Məhkəmə qərarları › İş №2-1(114)-2010/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2010/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2010/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci ildə Ağdam rayonu Qızılı kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə 1-ci Qarabağ müharibəsində döyüşə getmiş, N saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 1993-cü ildə hərbi xidmətdən qayıtmış, lakin indiyənə qədər müharibə veteranlıq vəsiqəsini ala bilməmişdir. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət etsə də, lazım olan sənədləri onlara göndərsə də, ona müharibə veteranlıq vəsiqəsini verməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı isə məhkəməyə teleqram vuraraq maddi vəziyyəti ilə bağlı iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 03.03.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatın 4.2, 4.3 və 4.5-ci bəndlərində təsbit edilmişdir ki, vəsiqələrin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkili müvafiq olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəislərinə həvalə edilir. Vəsiqə almaq üçün müraciət etmiş şəxslərin ərizələri əsasında onların qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən digər sənədləri toplanır. Adlı siyahılar, ərizə və veteran adı almaq üçün əsas verən sənədlərin təsdiq olunmuş surətləri baxılması üçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı mülki şəxsdir və onunla cavabdeh inzibati orqan – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında hər hansı xidməti hüquq münasibəti yoxdur. Belə olan halda isə inzibati işin aiddiyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçmişdir və buna görə də müharibə veteranı adı və vəsiqəsi tələbinə dair iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmalıdır. Bununla bağlı, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 15.09.2021-ci il tarixli sərəncam göndərilmişdir. Məhkəmənin sərəncamı 27.09.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunsa da, məhkəmənin müraciətində qeyd olunanlara dair iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmamışdır. Odur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçdiyini qeyd etsə də, iddia tələbini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yönəltdiyindən və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə məhkəməyə ərizə təqdim etmədiyindən inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Beləliklə məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquqi ünvanı ünvan 1ti Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyəşikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 8, 23 və 85. maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar