehtiyata buraxılmağını bir daha xahiş etmişdir. Tibb xidməti mayoru İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq müvafiq qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmişdir, 21 fevral 2024-cü il tarixdə Azərbaycan Ordusunda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j"”bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları barədə müraciətlərin sayının artması səbəbi ilə tibbi təminatın keyfiyyətli təşkilində və kadrların karyera inkişafının planlaşdırılmasında ciddi çətinliklər yarandığı üçün təqdimat icra edilmədən geri qaytarılmışdır. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, tibb xidməti mayoru İddiaçı həqiqətən xx.xx.2009-cu il tarixdən həqiqi hərbi xidmətdədir, xx.xx.2011-ci il tarixdən, xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci tarixədək N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah bölüyünün tibb məntəqəsinin rəisi, xx.xx.2012ci il tarixdən, xx.xx.2016-cı il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rezidenti, xx.xx.2016-cı il tarixdən, xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin həkim-terapevti, xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin rəisi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifələrində xidmət etmiş, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifəsində xidmət edir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ

1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə 22. Təklif, ərizə və şikayət hüququ

2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun Silahlı Qüvvələrdən ehtiyata buraxılmasıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə görə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən, öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən həqiqi hərbi xidmətdədir, xx.xx.2011-ci il tarixdən, xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci tarixədək N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah bölüyünün tibb məntəqəsinin rəisi, xx.xx.2012ci il tarixdən, xx.xx.2016-cı il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rezidenti, xx.xx.2016-cı il tarixdən, xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin həkim-terapevti, xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin rəisi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifələrində xidmət etmiş, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifəsində xidmət edir. Tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün xidmət etdiyi N saylı hərbi hissəyə raportla müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi hissə tərəfindən iddiaçı ilə iki dəfə söhbət aparılmış, iddiaçı hərbi həkim komssiyası tərəfindən şəhadətlədirilmişdir. N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyi qarşısında tibb xidməti mayoru İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalar barədə müraciətlərin sayının artması səbəbi ilə tibbi təminatın keyfiyyətli təşkilində və kadrların karyera inkişafının planlaşdırılmasında ciddi çətinliklər yarandığı üçün təqdimat icra edilmədən geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Qeyd olunan qanunvericilik normalarına əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Göründüyü kimi iddiaçının hazırda ehtiyata buraxılmasını tələb etməsi onun hüququdur. Qanunvericilikdə isə hərbi qulluqçuların qeyd olunan hüququnu məhdudlaşdıran hər hansı norma nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j bəndində əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar