Məhkəmə qərarları › İş №2-1(114)-2011/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2011/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2011/2021 10.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (arvadı) X1 və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 18 saylı Regional ərazi filialına 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 18 saylı Regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 15.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajının 2-ci qrup əmək pensiyasına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.12.2021-ci il tarixli, 2-1(114)-2011/2021 saylı qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.01.1988-ci il Azərbaycan Respublikasının Kəlbəcər rayon "xxxx" İstehsalat Birliyində fəhlə işləmişdir. 2005-ci ilin dekabrın sonunda ərizəsinə əsasən səhhəti ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi dövrdə 2-ci qrup əlilliyə görə pensiya almışdır. İşdən azad olunduqdan sonra iş ştajı imkan vermişdir ki, pensiyası əmək pensiyası olsun. Aidiyyəti üzrə müvafiq orqana müraciət etmiş, müraciəti təmin olunmuş və 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2021-ci il iyun ayından əmək pensiyası dayandırılmışdır. Səbəbini öyrənmək üçün 04.08.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, müraciətinə cavab olaraq bildirmişlər ki, onun pensiya işində olan ******* əmək kitabçasının sürətində 1998-2005-ci illərdə Kəlbəcər rayon "xxxx" İstehsalat Birliyində işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı tələb olunan sığorta stajı təsdiqini tapmadığı üçün əmək pensiyası dayandırılmışdır. Halbuki onun işləməyini təsdiq edən əmək kitabçası var və sürətini aidiyyəti üzrə təqdim etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 10 dekabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı, iddiaçının nümayəndəsi (arvadı) X3 və cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğu-sualı nəticəsində iddiaçı işlədiyi yerin harada olmasını bilməmiş, özünün fəhlə işlədiyini qetd etmişdir, halbuki, əmək kitabçasında onun sürücü işinə qəbul edilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (arvadı) X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 04.08.2021-ci il tarixli imtina məktubunun əsli; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti; - Kəlbəcər Rayon Dövlət Arxivinin 19.10.2021-ci il tarixli, 22 nömrəli məktubunun əsli ; - Məhkəmənin sorğusu əsasında alınmış iddiaçıya məxsus pensiya işinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Verilmiş iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi 04.08.2021-ci il tarixli imtina məktubundan müəyyən edilmişdir ki, aparılmış funksional yoxlama zamanı məlum olmuşdur ki, pensiya işində olan 26.05.1998-ci il tarixində yazıldığı qeyd olunmuş ******* nömrəli əmək kitabçasının surətində iddiaçının 1998-2005-ci illərdə Kəlbəcər rayon "xxxx" İstehsalat Birliyində işlədiyi qeyd edilmişdir. Qeyd edilən illərdə işlədiyi dövrün düzgünlüyü araşdırılarkən tələb olunan sığorta stajı təsdiqini tapmamış və bu səbəbdən də, təyin olunmuş əlliyə görə əmək pensiyası ləğv edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanunauyğun hesab edir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ilk dəfə 14.07.1999-cu ildə müddətli İİİ dərəcəli əlillik və 28.04.2014-cü il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətsiz İİ dərəcəli əlillik təyin edilmiş və iddiaçı əlillik statusu qazanmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş və ona müvafiq orqan tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Qeyd olunan şərtə əməl olunmadığı üçün iddiaçıya təyin edilmiş İİ qrup əlilliyə görə əmək pensiyası dayandırılışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: - 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; - 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; - 37.8.3.bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Nəriman oğluna 30 iyun 2017-ci il tarixdən əlliliyə görə əmək pensiyası təyin edilmiş, lakin 2021-ci ilin iyul ayından etibarən iddiaçının Kəlbəcər rayon "xxxx" müəssisəsində işləməsi öz təsdiqini tapmadığı üçün əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının dayandırılması qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 18 saylı regional ərazi filialının 21 iyun 2021-ci il tarixli aktından məlum olur ki, müəssisəyə aid plan əmrlər kitabı müəssisənin sabiq müdiri S. Kazımovun qeyd etdiyinə görə ona təhvil verilməmişdir. Bu səbəbdən baxış keçirilməsi mümkün olmamışdır. 2005-ci ilə aid əmrlər kitabında vətəndaş İddiaçı adı aşkar olunmamışdır. Vətəndaş İddiaçı 1994-1998-ci illərə aid əmək haqqı cədvəlində adı aşkar olunmamışdır. Müəssisənin sabiq müdiri İ.Kazımovun bildirdiyinə görə 2010-cu ildə müəssisənin ləğvi ilə əlaqədar olaraq möhür ləğv olunmuşdur. Məhkəmə cavabdehin qeyd olunan hərəkətini də qanuni hesab edir. Belə ki, iddiaçı sübut kimi sadəcə ona məxsus ******* nömrəli əmək kitabçasını göstərmiş, məhkəməyə bundan başqa mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 01.01.2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiyanın təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26.09.2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də, əmək kitabçasıdır. Məhkəmə göstərir ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, hər bir zaman sübut kimi qəbul edilə bilməz. Çünki orada olan məlumatların həqiqiliyi tam təsdiq edilməlidir. Hazırki vəziyyətdə məhkəmə iddiaçının sübut kimi göstərdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı Kəlbəcər Rayon Dövlət Arxivinin 19.10.2021-ci il tarixli, 22 nömrəli məktubundan müəyyən olunmuşdur ki, Kəlbəcər rayon "xxxx" müəssisəsinin Arxivdə olan sənədləri 1993-1998 ci illəri əhatə edir. Müəssisənin 1998-2005-ci illəri əhatə edən əmr kitabları və 1999-2005 ci illərə dair əmək haqqı ödəniş cədvəlləri Arxivə təhvil verilməmişdir. Həmçinin 1998-ci ili əhatə edən əmək haqqı ödəniş cədvəllərində iddiaçının adı qeyd edilməmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan müəssisədə işləməsi sübut olunmur. Odur ki, məhkəmə əmək kitabçasında olan məlumatların düzgünlüyünə şübhə ilə yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmişdir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qərar isə əsaslı hesab edilə bilməz. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 18 saylı Regional ərazi filialına 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 18 saylı Regional ərazi filialına 1998-2005-ci il tarixlərdə işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar