Məhkəmə qərarları › İş №2-1(114)-2013/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2013/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2013/2024 26.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir şəhərində yerləşən 0.30 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokollarına (1 nömrəli və 2 nömrəli) əsasən “Qaryağdı” kooperativinə “Energetik” kooperativin cənub hissəsindən 0.30 ha, şimal hisssəsindən 0.30 ha torpaq sahəsi ayrılmışdır.

2. 24.05.2005-ci il tarixdə tərtib edilmiş aktda Şamxor rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 25 saylı protokolu əsasında Cəyir çayının sağ sahilindən “Qaryağdı” kooperativinə 0.60 ha torpaq sahəsinin ayrıldığı və hazırda “Qaryağdı” kooperativi üçün istehsal və xidmət məqsədi ilə ümumis ahəsi 250.6 kv.m olan binaların tikintisinin ba.şa çatdırıldığı və istifadəyə yararlı olduğu qeyd edilmişdir.

3. 14.08.2010-cu il tarixdə “Qaryağdı” kooperativin sədri X5, YAP Şəmkir rayon təşkilatının məsul katibi X9, Şəmkir şəhər sakinləri X6, X7 və X1 iştirakı ilə tərtib edilmiş akta əsasən “Qaryağdı” kooperativi bir neçə il bundan əvvəl öz fəaliyyətini dayandırdığına görə həmin kooperativə məxsus olan, bu günədək Salmanov Çərkəzin öhdəsində qorunub saxlanan və onun şəxsi vəsaiti hesabına yaranan bina, qurğu, həyətyanı torpaq sahəsi və texniki istehsal vasitələri xx.xx.2010-cu il tarixdən sahibkar (VÖEN **********) X4 verilmişdir.

4. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2011-ci il tarixdə tərtib edilmiş texniki pasportda həmin daşınmaz əmlakın torpaq sahəsinin torpaq ayırma üzrə sənədləri üzrə 3000 kv.m olduğu qeyd edilmişdir.

5. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********250100 nömrəli məktubundan görünür ki, uçot məlumatına əsasən “Qaryağdı” kooperativi vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmamışdır.

6. Ölüm haqqında AZ-İİ 380953 saylı şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023cü il tarixdə vəfat etmiş atası X2 qalan mirası qəbul etməsi barədə ərizə vermişdir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən “Qaryağdı” kooperativinin ünvan 1 ünvanında yerləşən 0.0252 ha torpaq sahəsi üzərində istifadə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 192.8 kv.m-dən ibarət qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciətinə həmin İdarənin xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli **********77-06301 reyestr nömrəli çıxarış əsasında hüquqi şəxs olan “Qaryağdı” kooperativinə məxsus Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin təsisçiləri X3 və digərlərinin adına qeydiyyatın aparılması notarial əqd əsasında mümkündür. Lakin iddiaçı tərəfindən təqdim edilən sənədlər araşdırılarkən “Qaryağdı” kooperativinin ləğv olunduğu və üzərində hər hansı bir notarial əməliyyatların aparılmasının mümkün olmadığı məlum olmuşdur. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında olan 0.30 ha torpaq sahəsinə, “Qaryağdı” koorperativinə istifadə hüququnun dövlət reyestr qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon Şəmkir şəhərinin qərb hissəsində 1988-ci ildən bəri Şəmkir rayon XDS İK-nin qərarı ilə “Qaryağdı” koorperativi yaratmışdır. “Qaryağdı” koorperativinin fəaliyyət göstərilməsi üçün Şəmkir şəhərinin Qərb hissəsində Cəyir çayının sağ tərəfində slöy adlanan yerdən (Şəmkir şəhəri, Hafiz Babşov küçəsi 11) kənd təsərrüfatına və başqa sahibkarlıq sahəsinə yararsız olan, zibillik kimi istifadə olunan ərazidən Şəmkir rayon XDS-nin xx.xx.1990-cı il 25 saylı qərarı ilə 0.30 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə görə istifadə hüququnun dövlət reyestr qeydiyyatına alınmaqla çıxarışın verilməsi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, ancaq sonuncu bundan imtina etmişdir. Əsaslandırma hissəsi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

14. İş materiallarından, o cümlədən işin müəyyən olunmuş hallarından məlum olur ki, Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokoluna əsasən “Qaryağdı” kooperativinə “Energetik” kooperativinin cənub hissəsindən 0.30 ha, şimal hissəsindən 0.30 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən “Qaryağdı” kooperativinin ünvan 1 ünvanında yerləşən 0.0252 ha torpaq sahəsi üzərində istifadə hüququ və 192.8 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı "Qaryağdı" kooperativinə ayrılmış 0.30 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına dair 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2017-ci il tarixli **********77-06301 reyestr nömrəli çıxarış əsasında hüquqi şəxs olan “Qaryağdı” kooperativinə məxsus Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin təsisçiləri X3 və digərlərinin adına qeydiyyatın aparılmasının notarial əqd əsasında mümkün olduğu, lakin iddiaçı tərəfindən təqdim edilən sənədlər araşdırılarkən “Qaryağdı” kooperativinin ləğv olunduğu və üzərində hər hansı bir notarial əməliyyatların aparılmasının mümkün olmadığının məlum olduğu bildirilərək, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Hazırda iddiaçı ünvan 2 ünvanında olan 0.30 ha torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.

16. Halbuki, sözügedən 0.30 ha torpaq sahəsi Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokoluna əsasən “Qaryağdı” kooperativinə ayrılmışdır.

17. İddiaçı isə “Qaryağdı” kooperativinə ayrılmış 0.30 ha torpaq sahəsi üzərində istifadə hüququnun həmin kooperativin adına deyil, onun adına qeydə alınmasını tələb edir ki, qanunvericiliyin tələblərinə əsasən bu mümkün deyil. Ona görə ki, əvvəla, iddiaçının həmin kooperativlə hər hansı bağlılığı (onun təsisçisi, rəhbəri və ya üzvü olması) müəyyən edilmir.

18. İkincisi, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, ölüm haqqında AZ-İİ 380953 saylı şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində vəfat etmiş atası X2 qalan mirası qəbul etməsi barədə ərizə vermişdir.

19. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən 0.30 ha torpaq sahəsi “Qaryağdı” kooperativinə ayrılmaqla onun istifadəsinə verildiyindən, hətta iddiaçının atası həmin kooperativin təsisçisi və rəhbəri olsa belə, həmin torpaq sahəsi (eyni zamanda kooperativin özü) X3 vəfatı ilə açılmış miras kütləsinə daxil olmadığından İddiaçı atasından qalan mirası qəbul etməsi ilə mülkiyyətinə keçməmişdir və iddiaçının həmin əsaslara istinadla hazırkı iddianı qaldırmağa hüquq olmamışdır.

20. Həmçinin, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********250100 nömrəli məktubu ilə müəyyən olunur ki, “Qaryağdı” kooperativi vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmamışdır. Bu səbəblə, kooperativ artıq ləğv olunduğundan və hüquqi şəxs olaraq mövcud olmadığından onun adına da qeydiyyatın aparılması mümkün deyil. Bu əsasla məhkəmə iddiaçının dinlənilməsi və bu barədə hüquqi yardım edilməsinə zərurət görməmişdir.

21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

22. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

23. Hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

24. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

25. Lakin yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, iddiaçının 0.30 ha torpaq sahəsi ilə bağlı tələb etmə hüququ mövcud deyildir.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüququnun mövcud olması müəyyən edilmədiyindən, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar