Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2016/2024 28.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 6076/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı, X6, X9 və X1 ünvan 1 saylı mənzilə istifadə hüquqlarının tanınması qət edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, 2 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Gəncə şəhəri, Zərrabi küçəsi, ev 162 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
3. İddiaçı yuxarıda qeyd olunan sənədləri təqdim edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası X11 filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/1070/8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xüsusi mülklərin hüquqverici sənədləri və təsərrüfatbaşına kitablar X11 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmadı.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 210 nömrəli cavab məktubunda bildirilmişdir ki, tərəflərindən araşdırma aparılmış və İddiaçı ailə üzvləri ilə birlikdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin 86 nömrəli təsərrüfat kitabında qeydiyyatda olduqları müəyyən edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə X6 ilə birgə el adəti ilə ailə həyatı qurmuş və birgə nikahlarını 10 avqust 1994-cü ildə rəsmləşdirmişlər. O, ailə həyatı qurduqda Gəncə şəhəri, ünvan 3 ünvana gəlin köçmüşdür. Birgə nikahlarından X9 və X4 adlı iki övladları həmin ünvanda anadan olmuş və həmin ünvanda böyüyüb boya-başa çatmışlar. Hal-hazırda Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il 2(044)-6076/18 saylı qətnaməsi ilə o və ailə üzvülərinin ünvan 5 ünvandan istifadə hüquqları tanınmış və həmin ünvanda qeydiyyatdadırlar. O və ailə üzvüləri 32 ilə yaxındır ki, Gəncə şəhəri, ünvan 3 ünvanda yaşamaqla yanaşı həmin mənzildə kominal xərclər (qaz, işiq və su pulu) ailə üzvülərinin adına qeydiyyata alınaraq tərəflərindən ödənilir. İddiaçı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciətinə baxılmışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(044)-6076/18 saylı qətnaməsində Ərazi İdarəsinin üzərinə hərhansı bir öhdəlik qoyulmadığı və əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə əmlaka dair hüquqverici sənədlərin əlavə edilmədiyi aşkar edilmiş, bu səbəbdən ərizəsinin icrası mümkün olmadığından ərizənin icrasından imtina edilmişdir. Onu da qeyd edir ki, həmin ünvanda qonşuluqda yerləşən bütün evlər özəlləşdirilmişdir. Bu barədə aidiyati üzrə dövlət orqanlarına müraciət etsə də onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır və o, get-gələ salınaraq konstitusion hüquqları pozulur. Bir vətəndaş olaraq çox narahatdır. Ona görə də, yeganə ümid yeri olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
10. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
11. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-6076/2018 nömrəli qətnaməsində Ərazi İdarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmadığı və əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı ərizəyə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi aşkar edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-6076/18 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı, X6, X8 və X1 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi 162 saylı mənzilə istifadə hüquqlarının tanınmağı qət edilmişdir. Qeyd olunan qərar Ərazi İdarəsinə rəsmi olaraq göndərilməmişdir. Aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən bələdiyyə mülkiyyəti olmaqla yaşayış məntəqələrinə aid torpağa düşdüyü, həmçinin "A" tikilisinin bir hissəsinin X3 və X7 məxsus olan **********83-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. Məlumat üçün bildirirlər ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X2 və X5 adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********83-10301 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0354/2024 nömrəli cavab məktubu ünvanlanmışdır.
12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar teatrda işlədikləri üçün həmin ev sığınacaq kimi onlara verilmiş, lakin evə dair hər hansı sənəd verilməmişdir. Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
16. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı yuxarıda qeyd olunan sənədləri təqdim edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
17. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
18. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
19. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli fərdi yaşayış evinin onun adına qeydə alınması üçün həmin evə dair hüququ olmalıdır ki, cavabdeh orqanın qeydiyyatın aparılmasından imtina etməsi nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
20. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
21. İddiaçı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 6076/2018 nömrəli qətnaməsi ilə onun və ailə üzvlərinin ünvan 1 saylı mənzilə istifadə hüquqlarının tanınması əsas gətirərək, həmin mənzilin ona məxsus olmasını iddia etmişdir.
22. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-6076/2018 nömrəli qətnaməsi mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilmir.
23. Göründüyü kimi, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə dair İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
24. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
25. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.
26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən fərdi yaşayış evinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
29. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva