Məhkəmə qərarları › İş №2-1(114)-2018/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2018/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2018/2024 13.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı səbəb əlaqənin dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı səbəb əlaqənin dəyişdirilməsi tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ərizə ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Aprel döyüşlərində və Vətənə xidmətlərinə görə, Cənab Ali Baş Komandandan şəxsi təşəkkür almağını nəzərə alaraq, Mərkəzi Həkim Komissiyasının çıxartdığı qərarın ləğv edilməsi, döyüşdə yaralanıb əlil olduğu üçün səbəb əlaqəsini dəyişərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib yaralanmağı sözü ilə əvəz edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayon, Otuzikilər kənd sakini SHXÇDX-nin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2016-cı il Tərtər istiqamətində gedən aprel döyüşlərində iştirak etmişdir. Onun yanına minamyot mərmisi düşməsi nəticəsində aprel 1-i gecə ayaqlarından ağır yaralanmışdır. Orda ilk tibbi yardım göstərildikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına göndərilmişdir. Orada müalicə aldığı zaman Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənabları aprel ayının 5-i günorta saatlarında X1 gəlmiş, onunla görüşmüş və demişdir ki, “Siz Dövlətin diqqətisindəsiniz, Vətənə, torpağa, millətə və Azərbaycan dövlətinə xidmət etmisiniz. İnşallah ki, sizi yaxşı müalicə edəcəklər, müalicə aldıqdan sonra aylıq təqaüd kəsəcəklər”. xx.xx.2017-ci il tarixdə yaralanmağı ilə əlaqədar ona beş illik (əyani müayinədən sonra) 2-ci dərəcəli əlillik təyin etmişdirlər. Hərbi Həkim Komissiyasının verdiyi qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi zaman düşmən tərəfindən atılmış minaatan mərmisi partlaması nəticəsində yaralanmışdır. Beş il tamam olduqdan sonra xx.xx.2022-ci il tarixdə əlilliyi dayandırılmışdır. İki ay sonra forma-88 sistemə vurulub natamam, tamamlanmamış imtina cavabı gəlmişdir. Bu hallar 3, 4 dəfə təkrar olunmuşdur. Forma-88 sonuncu dəfə vurulduqdan sonra ona 3-cü dərəcəli iki illik xidməti dövrü ilə əlaqədar mülki əlillik təyin olunmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, əvvəla ərizə imzalanmamışdır. İkincisi, məhkəməyə müraciət ərizə formasında deyil, iddia ərizəsi formasında olmalı (ərizənin başlığında iddia ərizəsi qeyd edilməli), iddia ərizəsində tələbin yönəldiyi cavabdeh orqanın adı və hüquqi ünvanı qeyd edilməlidir. Həmçinin, iddia tələbi konkret və dəqiq deyil. Belə ki, iddia tələbi qanunun tələbinə uyğun olaraq qeyd edilməlidir.Bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir.

5. Həmin sərəncamdan sonra iddiaçının xx.xx.2024-cü il tarixdə ərizəsi məhkəməyə daxil olmuş, Lakin yenə də həmin ərizə imzalanmamış və cavabdeh orqanın adı düzgün qeyd edilməmişdir.

6. Bu səbəbdən iddiaçıya xx.xx.2024-cü il tarixdə yenidən sərəncam göndərilərək, ərizənin imzalanmadığı və cavabdeh orqanın adının düzgün qeyd edilmədiyi, həmçinin, iddia tələbinin konkret və dəqiq olmadığı, hüquqi marağı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı qərarın (əlilliyin səbəbli əlaqəsinin) dəyişdirilməsinə yönəldiyi təqdirdə, tələbin həmin şəkildə qeyd edilməli olması, bu halda iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi olduğundan iddia ərizəsində cavabdeh qismində həmin orqanın qeyd edilməli olması və iddia ərizəsinin imzalanmaqla məhkəməyə təqdim edilməli olması bildirilmiş və qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilməklə, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddiasının mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

9. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 46.1.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizə imzalanmamış, məhkəməyə müraciət iddia ərizəsi deyil, ərizə formasında verilmiş, tələbin yönəldiyi cavabdeh orqanın adı və hüquqi ünvanı qeyd edilməmiş, habelə tələb anlaşılmayan şəkildə göstərilmişdir.

10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bu hallar onun diqqətinə çatdırılmış və xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir.

11. Həmin sərəncamdan sonra iddiaçının xx.xx.2024-cü il tarixdə ərizəsi məhkəməyə daxil olmuş, lakin yenə də həmin ərizə imzalanmamış və cavabdeh orqanın adı düzgün qeyd edilməmişdir.

12. Bu səbəbdən iddiaçıya xx.xx.2024-cü il tarixdə yenidən sərəncam göndərilərək, ərizənin imzalanmadığı və cavabdeh orqanın adının düzgün qeyd edilmədiyi, həmçinin, iddia tələbinin konkret və dəqiq olmadığı, hüquqi marağı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı qərarın (əlilliyin səbəbli əlaqəsinin) dəyişdirilməsinə yönəldiyi təqdirdə, tələbin həmin şəkildə qeyd edilməli olması, bu halda iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi olduğundan iddia ərizəsində cavabdeh qismində həmin orqanın qeyd edilməli olması və iddia ərizəsinin imzalanmaqla məhkəməyə təqdim edilməli olması bildirilmiş və qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilməklə, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddiasının mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir

13. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışdır.

14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

15. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar