Məhkəmə qərarları › İş №2-1(114)-2015/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2015/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2015/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X4 və İddiaçı Cavabdehnə qarşı qeydiyyatın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi (oğlu) İddiaçı iştirakı ilə, İddiaçılar X4 və İddiaçı Cavabdehnə qarşı nikah və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçılar İddiaçı doğum haqqında akt qeydinin bərpası barədə Cavabdehnə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qelydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. İtmiş qeydlərin bərpası qeydiyyat orqanında tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

2. İddiaçılar X4 və İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 ilə X3 arasında bağlanmış nikahın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1957-ci il tarixdə 7 nömrə ilə qeydiyyata alınmasına dair Ermənistan SSR Vedi rayonu Şirazlı kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş ZJ seriyalı 277864 nömrəli nikah haqqında şəhadətnamədə, həmçinin Ermənistan SSR Vedi rayonu Şirazlı kənd sovetliyi tərəfindən xx.xx.1964-cü il tarixdə İddiaçı adına verilmiş l-ZJ seriyalı 774741 nömrəli doğum haqqında şəhadətnamədə "Qurbanəli" sözünün "Qurban" sözünə düzəldilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 1934-cü ildə Ermənistan SSR Vedi rayonunun Şirazlı kəndi doğulmuşdur. 1950-ci ildə X3 ilə evlənmiş, lakin nikah haqqında şəhadətnamədə ata adı səhvən “Qurbanəli” kimi qeyd olunmuşdur. Onların birgə nikahlarından xx.xx.1964-cü ildə İddiaçı doğulmuş, l-ZJ seriyalı 774741 nömrəli doğum haqqında şəhadətnamədə valideyn qrafasında ata adı “Qurbanəli” kimi qeyd olunmuşdur. Onlar qeyd olunan yanlışları öyrəndikdən sonra cavabdeh orqana müraciət etsələr də, onlara imtina cavabı verilmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

6. İddiaçı və digər iddiaçının nümayəndəsi (oğlu) İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçı və digər iddiaçının nümayəndəsi (oğlu) İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Sədrlik edənin təklifinə cavab olaraq bildirmişdir ki, onun atası ilə hüquqi marağı eyni olduğundan iddianı birgə qaldırmışlar və birgə baxılmasını istəyir.

9. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. İş materialları ilə, o cümlədən iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçılar nikah və doğum haqqında şəhadətnamələrdə düzəlişin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı verilmişdir.

13. Məhkəmə tərəfindən iddiaçının doğum haqqında akt qeydinin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verilmiş və Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubunda Ermənistan Respublikasının Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin Xidmətin arxivində saxlanılmadığı bildirilmişdir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bənd 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bənd 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

16. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydalarına görə, akt qeydi (doğum haqqında və ya nikah haqqında) itirilmişsə, həmin qeydin bərpası qeydin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda isə doğumu və ya nikahın bağlanmasının qeydə alınma faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əsasında bərpa edilir.

17. Yuxarıda adıçəkilən Əsas Müddəalara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2022-ci il tarixli 269 nömrəli qərarı ilə yeni məzmunda əlavə edilmiş 16- 1-ci bəndində isə xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda həmin akt qeydini qeydiyyat şöbəsinin bərpa edərək, müvafiq şəhadətnamə verməsi təsbit edilmişdir.

18. Hazırkı işdə iddiaçılar birgə iddia qaldıraraq, X1 Narxanım Bəhlul qızı arasında bağlanmış nikahın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1957-ci il tarixdə 7 nömrə ilə qeydiyyata alınmasına dair Ermənistan SSR Vedi rayonu Şirazlı kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş ZJ seriyalı 277864 nömrəli nikah haqqında şəhadətnamədə "Qurbanəli" sözünün "Qurban" sözünə düzəldilməsini, İddiaçı isə Ermənistan SSR Vedi rayonu Şirazlı kənd sovetliyi tərəfindən xx.xx.1964-cü il tarixdə İddiaçı adına verilmiş l-ZJ seriyalı 774741 nömrəli doğum haqqında şəhadətnamədə "Qurbanəli" sözünün "Qurban" sözünə düzəldilməsini xahiş etmişlər.

19. Halbuki, inzibati prosessual qanunvericilikdə prosessual həmiştirakçılığın əsasları qeyd edilmişdir və həmin əsaslar hazırkı işdə mövcud deyildir.

20. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər

21. İddiaçı və digər iddiaçının nümayəndəsi (oğlu) İddiaçı məhkəmə iclasında sədrlik edənin təklifinə cavab olaraq bildirmişdir ki, onun atası ilə hüquqi marağı eyni olduğundan iddianı birgə qaldırmışlar və birgə baxılmasını istəyir.

22. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

24. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar