Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-201/2024 14.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. xx.xx.1976-cı il tarixli Kolxozçunun əmək kitabçasında İddiaçı 1975-1976-cı illərdə Mirbəşir rayonu Pravda kolxozunda işləyərək əmək haqqı aldığı, 1977-1978-ci illərdə tələbə olduğu, 1979-1981-ci ilin may ayına kimi hərbi xidmətdə olduğu, 1981-ci ildən təmir mexaniki işlədiyi qeyd edilmişdir.
3. xx.xx.1979-cu il tarixli 043675 nömrəli diploma əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X4 mexaniki və elektrikləşdirmə texnikumunda mexanikləşdirmə ixtisası üzrə əyani təhsil almış və xx.xx.1979-cu il tarixdə dövlət ixtisas komissiyasının qərarı ilə texnik-mexanik ixtisası verilmişdir.
4. xx.xx.1979-cu il tarixli NZ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
5. xx.xx.1990-cı il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdə Mirbəşir rayonu Pravda kolxozuna sıravi kolxozçu işinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə ixtisasına uyğun olaraq kolxoza təmir mexaniki vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 15k nömrəli əmrlə "xxxx" ASC-nin X1 İdarəsinin R-3 sahəsi üzrə mühəndis-hidrotexnik vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli 18k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatmasına görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
6. Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arxiv arayışında İddiaçı 1988-1999-cu illərdə Tərtər rayonu Pravda kolxozunda işlədiyi və əmək haqqı aldığı, 1988-ci ilədək sabiq Pravda kolxozunun əmək haqqı sənədləri idarə binasının yanması nəticəsində yandığı üçün rayon Dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi qeyd edilmişdir.
7. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun, hərbi biletinin və arxiv arayışının surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 19 il 7 ay 18 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 15482,33 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 il 11 ay sığorta stajına uyğun olaraq 4130,39 manat olmaqla, ümumilikdə 19612,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim etdiyi diplomunun və hərbi biletinin surətlərinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək olan hərbi xidmət dövrü ilə əmək fəaliyyəti üst-üstə düşdüyündən sığorta stajına təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövrlər daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək (1 il 6 ay 27 gün) Tərtər rayonunun «Pravda» adına kolxozda ictimai üzvlüklə kolxozçu işlədiyi, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək (2 il 5 ay 24 gün) X4 Texnikumunda orta ixtisas təhsili aldığı, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (2 il 1 ay 1 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1981-ci ildən 1999-cu ilin sentyabr ayınadək (18 il 2 ay) Tərtər rayonun «Pravda» adına kolxozda mexanik, baş mexanik vəzifələrində, 2000-2004-cü illərdə (5 il) Tərtər rayon Azadqaraqoyunlu Bələdiyyəsində işlədiyi, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək isə X1 Sahəsində mühəndis-hidrotexnik vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün ümumi iş (sığorta) stajına malik olmağı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. Belə ki, xx.xx.1975-ci ildən xx.xx.1976- cı ilədək (1 il 6 ay 27 gün ) Tərtər rayonun «Pravda» adına kolxozda ictimai üzvlüklə kolxozçu işləmiş, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək (2 il 5 ay 24 gün) X4 Texnikumunda orta ixtisas təhsili almış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (2 il 1 ay 1 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən 1999-cu ilin sentyabr ayınadək (18 il 2 ay) Tərtər rayonun «Pravda» adına kolxozda mexanik, baş mexanik vəzifələrində, 2000-2004-cü illərdə (5 il) Tərtər rayon Azadqaraqoyunlu bələdiyyəsində işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək isə X2 Sahəsində mühəndis-hidrotexnik vəzifəsində işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək xx.xx.2023-cü ildə 65 yaşına çatmağını, xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-l/2-A-23984/2023№-li məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmiş və onun sosial təminat hüququ pozulmuşdur. Ona görə də cavabdehin bu məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
23. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli kolxozçunun əmək kitabçası; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli Д-İ 043675 nömrəli diplom; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli NZ ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1990-cı il tarixli AZE ******* nömrəli əmək kitabçası; - Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arxiv arayışı; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun, hərbi biletinin və arxiv arayışının surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 19 il 7 ay 18 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 15482,33 manat, 01,02.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 il 11 ay sığorta stajına uyğun olaraq 4130,39 manat olmaqla, ümumilikdə 19612,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim etdiyi diplomunun və hərbi biletinin surətlərinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək olan hərbi xidmət dövrü ilə əmək fəaliyyəti üst-üstə düşdüyündən sığorta stajına təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövrlər daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.
27. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
28. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
34. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
35. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
36. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
37. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına və Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu (1 il 4 ay 27 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik (6 il 6 ay 18 gün), 1988-1999-cu illlərdə kolxozda baş mexanik (11 il), xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 Sahəsində mühəndis-hidrotexnik vəzifəsində (3 il 15 gün) işləmişdir.
38. Bundan əlavə, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X4 Texnikumunda əyani təhsil aldığı (2 il 7 ay 24 gün) və xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək hərbi xidmət (2 il 1 ay 1 gün) müddətləri də vardır ki, o da nəzərə alınan zaman iddiaçının xx.xx.2023-cü il tarixədək sığorta stajının 26 il 8 ay 25 gün olması müəyyən edilir.
39. Məhkəmə iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
40. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
41. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
44. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti əmək kitabçası və arxiv arayşı ilə təsdiq olunur.
47. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva