Məhkəmə qərarları › İş №2-1(114)-2018/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2018/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2018/2023 22.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 1971-1972-ci illər ərzində (2 il) Tərtər rayonun «Frunze» adına kolxozunda ictimai üzvlüklə kolxozçu, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (1 il 9 ay 24 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon işlədiyi müddətin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 19 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (1 ay 9 gün) 16 №-li X10 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 25 gün) Xarkov şəhəri Malışev adına zavodun filialında akkumlyatorçu, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 23 gün) 16 №-li X10 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 12 gün) X7 rayon Komitəsində sürücü, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək (11 il 9 ay 18 gün) Tərtər Rayon Maddi X2 İstehsalat Birliyində sürücü, xx.xx.1991-ci ildən xx.xx.2010-cu ilədək isə (19 il 2 ay 28 gün) Tərtər Rayon Sərbəst X4 Müəssisəsində sürücü işlədiyi müddətin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 34 (otuz dörd) il 4 (dörd) ay 25 gün ümumi iş (sığorta) stajına malik olmağı və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək dövlət sosial sığorta ödənişləri etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı oldugu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı ildə anadan olmuş, əmək fəaliyyətinə 1971-ci ildə başlamışdır. Belə ki, 1971-1972-ci illər ərzində (2 il) Tərtər rayonun «Frunze» adına kolxozda ictimai üzvlüklə kolxozçu işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (1 il 9 ay 24 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 19 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (1 ay 9 gün) 16 №-li X10 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 25 gün) Xarkov şəhəri Malışev adına zavodun filialında akkumlyatorçu, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 23 gün) 16 №-li X10 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 12 gün) X7 rayon Komitəsində sürücü, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək (11 il 9 ay 18 gün) Tərtər Rayon Maddi X2 İstehsalat Birliyində sürücü, xx.xx.1991-ci ildən xx.xx.2010-cu ilədək isə (19 il 2 ay 28 gün) Tərtər Rayon Sərbəst X4 Müəssisəsində sürücü işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 34 il 4 ay 25 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini xx.xx.2022-ci il tarixdə cavabdehə göndərərək xx.xx.2021-ci ildə 65 yaşına çatmağını, xx.xx.2006-cı ilədək 34 il 4 ay 25 gün iş (sığorta) stajına malik və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək dövlət sosial sığorta ödənişləri etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı oldugu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəyə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-H-20041/2023№-li məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadıgı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X4 Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1997-ci ildən sonra idarə özəlləşməyə çıxarıldığına görə əmək haqqı almamışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı hərbi xidmət dövrü də daxil olmaqla 17 il 21 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı isə xx.xx.1991-ci il tarixdən xx.xx.2010cu il (18 il 2 ay 24 gün) tarixədək olan dövrdür. İddiaçının mübahisələndirilən dövrlərdə əmək haqqı aldığı xx.xx.2021-ci il tarixli akta əsasən "X1" ASC-də keçirilmiş qarşılıqlı yoxlama zamanı müəyyən edilmir. Əmək haqqının olmaması o deməkdir ki, müvafiq dövrlərdə iddiaçının gəlirindən məcburi dövlət sosial sığortasına cəlb ediləcək hər hansı bir gəliri olmamış və eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalı mövcud deyildir. Sığortaolunanın işlədiyi illərinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. İddiaçının mübahisələndirilən dövrlərdə əməkhaqqı aldığı müəyyən edilməməklə yanaşı xx.xx.2006cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı da qeydə alınmamışdır. Qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmış vətəndaşlara pensiya yaşına xx.xx.2019-cu il tarixdən sonra çatdığı təqdirdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilir. Beləliklə İddiaçı pensiya təyinatına imkan verən 25 il sığorta stajı qarşılığında 17 il 21 gün gün sığorta stajının mövcud olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 600 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1991-ci il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləmişdir. -surəti işə əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X4 Müəssisəsində sürücü işləmişdir. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-20044/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. -Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli məktubundan görünür ki, Tərtər rayon Sərbəst X4 Müəssisəsinin əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı X4 Müəssisəsində 1991-ci ilin aprel-iyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı almış,1993-1995 və 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı almamış, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olmuş, digər illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları tapılmadığı üçün həmin dövləri yoxlamaq mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı iş stajını təsdiq edən sənədlərlə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğuna, eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalı mövcud olmadığına görə ona pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı hərbi xidmət dövrü də daxil olmaqla 17 il 21 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı isə xx.xx.1991-ci il tarixdən xx.xx.2010cu il (18 il 2 ay 24 gün) tarixədək olan dövrdür. Qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X4 Müəssisəsində sürücü işləməsi qeyd olunsa da, işə əlavə edilmiş müvafiq aktda onun 1991-ci ilin aprel-iyun və oktyabrdekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyulavqust, oktyabr və dekabr aylarında əmək haqqı alması, 1993-1995 və 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı almaması, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olması müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən verilmiş aidiyyəti sorğulara cavablar nəticəsində həmin müəssisənin əmr kitabları və əmək haqqı sənədlərinin rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı özü məhkəmə iclasında 1997-ci ildən sonra idarə özəlləşməyə çıxarıldığına görə əmək haqqı almadığını etiraf etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə cəmi 14 ay (1 il 2 ay) əmək haqqı almışdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bu səbəbdən də onun əmək haqqı almadığı dövlər onun sosial sığorta stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.1956-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 17 il 21 gün sığorta stajı və məhkəmə tərəfindən müəyyən olunan 1 il 2 ay müddət də nəzərə alındıqda ümumilikdə 18 il 2 ay 21 gün sığorta stajının olması müəyyən olunur. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə təqribən 18 il 2 ay 21 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar