Məhkəmə qərarları › İş №2-1(114)-201/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-201/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-201/2021 28.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər X3, X1 və X4) qarşı Gəncə şəhəri, V.Xuluflu küçəsi 79 saylı evə pasport qeydiyyatına alınması tələbi üzrə inzibati işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 79 saylı evə pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə həyatı qurduqdan sonra, yəni 2007-ci ildə Gəncə şəhəri, V.Xuluflu küçəsi, 79 saylı evə gəlin köçmüş və hal-hazırki vaxta qədər əri X3, qaynı X1 və qaynanası X4 ilə birlikdə həmin evdə yaşayır. Lakin buna baxmayaraq cavabdeh orqan onu həmin ünvana qeydiyyata salmır. Uzun müddət yaşadığı evə qeydiyyata düşmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktub ilə imtina edərək aidiyyatı üzrə məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ilin mart ayına kimi başqa evdə qeydiyyatda olmuş, lakin həmin ev satıldığı üçün qeydiyyatdan çıxmışdır. Hazırda yaşadığı evə qeydiyyata düşmək istəsədə qaynı Əlibusat Əliyevlə onun arvadı və qaynanası Samaya Əliyeva buna razılıq vermirlər. Ona görədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2008-ci il tarixli məktub, xx.xx.2020-ci il tarixli **********86 nömrəli məktub, xx.xx.2007-ci il tarixli AZ-İ 300720 nömrəli nikah haqqında şəhadətnamə, xx.xx.2020-ci il tarixli 1762 nömrəli arayış və cavabdehin xx.xx.2020-ci il tarixli 120-17731B-3220 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli məktubdan görünür ki, sözügedən evə torpaq sahəsinin ayrılmasına və tikililərin tikilməsinə dair arxiv sənədlərində müvafiq hüquqverici sənədlər yoxdur. Hal-hazırda mülk X2 adınadır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********86 nömrəli məktubdan görünür ki,Gəncə şəhəri, V.Xuluflu küçəsi, 79 saylı fərdi yaşayış evində 1962-ci ildə aparılmış inventarlaşdırma zamanı mülkün hüquq müəyyənedici sənəd olmadan X2 istifadəsində olduğu göstərilmişdir. Bu əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mülkün arxiv işində torpaq ayırma və digər hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 300720 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı nikahları xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 258 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1762 nömrəli arayışdan görünür ki, İddiaçıünvan 1 ünvanına gəlin gəlib və hal-hazırda həmin ünvanda yaşayır. Cavabdeh xx.xx.2020-ci il tarixli 120-17731B-3220 nömrəli məktubunda bildirmişdir ki, vəfat etmiş qaynatasının adına olan ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyindəı nəzərdə tutulmuş başq sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır. Məhkəmə araşdırması zamanı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın hüquq müəyyənedici sənəd olmadan X2 istifadəsində olduğu müəyyən edilmiş, iddiaçının bildirdiyinə görə həmin evdə pasport qeydiyyatında olan əri Əflatundan başqa orada qeydiyyatda olan digər şəxslər onun sözügedən evə qeydiyyata düşməsinə razı deyildir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyə uyğun olduğundan iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X3, X1 və X4) qarşı Gəncə şəhəri, V.Xuluflu küçəsi 79 saylı evə pasport qeydiyyatına alınması barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar