Məhkəmə qərarları › İş №2-1(114)-2017/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2017/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2017/2023 14.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi Tərtər rayonu M.Ə.Sabir adına Narçılıq sovxozunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Azərbaycan SSR XT Nazirliyi Mirbəşir PX TŞ Gənc Təbiətçilər sanatoriyasının Hüsənli kənd orta məktəbi nəzdindəki qrupda dərnək rəhbəri, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi Hüsənli kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi Tərtər rayonu M.Ə.Sabir adına Narçılıq sovxozunda işləməsi Arxiv arayışı ilə xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Azərbaycan SSR XT Nazirliyi Mirbəşir PX TŞ Gənc Təbiətçilər sanatoriyasının Hüsənli kənd orta məktəbi nəzdindəki qrupda dərnək rəhbəri, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi Hüsənli kənd orta məktəbində müəllim işləməsi isə əmək kitabçası ilə öz təsdiqini tapır. Lakin buna baxmayaraq cavabdeh orqan onun müraciətinə imtina cavabı vermişdir. Cavabdehin iddiası əsassız olduğundan iddia tələbi təmin olunmalıdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağının əmək pensiyasının təyin edilməsi olduğundan, pensiya təyinatı sahəsində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli struktur bölməsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olduğu üçün iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı şəklində qeyd edilməli olduğu, həmçinin iddia ərizəsinə əlavə etdiyi materiallarda cavabdeh inzibati orqana müraciəti və müraciətin təmin edilməsindən imtina edilməsi (və ya hərəkətsizlik göstərilməsi) barədə yazılı sənədin mövcud olmadığı bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

5. xx.xx.2023-cü il tarixdə iddiaçının dəqiqləşmiş iddia ərizəsi məhkəməyə daxil olmuş və ilkin iddia ərizəsində yol verdiyi formal xətanı aradan qaldırmaqla, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmişdir.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi Tərtər rayonu M.Ə.Sabir adına Narçılıq sovxozunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1992ci il tarixə kimi Azərbaycan SSR XT Nazirliyi Mirbəşir PX TŞ Gənc Təbiətçilər sanatoriyasının Hüsənli kənd orta məktəbi nəzdindəki qrupda dərnək rəhbəri, xx.xx.1992ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi Hüsənli kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulmasına qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

10. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlansa da, cavabdeh inzibati orqana müraciət və müraciətin təmin edilməsindən imtina edilməsi (və ya hərəkətsizlik göstərilməsi) barədə yazılı sənəd ərizəyə əlavə olunmamış, iddiaçı ərizədə təqdim etdiyi materiallara inzibati orqana müraciəti və bundan imtina edilməsi barədə yazılı sənədin (imtina) əlavə edildiyi, bu barədə iddia ərizəsinə əlavə edilmiş sənədlər barədə qoşmada da qeydiyyat aparıldığını bildirmişdir.

11. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında imtina məktubunun adı qeyd edilsə də, zərf açılarkən həmin məktub materiallarda mövcud olmamış və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir.

12. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

13. Belə ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə belə bir imtina mövcud deyildir.

14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar